EN

Ölənin arxasınca danışmazlar... - REPLİKA

Təəssüf ki, ölkəmizdə "gələn gedənə rəhmət oxutdurur" ifadəsi ümumişlək sözə çevrilib. Aprelin 2-də AFFA-nın rahat oturacaqlarına əyləşən söz sahiblərini qorxudan da elə bu sözlərin hədəfinə çevrilməkdi...

"Kral" öldü... Yeni "kral"ın dönəmində elə rəzil günlər keçirdik ki... Millilərimiz təlim-məşq toplanışı çərçivəsində keçirilən oyunlardan tutmuş beynəlxalq turnirlərə qədər istənilən cəbhədə biabırçı məğlubiyyətlərlə yadda qaldı. Xüsusilə əsas yığmamızın Millətlər Liqasında keçirdiyi 4 oyunda bir xal belə qazanmaması futbol ictimaiyyətini ayağa qaldırdı. Narazılıqlar, iradlar bir-birini izlədi. Gah AFFA, gah baş məşqçi Fernando Santuş, gah da futbolçular tənqidi yazıların qəhrəmanı oldu. Baş rolda, təbii ki, yeni "kral" və ətrafındakılardı. Əvvəlcə Santuşun dilindən futbol ictimaiyyətinə yağlı vədlər verildi, nəbz yoxlandı. Məlum oldu ki, "vaxt lazımdı, futbolçuların mentallığını dəyişməliyik, gələcəkdə qələbələr qazanacağıq, böyük lahiyə araya-ərsəyə gətiririk" sözlərinə qarın da toxdu, qulaq da. Belədə vahiməli B planı işə düşdü: gündəmi dəyişmək, müzakirələri millilərin məğlubiyyətlərindən yayındırmaq və əvvəlki rəhbərliyi tənqid hədəfinə gətirmək. Qurban Qurbanov demişkən, yığma komandaların məğlubiyyətlərini unutmaq olmur!

Unutmayacağıq!

Elə İlqar Qurbanovun iddiaları da bu sıradadı. O, hələ bilmir ki, ölənin arxasınca danışmazlar...

Birincisi, milliyə sifarişlə futbolçu dəvət etmək yumşaq dilsə desək, bayrağımıza, himnimizə xəyanətdi. Bu reallığı nəsə dəyişə bilməz. İkincisi, belə iddia ilə indiyə qədər yığmada çalışan bütün baş məşqçilərə, forma geyən bütün futbolçulara şübhəylə yanaşılmasına səbəb olmaq da yumşaq dildə desək, haqlarına girməkdi, babal yumaqdı. Belə ciddi ifadələri yalnız konkret ad çəkməklə və həmin şəxs(lər)in əməllərini ifşa etməklə səsləndirmək olar. Qurbanov sözlərini isbat edənə qədər dedikləri böhtandan fərqli xarakter daşımayacaq!

Odu ki, rəhmət qazanmağa çalışın. Yoxsa qorxduğunuz başına gələcək...

KƏNAN BAHADIR

Chosen
28
football-plus.az

1Sources