EN

Britaniya Ukraynaya 3 milyard dollar ayırdı – Nazir vəsaitlərin hara xərclənəcəyini açıqladı

Böyük Britaniya hökuməti Ukraynaya silahların alınması, inkişafı və istehsalı üçün təxminən üç milyard dollarlıq yeni kredit ayırdığını açıqlayıb.

Bu məbləğ Böyük Britaniyanın Ukrayna üçün G7-nin razılaşdırdığı 50 milyard dollarlıq paketdəki payıdır. Britaniya hökumətinin mətbuat xidməti xəbər verir ki, kredit Rusiyanın Ukraynaya silahlı müdaxiləsindən sonra dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlir hesabına verilir.

Ukrayna Böyük Britaniyadan aldığı iki milyard funt-sterlinqdən çox vəsaiti hava hücumundan müdafiə sistemləri, artilleriya və digər növ texnika və silahların alınmasına və inkişafına yatıra biləcək. Britaniyanın müdafiə naziri Con Hilinin sözlərinə görə, pulun bir hissəsi uzaqmənzilli raketlərdən daha uzaq məsafələri qət edə bilən uzaqmənzilli hücum pilotsuz təyyarələrinin hazırlanması və istehsalına xərclənə bilər.

Ukraynanın bu pulu Britaniyanın uzaqmənzilli “Storm Shadow” raketlərini almaq üçün istifadə edə biləcəyini soruşduqda, Hili cavab verib ki, Kiyev “daha uzun mənzilli dronların istifadəsini çox fəal şəkildə genişləndirir”. "Onlar bu pulu necə xərcləyəcəklərini və ən çox hansı silahlara ehtiyac duyduqlarını bizimlə birlikdə qərar verəcəklər", - Britaniyalı nazir vurğulayıb.

Yeddi aparıcı Qərb sənaye ölkəsi - ABŞ, Kanada, Böyük Britaniya, İtaliya, Yaponiya, Fransa və Almaniya iyun ayında keçirilən sammitdə Rusiyanın dondurulmuş aktivlərindən istifadə etməklə Ukraynaya 50 milyard dollar kredit ayırmaq barədə razılığa gəliblər.

Böyük Britaniyanın keçmiş nazirləri Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyasına dərin zərbələr endirməsinə icazə verməyə çağırıblar. Baş naziri Key Starmerin Vaşinqtona son səfəri zamanı Qərbin uzaqmənzilli raketlərinin Rusiya ərazisinin dərinliklərindəki hədəflərə qarşı mümkün istifadəsi məsələsi müzakirə olunub. Lakin heç bir qərar açıqlanmayıb.

Bundan əvvəl “The Times” qəzeti yazıb ki, Böyük Britaniya və Fransa Kiyevə öz raketlərindən Rusiyanın dərinliklərinə zərbə endirmək üçün istifadə etməyə icazə verməyə hazırdır.

Kiyev israr edir ki, Rusiya ərazisinə uzaq mənzilli zərbələrə icazə verilməsi Ukraynaya müharibənin gedişatını dəyişməyə kömək edəcək. Amerikalı rəsmilər isə hesab edirlər ki, Ukrayna hakimiyyəti bu cür zərbələrin mümkünlüyünü həddən artıq qiymətləndirir.

“AzPolitika.info”

Chosen
18
azpolitika.info

1Sources