EN

Hamı üçün məqbul yol:Evlərin qeydiyyat forması dəyişə bilər

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 269 702 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.

"Cebheinfo.az" İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,8 % azdır. 9 aylıq göstəricinin 44 462-si (16,5 %) ilkin, 225 240-ı isə (83,5 %) isə təkrar qeydiyyatın payına düşüb. Mülkiyyət hüququ qeydiyyata alınan əmlaklardan 45 422-si fərdi yaşayış və bağ evi, 62 167-i mənzil, 152 594-ü torpaq sahəsi, 2 534-ü qeyri-yaşayış binası, 6 350-si qeyri-yaşayış sahəsi, 597-si əmlak kompleksi, 38-i isə çoxmərtəbəli yaşayış binasıdır. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlakların 71 843-ü Bakının, qalanı isə bölgələrin payına düşüb. Hesabat dövründə 203 056 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,35 % azdır. Son 1 ildə qeydiyyata alınmış ipoteka müqavilələrinin sayı isə 7,6 % azalaraq 56 730 olub.

Maraqlıdır, Azərbaycanda daşınmaz əmlakın dövlət qeydiyyatının 28 %-ə yaxın azalmasına səbəb nədir?

Məsələ ilə bağlı iqtisadçı-alim Vüqar Qocayev “Cebheinfo.az”-a açıqlamasında deyib ki, evlərin sənədləşdirilməsi olduqca çətindir:

“Ölkəmizdə sənədsiz evlər və ümumilikdə daşınmaz əmlak ən problemli məsələlərdən biridir. Belə ki, bir evi sənədləşdirmək üçün bir neçə il və hətta daha artıq zaman tələb olunur. Çünki evin sənədləşdirmə prosesi çox qəlizdir. O səbəbdən də evlərin qeydiyyata alınma prosesi azalır. Əgər daşınmaz əmlakın dövlət qeydiyyatına alınmasının istəyiriksə, o zaman müəyyən güzəşt və əmlak amnistiyası tətbiq edilməlidir”. O qeyd edib ki, bəzi evlərin heç bir sənədi olmadığından, onların qeydiyyata alınması çətindir: “Lakin heç bir sənədi olmayan əmlakı qeydiyyatdan keçirmək üçün digər üsullar olmalıdır. Hansı əmlakı hansı formada qeydiyyata almaq üçün aidiyyəti qurumlar müxtəlif üslublar üzərində işləməlidirlər. Misal üçün, əmlak elektrik enerjisi abonenti kimi qeydiyyata salına bilər. Bəllidir ki, istənilən bir yaşayış yerində elektrik var.

Qaz xətti olmasa da, hətta su xətti də dolayı yolla çəkilə bilər, amma elektrik enerjisi hər yerdə var. Sonrakı mərhələdə mövcud olan hər hansı bir sənəd nəzərə alına bilər. Bu, Sovet hökuməti vaxtında verilmiş hər hansı qərar, sərəncam, kooperativ sənəd, bələdiyyə sənədi və s. ola bilər. Yəni bu işlər ikinci dərəcəlidir. Amma mütləq nəzərə alınmalıdır. Çünki bələdiyyədə dövlət orqanı hesab olunduğundan onlarında verdiyi sənədin hüquqi əsasları olmalıdır”.

V.Qocayev təklif edir ki, kəndlərdə və həmçinin kənd təsərrüfatı təyinatlı torpaqlarda evlər tikildiyi üçün onlarla bağlı da müvafiq qərar olmalıdır:

“Onların təyinatı dəyişdirilib qeydiyyata alınmalıdır”.

Chosen
10
cebheinfo.az

1Sources