EN

ADPU və Rəssamlıq Akademiyası yağışla bağlı yaranan vəziyyətə aydınlıq gətirib

 

Azərbaycan Dövlət Pedaqoji Universiteti və Rəssamlıq Akademiyasından yağışlı hava şəraiti ilə əlaqədar yaranan vəziyyətə aydınlıq gətirilib.

ADPU-dan TƏHSİL.BİZ -in sorğusuna cavab olaraq bildirilib ki, universitetin III tədris binasında auditoriyaya su damması güclü yağış səbəbindən baş verib və sözügedən tədris korpusunun yerləşdiyi bina köhnə olduğundan bu kimi halın yaşanması, təəssüf ki, qaçınılmaz olub.

"Bununla belə, vəziyyətə dərhal müdaxilə edilib və yaranan problem qısa zamanda aradan qaldırılıb. Eyni zamanda bildirmək istərdik ki, vəziyyətlə bağlı təhsilalanların sağlamlığı üçün heç bir risk yaranmayıb. Sözügedən hal sonuncu dərsin bitməsinə yaxın yaşanıb. Bu zaman müəllim vəziyyəti ələ alaraq dərhal tələbələri kənar partalara yönəldib və dərsi tamamlayıb (su daman hissədə tələbələrin olmadığı görüntülərdə də aydın görünür).

Ümumilikdə, tədris binalarının tədrisə yararlı halda olması və cari problemlərin aradan qaldırılması məqsədi ilə hər mövsümdə cari təmir işləri həyata keçirilir.

Sözügedən tədris binası nisbətən köhnə olduğundan infrastrukturunda müəyyən problemlər mövcuddur və bunların zamanla aradan qaldırılması, infrastrukturun yenilənməsi məqsədi ilə iş aparılır.

Konkret yaşanan hala gəldikdə isə, diqqətinizə çatdırmaq istərdik ki, bütün fəsadlar və onların yaratdığı nəticələr qeydə alınıb və qış mövsümünə hazırlıq işləri çərçivəsində bütün bu problemlər aradan qaldırılacaqdır.

Onu da bildirək ki, yağışlı hava şəraiti müəllim və tələbələrin dərs prosesində iştirakına və davamiyyətə ciddi təsir etməyib. Universitetdə dərslər normal qaydada davam edir", - deyə məlumatda qeyd olunub.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasından (ADRA) isə TƏHSİL.BİZ -ə bildirilib ki, yağışın normadan artıq yağması səbəbi ilə bəzi narahatlıqlar yaranıb, lakin bu, ciddi fəsadlar baş verməyib.

“Hazırda bu narahatlıqların aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçirilir. Qeyd edilib ki, yaranmış vəziyyət Azərbaycan Rəssamlıq Akademiyasının tədris prosesinə heç bir maneə törətməyib və dərslər davam edir”,  - deyə məlumatda bildirilib.

Xatırladaq ki, bu gün səhər saatlarında Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) binasında yağış sularının tavandan içəri axması ilə bağlı videogörüntülər yayılıb.

Chosen
48
tehsil.biz

1Sources