EN

COP29 Azərbaycan Əməliyyat Şirkəti media üçün seminar keçirib

Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 21-də COP29 Azərbaycan Əməliyyat Şirkəti və “Coca-Cola Azerbaijan” şirkətinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün "Ətraf mühit, sosial və idarəetmə (ESG) hesabatlarının tərifi və təhlili" mövzusunda seminar keçirilib.

COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat xidmətindən hafta.az-a verilən xəbərə görə, seminar dayanıqlı inkişaf fonunda Ətraf mühit, sosial və idarəetmə (ESG) hesabatlarının əhəmiyyətinə artan diqqət nəzərə alınaraq, bu mövzunun əhatəli şəkildə tərifi və təhlili, işıqlandırılması və ictimaiyyətə açıqlanması üçün media nümayəndələrinin müvafiq biliklərlə təmin edilməsi, bu sahədə məlumatlılığının artırılması və praktiki təhlil metodlarının mənimsənilməsinə dəstək verilməsi məqsədi daşıyıb.

Tədbirin açılışında COP29 Azərbaycan Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf və “Coca-Cola Azerbaijan” şirkətinin Avrasiya və Yaxın Şərq üzrə ictimai əlaqələr, kommunikasiya və dayanıqlılıq üzrə baş direktoru Elşad Fərzəliyev salamlama nitqləri ilə çıxış ediblər. Qeyd edilib ki, dayanıqlılıq mövzuları ilə bağlı ictimai diskursun formalaşmasında media mühüm rola malikdir. Jurnalistlərin bu hesabatlara dair tələb olunan biliklərə sahib olması geniş ictimaiyyətə dayanıqlılıq təcrübələri haqqında daha dəqiq və təsirli məlumatların çatdırması baxımından mühüm əhəmiyyət daşıyır.
Seminarda ilk təqdimatla çıxış edən “Harward Business Review Türkiye” jurnalının baş redaktoru Serdar Turan biznes mühitində əhəmiyyətli dəyişikliklərin hərtərəfli icmalı və dayanıqlılığın bu dəyişikliklərin formalaşdırılmasında rolu barədə bəhs edib. O, həmçinin, Qərb jurnalistika standartlarına uyğun olaraq xəbərlərin yazılması və strukturlaşdırılması, xəbər istehlakı üçün vərdişlərin dəyişdirilməsi, ənənəvi və rəqəmsal xəbər strategiyaları və baxış bucağının qəbulu mövzularına toxunub. Sonra E. Fərzəliyev “Coca Cola Azerbaijan” şirkətinin dayanıqlılıq siyasəti və təcrübələri nümunəsində daha yaxşı gələcək üçün tələb olunan həllər ətrafında danışıb. Seminarın davamında çıxış edən “PwC Azerbaijan” şirkətinin aparıcı mütəxəssisləri hüquq, dayanıqlı inkişaf və ESG üzrə baş hüquq meneceri Leyla Sadıxova və audit və mühasibatlıq uçotu üzrə məsləhət xidmətlərinin baş meneceri Günay Əsgərova isə seminar iştirakçılarını ESG hesabatlarının oxunması və təhlili, Azərbaycan ESG-nin hüquqi çərçivəsi mövzularında məlumatlandırıblar.

Seminar çərçivəsində COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən brifinq sessiyası təşkil edilib. Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü İsmayıl İsayev, müyəssərlik şöbəsinin müdiri Kamal Məmmədov, ziyarətçi təcrübəsi sektorunun müdiri İlkin Cavadov, nəqliyyat departamentinin direktoru Orxan Mahmudlu, media əməliyyatları departamentinin direktoru Pirim Pirimov təqdimatlarla çıxış edərək COP29 əməliyyatları və hazırlıq prosesi, konfrans və media xidmətləri, ziyarətçi təcrübəsi və qonaqlama imkanları, nəqliyyat, iaşə və digər xidmətlər ətrafında iştirakçıları məlumatlandırıblar.

Chosen
9
3
hafta.az

4Sources