EN

"Beynəlxalq tədbirin keçirildiyi vaxt Bakıda yağış sularının yaratdığı fəsadlar nöqsan sayılmalıdır" - Tahir Kərimli

“Hər il Bakıda güclü yağışlar yağan zaman kanalizasiyalar daşır, yollar kəsilir, insanlarda narahatlıq yaranır. Xüsusilə, beynəlxalq tədbirlərin keçirildiyi Bakıda bu məsələnin gündəmə gəlməsi və qarşısının alına bilinməməsi böyük nöqsan sayılmalıdır. Bəzən deyirlər ki, Məkkədə, Mədinədə də, səhra şəhərlərində də belə daşqınlar olur. Ola bilər, həmin şəhərlərdə neçə ildə bir dəfə musson yağışlar yağır, yaxud hansısa ölkələrdə güclü qasırğalar nəticəsində daşqınlar baş verir. Nə qədər hesablansa da, bunun qarşısını almaq mümkün olmur. Amma adi vətəndaş hər il gözləyir ki, Bakıda güclü yağışlar yağsa, kanalizasiyalar daşacaq, yollar keçilməz vəziyyətdə olacaq. Yəni bu, gözlənilən haldır. Necə olur ki, bunu vətəndaş bilir, məmurlar bilmir?” 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib. 

 

“Əlbəttə, problemin kök səbəblərindən biri budur ki, vaxtilə paytaxtda tamahkarlıqdan o qədər binalar tikildi, kanalizasiyalar normadan bir neçə dəfə artıq yükləndi. Sistemsiz tikilən binaların kanalizasiya sistemləri qoşulduğuna görə öhdəsindən gələ bilmədi. Gərək, vaxtında qarşısı alınardı. Nə qədər xəbərdarlıq olunsa da, qulaqardına vuruldu. Əvvəlki şəhər rəhbərliyi paytaxtı belə vəziyyətə qoyub. Əlbəttə, başa düşürük, hazırkı rəhbərlik də bizim kimi narahatdır ki, problemin qarşısını necə alsınlar. Yeni kanalizasiya xətlərinin çəkilməsi ilə bağlı məsələ qaldıranda deyirdilər ki, buna milyardlarla pul lazımdır. Axı bunun öhdəsindən gəlməliyik. Problemdir və həll edilməlidir. Nəhayət, bu işlə məşğul olunması üçün hökumət komissiyası yaradılmalıdır. Bu hal hər il təkrar olunur. COP29 ərəfəsində şəhərə xeyli jurnalist gəlir, öz dövlətlərinə məlumat verirlər. Bu, mənzərə dövlətimizin imicinə zərər verir. Birinci növbədə sakinlərin rahatlığını təmin etmək lazımdır. Danışan kimi elə bilirlər ki, kiminsə mənafeyini tənqid edirik. Bir neçə gün əvvəl “Trendyol”la bağlı tənqidi danışdım. Elə biliblər ki, hansısa mağazalar Tahir Kərimlini ələ alıb. Halbuki kasıb əhaliyə əlçatan olması üçün nöqsanları demişdik. Nöqsan deyən zaman heç kim inciməsin. Əksinə, tədbir görmək lazımdır”, - o bildirib. 

 

Aytəkin Qardaşova 

Tarix: 22 Oktyabr 2024, 11:35   
Chosen
6
pravda.az

1Sources