EN

Gülənin 20 il öncəki şousu, Bakıda “politoloq”un göz yaşı…

2000-lərin başlanğıcı idi, Samanyolu TV Azərbaycana yeni-yeni ayaq açırdı. Qadınlar arasında Oqtay ustanın yemək, kişilər arasında isə Fətullahın beyinyuma proqramları populyarlaşırdı. İndi özünü topluma politoloq kimi sırıyanlardan birinin ofisindəydik - nəsə toplantı vardı. 5-6 nəfər masa ətrafında söhbət edirdik, “politoloq bəy” isə əlində pult, bir gözü divardakı televizorda, bir gözü bizdə divanda oturub çay içirdi. Birdən səsinə dik atıldıq: “Başladı, sakit olun, sakit olun, 2 gündür anonsu gedir, siz də baxın, dəhşət bir şey olacaq”, - dedi və televizorun səsini az qala maksimuma yüksəltdi.

Baxdıq ki, Ərzurumda bir köhnə qəbiristanlıqdan canlı yayım gedir, müxbir eyni cümləni 8 formada təkrarlaya-təkrarlaya Gülənin bu dəqiqələrdə məkana gələcəyini elan edir. Əlqərəz, qara-qara lüks avtomobillər gəldi, qara-qara kostyumlarda qulaqcıqlı adamlar ora-bura qaçmağa başladılar, Gülənə yaxın gəlmək istəyən əlimikrafonlu müxbirlərə məsafə qoydular - VƏ TAMAŞA başladı.

Guya heç nədən xəbəri olmayan Samanyolu TV müxbirinin “Hoca əfəndi, məzarlığa gəliş səbəbinizi anlada bilərsizmi” sualına Fətoş uzun bir cavab verdi. Nəhayət, anladıq ki, atasının qəbrinə neçə illərdir getmir, yerini unudub, indi onu tapmağa gəlib.

Allahım, bu bəsit məsələnin ətrafında necə bir ŞOU quruldu?.. Neçə illər getməsə belə, ağlı başında hər insan ən azı valideyninin qəbrinin məzarlığın sol, ya sağ əldə, “Fatma xala”nın qəbrinin üst tərəfində, “Qasımlıların qəbirləri”ni keçəndən sonra olduğunu bilir. Həm də qürbətdə ölməyibsə, demək olar, bütün ölülər ailə məzarlığında basdırılmır? Məzarlıq işçisinə de, düşsün qabağa, aparsın da. Bu nə həngamədi?

Dəstgah, nə dəstgah…

Başda Gülən əllərini açıb dodağının altında nələrsə deməyə başladı, arxasındakılar da onunla bərabər. Azı bir 10 dəqiqiə gözünü yumub əlləri açıq dayandı. Həmin ara müxbir “Hoca əfəndi”nin məzarı tapmaq üçün hansı tərəfə getməli olduğunu bilməkdən ötrü böyük ehtimal, vəhy gözlədiyini 26 formada üyütdü. Sonra Gülən gözlərini açdı. Məzarların arasıyla yeriməyə başladı. 1-2 məzar keçir, gözünü yumur, əllərini açır, guya dua edir, sonra yenə gedirdi… Ortada halı bir az çönmüş kimi göstərdi özünü… Guya başı getdi, əli əsdi, rəngi soldu… Görüntülər hərəkətləndi, adamlar ora-bura qaçdılar, tez stul gətirdilər, oturmadı, su verdilər, içmədi, israrları dinləmədi, səndirləyə-sındirləyə davam elədi. Bu “nəfəskəsən” yolçuluq 1 saatı keçmişdi ki, Gülən 10-15 metr uzaqda bir məzar göstərib, “Bulduq, əlhəmdülillah” dedi.

Həəə… Biz ən böyük şaqqanağı onda çəkdik. Samanyolu TV-nin xam kameramanı Gülən əlini məzara uzadanda yanlışlıqla orda toplu halında dayanan kameraman və müxbirləri də çəkmişdi. Yəni məzarın yeri bəlli deyildisə, “xoca həzlətləri” onu “vəhy”lə tapmışdısa, qos-qoca məzarlıqda kameralar niyə MƏHZ o məzarın başında qurulmuşdu?

Efir rejissoru da bizim gördüyümüzü görmüşdü - əsas kameranın 1-2 saniyəlik yanlışını görüntünü digər kameraya keçirməklə ört-basdır eləməyə çalışdı. Amma olan olmuşdu.

Nə isə… Gülən yazısı pozulmuş, daşları əyilmiş, ot basmış məzarın yanına gəlib diz çökdü, zır-zır ağlamağa başladı. Arxasındakılar da ona qoşuldular. Bildiyiniz, dəli yığıncağı… Baxdıq ki, bizim “politoloq bəy” də züy tutmaq istəyir, amma bizim gülməyimizdən ağlamaq moduna rahat girə bilmir.

Kimə gəlirsən, Fətullah? Nə vəhy, nə “öbür taraf”la bağlantı? Türkiyədəki arxivlərdə 500 il qabaq hansı kənddə adam, məzar bir yana, nə qədər ağac, inək, keçi olduğunu göstərən minlərlə dəftər var. Sənin atanın 30-40 il qabaqkı məzarı niyə itsin? Bələdiyyəyə deyirsən, açır dəftəri, nömrəsini, koordinatını deyir, get ağla da, bu nə teatrdır?

Deyə-gülə qalxdıq ki, dağılışaq. Çıxışda ha sıxsa da, gözündən yaş çıxara bilməyən qardaşa da dedik ki, dədəsinin qəbrinə sahib çıxmayan belə vələdüzinalara baş qoşmasın…

Belə bir lotunu az qala 50 ildir Türkiyəni Atatürk dəyərlərindən uzaq cəhalət ölkəsi kimi görmək istəyənlər siyasətə calamışdılar. NƏHƏNG sərvət vermişdilər əlinə. Türk millətini təriqət dolambaclarında yormaq üçün. Şanlı tarixini unutması, millət kimi bütövlüyünü, dəyərlərini, ona güc verən hər şeyi yaddaşından çıxarması üçün.

Türk dövlətlərini ələ keçirmək üçün neçə cəhdləri olub, bəlkə özləri də sayını itiriblər. Bu gün də davam edirlər. Təki Türk Birliyi yaranmasın - buna görə hər pisliyə hazırdırlar.

Fətullah öldü. Bundan sonra sürətlə dağılacaqlarını demək çətindir. Amma zəifləyəcəklər, parçalanacaqlar, şəkil dəyişdirəcəklər - bu dəqiqdir. Bir əli terrorda, bir əli korrupsiyada, bir əli millətin cibində olan hər hörgütün sonu eynidir. Əbədi olan millətdir. Çünki Yaradanın iradəsilə vardır.

Allah atəşini bol eləsin!

Chosen
20
1
axar.az

2Sources