EN

Vaşinqton Bakı ilə HESABLAŞIR: Baydenin Əliyevə SİRLİ MƏKTUBU – FOTOLAR

Son dövrlər Vaşinqton-Bakı münasibətlərində “sərinlik” hökm sürür. Oktyabrın 4-də Cəbrayıl şəhər sakinləri qarşısında çıxış edən Prezident İlham Əliyev diqqəti Qərbin ikili siyasətinə, ABŞ-nin Azərbaycana qarşı sanksiya tətbiq etməsinə çəkib. Dövlətimizin başçısı Birləşmiş Ştatlar Konqresinin 60 ermənipərəst konqresmeninin Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etdiyini xatırladıb. Həmin müraciətin çirkin kampaniya xarakteri daşıdığını dilə gətirən ölkə rəhbəri bunun Azərbaycanın iradəsinə təsir edə bilməyəcəyini vurğulayıb: “Bu, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz. Ancaq bu, nəyi göstərir, bizə qarşı olan düşmənçilik siyasəti dayanmır. O müraciətə baxdıqda mən təxmin etdim ki, bunun müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Amma məndə bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Yəni, özləri özlərinə məktub yazırlar, bizi hədələmək üçün, bizi ittiham etmək üçün”.

Prezidenti İlham Əliyev oktyabrın 8-də Moskvada “Rossiya-1” televiziya kanalına müsahibəsində təkrar bu məqama fikir yönəldib. Bildirib ki, 1992-ci ildə ərazilərimizin erməni işğalı altında olduğu bir vaxtda ölkəmizin Ermənistanı blokadada saxlaması barədə qondarma ittihamla Azərbaycana qarşı sanksiyalar tətbiq edilib: “Bu sanksiyalar 2001-ci ildə ABŞ-nin öz yüklərini hava, quru və dəniz yolu ilə Azərbaycan ərazisindən Əfqanıstana tranzit yolla daşımalı olduğu vaxt aradan qaldırılıb. Partiya mənsubiyyətindən asılı olmayaraq, Birləşmiş Ştatlarının prezidenti ABŞ Əfqanıstandan qaçana qədər hər il bu sanksiyaları öz qərarı ilə ləğv edirdi. Bundan sonra bizə qarşı həmin sanksiyalar tətbiq olundu. Mən onları nankorluqda ittiham edəndə hesab edirəm ki, bu, həmin kontekstdə istifadə olunacaq ən sərt söz deyil”.

Göründüyü kimi, Prezident İlham Əliyev ABŞ hökumətini Azərbaycana qarşı qeyri-dost münasibətdə, hətta nankorluqda açıq şəkildə ittiham edib. Belə bir fonda ABŞ prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenter Azərbaycana səfərə gəlib. Oktyabrın 21-də onu Azərbaycan Prezidenti qəbul edib. M.Karpenter qəbula görə təşəkkürünü bildirib və ABŞ Prezidenti Cozef Baydenin məktubunu dövlətimizin başçısına təqdim edib.

Vaşinqton-Bakı münasibətlərinin hazırkı vəziyyətini Medianews.az-a şərh edən politoloq Elşad Mirbəşiroğlu bildirib ki, Azərbaycan Cənubi Qafqaz regionunda etibarlı tərəfdaş olmaqla əksər dövlətlərin diqqət mərkəzindədir. Onun sözlərinə görə, vaxtilə dünyanın güc mərkəzlərinin, hərbi rəhbərlərinin Bakıda görüşləri baş tutub: “Bu, Bakıya olan etimadın göstəricisidir. Lakin təəssüflə vurğulamaq lazımdır ki, zamanla Qərb dairələri Azərbaycana münasibətdə ədalətsiz mövqelər sərgiləyiblər. Bu, həm də o fonda baş verib ki, özləri Azərbaycanla əməkdaşlığın əhəmiyyətini qeyd ediblər, qabardıblar. Yəni, burada bir paradoksal vəziyyət yaranır. Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, Amerika konqresmenlərinin Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı çağırışları aydın göstərir ki, onlar ölkəmiz əleyhinə tam qərəzli mövqe nümayiş etdirirlər. Azərbaycan öz milli maraqları çərçivəsində müstəqil siyasət yürüdür. Qərbi də narahat edən əsas məqam məhz budur”.

E.Mirbəşiroğlu deyib ki, Azərbaycanın müstəqil beynəlxalq siyasəti də Qərbdə ciddi qıcıq yaradır: “Biz lazım bildiyimiz tərəfdaşlarımızla lazımi səviyyədə həm münasibətlərimizi inkişaf etdiririk, həm də əməkdaşlığımızı qururuq. Bütün bunları öz maraqlarımız çərçivəsində edirik. Qərbin isə istəyi məhz onların maraqlarına cavab verəcək kontekstə davranışlardır. Təbii ki, bu, bizim üçün qəbuledilməzdir. ABŞ Azərbaycana bir çox səbəbdən qərəzli mövqe nümayiş etdirir. Başlıca səbəb qeyd etdiyim kimi, Azərbaycanın tam müstəqil siyasət yürütməsidir. ABŞ siyasi dairələrinə, ümumiyyətlə, Qərb siyasi dairələrinə idarə olunan, təsir altında olan siyasi rejimlər lazımdır ki, onlar öz qərarlarını da həmin Qərb strukturlarının maraqlarına uyğun versinlər. Resurslarını da onların maraqlarının təmin olunması istiqamətində sərf etsinlər. Azərbaycan belə halı heç vaxt qəbul etməyib və etməyəcək. Belə olan halda da Qərb dairələri, xüsusilə də ABŞ, Fransa Azərbaycan üzərinə siyasi hücumlar təşkil edirlər. Müxtəlif siyasi spekulyasiyalarla məşğul olurlar. Bu, bütövlükdə Azərbaycana qarşı təzyiq alətidir. Elə Prezidentin dediyi kimi, belə təzyiq alətlərindən istifadə edən də ABŞ Dövlət Departamentidir”.

