EN

Birinci sinif şagirdinin ingilis dilini öyrənməsinə ehiyac varmı?

Təhsil eksperi Kamran Əsədov: “Uşaqların erkən yaşlardan xarici dil öyrənməyə başlaması gələcəkdə daha geniş imkanlara sahib olmalarına kömək edə bilər”

Ölkəmizdə təhsilin inkişafına kifayət qədər pul ayrılır. Günümüzün reallığı isə odur ki, şagirdlər bəzi dərslərə girmir, dil öyrənməyə üstünlük verirlər. Hazırda məktəblərimizdə ingilis dili dərsləri birinci sinifdən başlayaraq, on birinci sinfə kimi tədris olunur. Amma nəticə etibarilə uşaq 11 il ingilis dilini keçməsinə baxmayaraq, məktəbi bitirəndə bəzən uğurlu nəticə olmur. Bəs, ana dilini belə doğru-dürüst dərk edə bilməyən birinci sinif şagirdinin ingilis dilini öyrənməsi nə dərəcədə düzgündür?

Məsələ ilə bağlı təhsil eksperi Kamran Əsədov “Hürriyyət”ə açıqlamasında bildirdi ki, birinci sinif şagirdlərinin ingilis dilini bilməsi müasir dövrdə mühüm əhəmiyyət kəsb edir: “Qlobalizasiya, informasiya texnologiyalarının inkişafı və beynəlxalq əməkdaşlığın artması nəticəsində ingilis dili dünyanın bir çox ölkələrində ünsiyyət və iş dili kimi qəbul olunur. Bu səbəbdən, uşaqların erkən yaşlardan xarici dil öyrənməyə başlaması onların gələcəkdə daha geniş imkanlara sahib olmalarına kömək edə bilər.

Müxtəlif tədqiqatlar göstərir ki, uşaqlar 2-3 yaşından etibarən xarici dil öyrənməyə başlaya bilərlər. Bu yaşda uşaqların beyin inkişafı, yeni bilikləri mənimsəmə qabiliyyəti və dilə olan təbii maraqları onların yeni dilləri asanlıqla öyrənmələrinə imkan tanıyır. Birinci sinif, yəni 6-7 yaş, erkən dil öyrənmənin davamı üçün uyğun bir yaşdır, çünki bu dövrdə uşaqlar artıq daha strukturlaşdırılmış bilikləri qəbul edə bilirlər.

Uşaqların beyinləri erkən yaşlarda daha çevikdir, bu da onlara yeni dilləri öyrənməyə kömək edir. Araşdırmalar göstərir ki, xarici dil öyrənmək beyin inkişafını stimullaşdırır, analitik düşüncə və problem həll etmə bacarıqlarını gücləndirir”.

Kamran Əsədov deyir ki, xarici dil öyrənmək uşaqlara fərqli mədəniyyətləri tanımağa və onların düşüncə tərzini anlamağa kömək edir. Bu, onların daha açıq fikirliliyə və müxtəlifliyə hörmət etməyə yönəldir: “İxtisas seçimində və iş axtarışında xarici dil bilikləri müasir dünyada bir çox üstünlüklər gətirir. Uşaqların gənc yaşda xarici dil öyrənməsi, onları gələcəkdə daha rəqabət qabiliyyətli mütəxəssislərə çevrilməyə hazırlayır”.

Ekspert vurğulayır ki, erkən yaşdan xarici dil öyrənməyin mənfi tərəfləri isə dərs yükü və stressdir: “Uşaqların erkən yaşlarda bir neçə dil öyrənməsi bəzən onların üzərinə əlavə yük qoyur, bu da stressə və motivasiyanın azalmasına səbəb ola bilər. Bəzi uşaqlar üçün xarici dil öyrənmək çətinlik yarada bilər, bu da özlərini etibarsız hiss etmələrinə səbəb ola bilər. Bəzi hallarda uşaqlar bir neçə dil öyrənərkən ana dilindəki bilikləri zəiflədə bilərlər. Uşaqların ana dilini yaxşı mənimsəmələri, digər dilləri öyrənmələri üçün əsasdır”.

K.Əsədov dünya təcrübəsindən danışaraq qeyd edir ki, bir çox inkişaf etmiş ölkələr, o cümlədən Finlandiya, İsveç, və Kanada, uşaqlara erkən yaşlardan xarici dilləri öyrətməkdə aktivdirlər: “Məsələn, İsveçdə məktəbəqədər yaşdan etibarən uşaqlara ingilis dili öyrədilir və bu, onların mədəniyyətlərarası bacarıqlarını artırır. Finlandiyada isə dil öyrənmək oyunlar vasitəsilə həyata keçirilir ki, bu da uşaqların motivasiyasını artırır. Buna görə də, uşaqların birinci sinifdən etibarən ingilis dilini öyrənməsi onların inkişafı üçün müsbət təsir göstərə bilər. Lakin, dil öyrənmənin stress yaratmaması üçün proqramlar uşaqların yaşlarına və inkişaf səviyyələrinə uyğun hazırlanmalıdır. Uşaqlara dili öyrətmək üçün oyunlar, interaktiv fəaliyyətlər və mədəniyyətlə tanışlıq metodları tətbiq olunmalıdır ki, bu da öyrənmə prosesini əyləncəli və maraqlı etsin”.

Aynurə İSMAYIL

Chosen
23
hurriyyet.az

1Sources