EN

Aİ KXDR-ə cavab olaraq Ukraynaya qoşun yeridəcək?

Minlərlə Şimali Koreya əsgərinin tezliklə müharibəyə Rusiya tərəfindən qoşula biləcəyi ilə bağlı xəbərlər Avropa qoşunlarının Kiyevə dəstək üçün Ukraynada mümkün yerləşdirilməsi ilə bağlı müzakirələri yenidən alovlandırıb.

Bu fikirlər "Politico"da dərc olunan məqalədəndir. Litvanın xarici işlər naziri Qabrielius Landsbergis nəşrə verdiyi şərhdə deyib ki, Avropa ölkələri Fransa prezidenti Emmanuel Makronun Ukraynaya qoşun yeritmək təklifinə yenidən baxmalıdır. Bu ideya fevralda irəli sürülüb, lakin sonra Almaniya kansleri Olaf Şolz Ukraynada Avropa və ya NATO qoşunlarının yerləşdirilməyəcəyinə söz verərək, bunu rədd edib.

Qərb liderləri isə hələlik bu yayılan yeni xəbərləri ehtiyatla şərh edirlər. NATO-nun baş katibi Mark Rutte və ABŞ-nin müdafiə naziri Lloyd Ostin bu məlumatı hələ ki, təsdiqləməyib. Hərçənd Ostin Şimali Koreya qoşunlarının mümkün yerləşdirilməsinin narahatlıq doğurduğunu bildirib.

Cənubi Koreya artıq Şimali Koreyanın hərbi hərəkətləri ilə bağlı kəşfiyyat məlumatlarını müzakirə etmək üçün NATO-nun qərargahına nümayəndə heyəti göndərməyi planlaşdırır. Bununla belə, bəzi Avropa rəsmiləri hesab edirlər ki, Qərb öz hərəkətlərində çox ehtiyatlı davranır.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladı. Amma bu da uğurlu olmadı. Bu il Ukrayna ordusu gözlənilmədən Rusiya ərazisinə daxil olub. Kurskun bir hissəsi zəbt edilib. Lakin son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.


Chosen
9
news365.az

1Sources