Politoloq söyləyib ki, belə bir mexanizmi Qərb, xüsusən ABŞ daim işlək halda saxlayır: “Bunu biz hər zaman müşahidə edirik. Vaxtilə Azərbaycana qarşı ədalətsiz 907-ci düzəliş qəbul edilmişdi. Bu, o reallıq fonunda baş vermişdi ki, Azərbaycan Ermənistanın işğalına məruz qalırdı. Ermənistan məhz 907-ci düzəlişin qəbul edildiyi dövrdə Azərbaycan torpaqlarını ardıcıl şəkildə işğal edirdi. Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrində xalqımıza qarşı sözün əsl mənasında soyqırımı, qanlı cinayətlər törədilirdi. Bütün bunlara baxmayaraq, ABŞ işğalçı Ermənistana münasibətdə deyil, işğala və soyqırımına məruz qalan Azərbaycana münasibətdə 907-ci düzəlişi qəbul etdi. Azərbaycan ABŞ üçün gərəkli olduğu halda, yəni Birləşmiş Ştatlar 2021-ci ildə Əfqanıstanda hərbi əməliyyatlara başladığı dövrdə artıq ölkəmizlə münasibətdə 907-ci düzəlişin hüquqi təsiri prezidentlər tərəfindən dayandırılırdı. Yəni, 907-ci düzəliş tam aradan qaldırılmırdı, sadəcə onun təsiri dayandırılırdı. Bunun özü də riyakar yanaşmanın göstəricisidir. Həm də onun göstəricisidir ki, 907-ci düzəliş elə gələcək üçün də bir təsir aləti, mexanizm kimi saxlanılırdı. Vaxtilə ABŞ-nin beynəlxalq terrorizmə qarşı mübarizə koalisiyasına ilk səmimiyyətlə qoşulan dövlətlərdən biri, bəlkə də birincisi elə Azərbaycan olub. Baxmayaraq ki, həmin dövrdə bir çox ölkələr tərəddüd edirdilər. Bütün bunlara baxmayaraq, ABŞ ilbəil 907-ci düzəlişin tətbiqi qüvvəsini sadəcə dayandırırdı. Bunun özü bir daha nümayiş etdirir ki, ABŞ Azərbaycana münasibətdə qərəzli davranıb”.

E.Mirbəşiroğlu qeyd edib ki, ABŞ-dəki erməni lobbisinin təsiri, ayrıca olaraq Ermənistanın bir alət kimi istifadə olunması Vaşinqtonun məlum mövqeyini Azərbaycanın müstəqilik tarixinin ilk illərindən formalaşdırıb: “Sözsüz ki, Amerika Azərbaycanla münasibətlərin qorunub saxlanılmasında özü maraqlı olmalıdır. Azərbaycan Cənubi Qafqaz regionunda çox əhəmiyyətli ölkədir. Bu region ABŞ üçün də strateji əhəmiyyət kəsb edir. ABŞ bu coğrafiyada hər hansı bir marağını, siyasətini Azərbaycanla əməkdaşlıq etmədən reallaşdıra bilməz. Bu baxımdan Azərbaycan Cənubi Qafqaz regionunun həm siyasi, həm iqtisadi mənada lokomotiv dövlətidir. Azərbaycanla mütləq şəkildə hesablaşmaq lazımdır. Hesab edirəm ki, ABŞ prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenterin Azərbaycana səfəri də məhz bu məqama hesablanıb”.

Politoloq deyib ki, Azərbaycanla körpülərin yandırılması ABŞ-nin maraqlarına cavab vermir: “Onlar dərk edirlər ki, Azərbaycan kifayət qədər təsirli və gərəkli bir dövlətdir. Bu mənada bir müddət bundan öncə ABŞ konqresində Azərbaycana qarşı açıq qərəz nümayiş etdirildiyi halda, Dövlət Departamentinin əməkdaşının Azərbaycana gəlişi hesablanmışdı. Dövlət Departamenti rəhbəri Antoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə zəngindən sonra münasibətlərə müəyyən aydınlıq gəlmişdi. Hesab edirəm ki, yenə də Azərbaycana qarşı bu qərəz və təzyiq mexanizmləri işə salınır və gördükdə ki, bu, ölkəmizə təsir etmir, yenidən rəsmi Bakı ilə münasibətlər haqqında düşünülməyə başlanılır. Bu, ABŞ-nin ənənəvi yanaşmasıdır. Azərbaycan öz haqlı, ədalətli mövqeyindən heç bir halda geri çəkilmir. Elə Qərbdə də dərk edilən reallıq bundan ibarətdir. Azərbaycana zaman-zaman təzyiqlər etmək istiqamətində cəhdlər olsa da, bütövlükdə əlaqələrin saxlanılması haqqında düşünülür”.

Nailə QASIMOVA

Chosen
4
50
medianews.az

10Sources