EN

Deputat təsdiqlədi: Qərbi Azərbaycan Mühacirət Hökuməti yaradılacaq

Ermənistandan deportasiya edilmiş azərbaycanlıların hüquqlarının bərpası və öz yurdlarına qaytarılması istiqamətində növbəti addım atılıb.

Milli Məclisdə Qərbi Azərbaycana qayıdış üzrə təşəbbüs qrupu yaradılıb. Qərbi Azərbaycan İcması Milli Məclisin sədri Sahibə Qafarovaya müraciət ünvanlayıb. Məktubda Azərbaycan Milli Məclisində Qərbi Azərbaycana qayıdış məsələləri üzrə qurumun yaradılması təklifi irəli sürülür.

Bildirilir ki, parlamentdə belə bir qurumun yaradılması, ilk növbədə sözügedən məsələ ilə bağlı ölkədəki konsensusu nümayiş etdirəcək, həmçinin Qərbi Azərbaycan məsələsinin qanunvericilik aspektləri ilə yanaşı, parlament diplomatiyası xətti ilə də effektiv şəkildə davam etdirilməsinə imkan verəcək. Milli Məclisinin sədri Sahibə Qafarovanın sərəncamına əsasən, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların doğma torpaqlarına qayıtmaq hüququnun gerçəkləşməsinə dəstək vermək məqsədilə parlamentdə deputat Əziz Ələkbərovun rəhbərliyi ilə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılıb. Sərəncamda Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun vəzifə və səlahiyyətləri öz əksini tapıb.

Qeyd edək ki, son vaxtlara qədər daha çox qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərən Qərbi Azərbaycan İcması öz tarixi torpaqlarına qayıdış hüquqları ilə bağlı daha çox ictimai səviyyədə təbliğat aparıb. Lakin bundan sonra icmanın ali qanunverici orqanda təmsil olunması bu məsələnin beynəlxalq müzakirəyə çıxarılması baxımından, onlara siyasi mandat verəcək. Ona görə də bu qərarın qəbulu Qərbi azərbaycanlıların yurd-yuvalarına qayıtması, onların hüquqlarının bərpası, Ermənistanın monoetnik siyasətinin dünyaya çatıdırlması yolunda mühüm addım hesab edilir. Bu, həmçinin Qərbi Azərbaycana qayıdış məsələsinin dünya ölkələrinə və beynəlxalq təşkilatlara çatdırılması məqsədilə parlament diplomatiyasının aparılmasına təkan verəcək.

Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının üzvü Hikmət Babaoğlu “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, deportasiyaya məruz qalmış 300 min azərbaycanlının öz tarixi torpaqlarına qaytarılmasını təmin etmək üçün təşkilatlanma işi icma səviyyəsindən siyasi qurumlar səviyyəsinə qaldırılacaq:

“Qərbi Azərbaycana qayıdış bu gün Azərbaycan xalqının qarşısında duran mühüm milli vəzifələrdən biridir. Qərbi Azərbaycana qayıdış sülh konsepsiyasıdır. Yəni Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına sülh yolu ilə qayıtmasını nəzərdə tutur. Bu, eyni zamanda beynəlxalq hüquqa uyğundur. Çünki beynəlxalq hüquqda insanın təməl haqlarından biri onun doğulduğu torpaqlarda yaşamaq hüququdur. Azərbaycan dövlətinin yeni reallıqlar yaratmasından sonra məcburi köçkünlərimiz öz dədə-baba yurdlarına qayıtmağa başlayıb. Bundan sonra Qərbi azərbaycanlıların da öz torpaqlarına qayıtması üçün yeni imkanlar və perspektivlər yarandı. Dünya nə qədər göz yumsa da, 300 mindən artıq Qərbi azərbaycanlının hüquqlarının tapdalanmasını dillərinə gətirməsələr də, onlar öz torpaqlarına qayıtmalı və öz hüquqlarını bərpa etməlidirlər. Qərbi azərbaycanlılar özlərinin siyasi, əmlak, dil, mədəni hüquqlarını bərpa etməli, əcdadlarımızın bizə miras qoyduğu milli-mənəvi dəyərlər üzərində öz tarixi vətənlərində yenidən yaşamalıdırlar. Azərbaycan Prezidenti bu istiqamətdə görülən işlərə mühüm dəstək verir. Bu vaxta qədər Qərbə Azərbaycan İcması daha çox qeyri-hökumət təşkilatı statusunda fəaliyyət göstərirdi.

Ancaq Azərbaycan Respublikası Milli Məclisinin sədri xanım Sahibə Qafarovanın parlamentdə Qərbi Azərbaycana qayıdışla bağlı xüsusi komissiya yaratması bu prosesin həyata keçirilməsində əhəmiyyətli hadisədir. Yəni Qərbi Azərbaycana dönüşlə bağlı xalqımızın mübarizəsi institusional səviyyəyə qalxdı. Bu komissiya Qərbi Azərbaycan Mühacirət Hökumətinin yaradılması məsələsini nəzərdən keçirəcək. Bu da növbəti mərhələdə Ermənistana qayıdışımızla bağlı daha mütəşəkkil mübarizə üçün imkanlar və şərtlər yaradacaq. Ona görə də hesab edirəm ki, bu vacib addım Qərbi Azərbaycana qayıdışla bağlı həm Azərbaycanın mövqeyinin başa düşülməsinin, həm də bu məsələdə xalqımızın ciddi olmasının göstəricisidir. Çünki parlament xalq tərəfindən seçilmiş nümayəndələrin təmsil olunduğu hakimiyyət orqanıdır. Qərbi Azərbaycana qayıdışla bağlı xalqın iradəsi də əslində, parlamentə daşınmış olur”.

Chosen
9
cebheinfo.az

1Sources