EN

GÜNDƏM: Prezident İlham Əliyev “MAN Truck&Bus” şirkətinin baş direktorunu qəbul etdi: Azərbaycanda güzəştli ipoteka kreditləri, bələdiyyələrə qrantlar və yeni rüsumlar müəyyən edilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də “MAN Truck&Bus” şirkətinin baş direktoru Aleksandr Vlaskampı qəbul edib.

Fins.az xəbər verir ki, COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı təbriklərini çatdıran qonaq bunun çox önəmli bir tədbir olduğunu vurğuladı.

Aleksandr Vlaskamp COP29-da nəqliyyat sahəsinin də mühüm amil olduğunu deyərək, bu istiqamətdə Azərbaycanla əməkdaşlığın önəminə toxundu.

Dövlətimizin başçısı qeyd etdi ki, COP29-a hazırlıq işləri artıq son mərhələdədir. Prezident İlham Əliyev vurğuladı ki, ölkəmizdə bu işlərə bir ildən də az vaxt olmasına baxmayaraq, Azərbaycan COP29-un yüksək səviyyədə keçirilməsi üçün səylərini əsirgəmir. Dövlətimizin başçısı COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı 198 ölkənin yekdil dəstəyini yüksək qiymətləndirərək bu cür tədbirin regionda birinci dəfə ölkəmizdə təşkil edilməsinin böyük önəm daşıdığını qeyd etdi.

Prezident İlham Əliyev Azərbaycanda yaşıl və bərpaolunan enerjiyə keçid istiqamətində böyük işlərin görüldüyünü və artıq bir sıra mühüm layihələrin reallaşdırıldığını bildirdi.

Dövlətimizin başçısı ölkəmizdə nəqliyyat sisteminin də səmərəli fəaliyyəti üçün tədbirlər görüldüyünü dedi və bu baxımdan “MAN Truck&Bus” şirkəti ilə əməkdaşlığın əhəmiyyətinə toxundu.

Görüşdə ölkəmizlə “MAN Truck&Bus” şirkəti arasında potensial əməkdaşlıq imkanları ilə bağlı müzakirələrin aparılmasından məmnunluq ifadə edildi, şirkətin Azərbaycanda fəaliyyətinə dair fikir mübadiləsi aparıldı. Bu şirkətin istehsalı olan çox sayda texnikanın ölkəmizdə istifadə edildiyi bildirildi. Azərbaycanın artan sosial-iqtisadi potensialı və ehtiyacları nəzərə alınaraq şirkətin məhsullarının alınması ilə yanaşı, ölkəmizdə yerli istehsal imkanları da müzakirə olundu və bunun üçün vahid işçi qrupu çərçivəsində araşdırmaların həyata keçirilməsi barədə razılıq əldə edildi.

* * *

Minatəmizləyənlərin kifayət qədər məsuliyyətli və şərəfli iş həyata keçirdiklərini nəzərə alaraq, təklif edirəm ki, onlara da güzəştli ipoteka kreditlərindən istifadə imkanı verilsin.

Fins.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov deyib.
O qeyd edib ki, son illər Azərbaycanda güzəştli ipoteka kreditlərindən istifadə imkanlarının kateqoriyası genişlənir və xeyli vətəndaşımızı əhatə edir.

“Bunu nəzərə alsaq, “Minatəmizləmə haqqında” qanunun qəbulundan sonra konseptual olaraq minatəmizləyənlərin də bu siyahıya əlavə olunması daha məqsədəuyğun olar. Nəzərə alsaq ki, minatəmizləyənlərin fəaliyyəti kifayət qədər risklidir və qanun layihəsi də “Əmək pensiyaları haqqında” qanuna istinad edir, təklif etmək istərdim ki, “Əmək pensiyaları haqqında” qanuna uyğun olaraq minatəmizləyənlər üçün də güzəştli şərtlərlə pensiyaya çıxmaq təmin olunsun. Bu, onların daha tez, yəni, güzəştli şərltərlə pensiyaya çıxmasını təmin edə bilər”, - deyə o bildirib.

* * *

Bələdiyyələr qrant ala biləcək.

Fins.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qrant haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, qanuna qrant sözü də əlavə edilir. Dəyişiklik bələdiyyələrin maliyyə resurslarına çıxışının artırılması məqsədilə onlara qrant verilməsinin hüquqi əsaslarının yaradılması və tənzimlənməsi məqsədilə hazırlanıb.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

* * *

Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması zamanı reyestrə daxil edilən bildirişdə göstərilən məlumatların əhatə dairəsi genişləndirilir.

Fins.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Daşınar əmlakın yüklülüyü haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, həmin məlumatların sırasına daşınar əmlakın seriya nömrəsi də əlavə olunur.

Daşınar əmlakın seriya nömrəsi istehlakçı tərəfindən əmlaka tətbiq edilən hərf, rəqəm və ya onların kombinasiyasından ibarət eyniləşdirmə nömrəsidir.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

* * *

Azərbaycanda yeni rüsumlar müəyyən edilir.

Fins.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, arbitraja münasibətdə yardım funksiyalarının yerinə yetirilməsi ilə bağlı ərizənin verilməsinə görə 100 manat, müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı ərizənin verilməsinə görə 50 manat, Arbitraj məhkəmələrinin qərarlarının ləğv edilməsi ilə bağlı ərizənin verilməsinə görə 100 manat, yerli arbitraj məhkəmələrinin qərarlarının məcburi icrasının təmin edilməsi ilə bağlı ərizənin verilməsinə görə 50 manat rüsum müəyyən edilir.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Chosen
10
fins.az

1Sources