EN

Gənc oğlan anasına 17 bıçaq zərbəsi vurdu

Bakının Nərimanov rayonunda 1994-cü il təvəllüdlü Ramal şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı anası Sonaya (adlar şərti göstərilib - red.) xəsarət yetirib.

Demokrat.az-ın məlumatına görə, hadisə 22 iyun 2022-ci ildə Nərimanov rayonu, Əliyar Əliyev küçəsində baş verib. Ramal yaşadığı mənzilin mətbəxində anası Sona ilə ailə məişət zəminində yaranmış mübahisə səbəbindən mətbəx bıçağı ilə onun bədəninin müxtəlif nahiyələrindən vurub.

Ümumilikdə 17 bıçaq xəsarəti alan qadına vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Hadisəni törədən Ramalın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ramal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, atası və anası ilə birlikdə yaşayır: "Mən orta məktəbi 82 saylı məktəbdə rus bölməsində oxumuşam. 9-cu sinifdən məktəbi bitirərək, Azərbaycan Maliyyə İqtisad kollecində təhsilimi rus bölməsində davam etdirmişəm. 2013-cü ildə kolleci bitirdikdən sonra Çexiya Respublikasında universitetin iqtisadiyyat fakültəsinə daxil oldum. Universiteti 2016-ci ildə bitirdikdən sonra işləmək üçün Almaniya Respublikasına köçdüm. Orada 5 il işləyərək yaşadım. Almaniyada yaşadığım müddətdə müxtəlif maliyyə kurslarına getdim".

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra Almaniya Respublikasında sənədləri qaydasında olmadığı üçün 2020-ci ildə oradan deport olunub: "Daha sonra Bakı şəhərinə qayıdaraq ailəm ilə birlikdə yaşadım. Bakı şəhərinə köçdükdən sonra müxtəlif otellərdə qeydiyyatçı vəzifəsində işlədim. Son zamanlarda ailəm ilə aramızda münaqişələr oldu. Həmin hadisələrlə bağlı 17-ci Polis Şöbəsində araşdırma da aparıldı. Psixi durumum yaxşı olmadığı üçün bir neçə dəfə psixiatriya xəstəxanalarında müalicələrdə oldum. Hadisədən təxminən 2 ay əvvəl xəstəxanadan çıxdım. 1 ay əvvəl isə Nərimanov rayonunda yerləşən Təfəkkür universitetində olan bufetdə satıcı kimi işlədim".

Ramal bildirib ki, 22 iyun 2022-ci ildə işdən saat 16 radələrində yaşadığı evə qayıdıb: "Atam bir müddətdir ki, Yevlax rayonuna getdi. Mən isə anam ilə tək yaşayıram. İyunun 22-də işdən evə gəldikdən sonra anam Sona ilə aramızda sözlü mübahisə yarandı. Amma mübahisənin dəqiq səbəbi yadımda deyil. Biz mətbəxdə mübahisə edərkən, anidən bıçağı götürdüm və anamın sol qarın tərəfinə bir dəfə zərbə vurdum. Zərbədən anam yerə yıxıldı. Ondan sonra nə baş verdiyini xatırlamıram. Təkcə o yadımdadır ki, evdən qaçaraq çıxmaq istəmişəm. Birinci anam evin giriş-çıxış qapısını açıb bloka çıxdı. Mən bir neçə dəqiqə mətbəxdə dayandım. Daha sonra əlimdə olan bıçaqla qaçaraq oradan uzaqlaşdım. Lakin liftlə və ya pilləkənlə getdiyim yadımda deyil. Bundan sonra anama xəsarət yetirdiyim bıçağı küçədə, yadımda qalmayan yerdə tulladım. Bir müddət özümə gəlməyim üçün küçədə gəzdim. Səhərə yaxın özümə gəldikdən sonra anamın mobil nömrəsinə zəng vurdum. Lakin zəngə cavab verən olmadı. Bundan sonra atam Əli mobil nömrəmə zəng etdi. Əlidən anamın harada olduğunu soruşdum. Atam da "Semaşko"da olduğunu bildirdi. Mən də Gənclik metrosu yaxınlığında olduğumdan xəstəxanaya piyada getdim. Bir müddət sonra polis əməkdaşları yaxınlaşaraq, məni polis bölməsinə dəvət etdilər".

Təqsirləndirilən şəxs bildirib ki, anası Sonanı öldürmək fikri olmayıb: "Lakin anam ilə mübahisə etmişəm, özümdə olmadığım üçün ona xəsarət yetirmişəm. Anamı mətbəxdə stolun üzərindən götürdüyüm bıçaqla vurmuşam. Birinci zərbədən sonra ona neçə dəfə bıçaqla vurduğumu bilməmişəm. Çünki birinci zərbədən sonra özümdə olmamışam. Hadisədən qabaq evdə olan zaman mağazadan aldığım spirtli içki qəbul etmişəm. Ancaq narkotik vasitə istifadə etməmişəm. Hadisə vaxtı evdə anam və məndən başqa heç kim olmayıb. Mən blokdan çıxaraq gedən zaman küçədə olan tanımadığım şəxslər məni görüblər. Çünki əlimdə bıçaq və əynimdəki paltar qanlı olub. Hadisə təxminən 1-2 dəqiqə çəkdi. Hadisə zamanı xəsarət almamışam. Lakin hadisədən sonra həyəcanlı olduğum üçün və anamı bıçaqla vuraraq xəsarət yetirdiyimdən qorxduğum üçün küçədə olan zaman boğazımın sağ tərəfindən özüm özümə xəsarət yetirmişəm. Hadisəyə səbəb mənim həm sərxoş vəziyyətdə olmağım, həm psixi pozuntumun olmağı, həm də ailəm arasında olan mübahisələr olub".

Ramal deyib ki, anasına qarşı etdiyi hərəkətin cinayət olduğunu dərk edib və əməlindən peşman olub: "Mən uşaqlıqdan travmalar keçirmişəm. 22 yaşım olduqdan sonra xarici ölkələrdə sərbəst yaşamağa başlamışam. Lakin ölkəyə qayıtdıqdan sonra valideynlərim ilə birlikdə qaldığımdan mənə sərbəst yaşamağa imkan verməyiblər. mənim şəxsi həyatıma çox müdaxilələr ediblər. Hadisə günü isə anidən özümü itirdiyimdən hamının üstümə gəldiyini düşündüm və mətbəxdə oturan anamı bıçaqladım. Lakin anamı öldürməyi düşünməmişəm. Konkret olaraq hansı səbəbdən bunu etdiyimi həm tam xatırlamıram, həm də başa düşmürəm".

İş üzrə zərərçəkmiş qismində ifadə verən Sonanın sözlərinə görə, 1993-cü ildə onun böyük oğlu vəfat etdikdən sonra onda psixoloji problemlər yaranıb və bununla bağlı uzun müddət xəstəxanada müalicə alıb: "Oğlum Ramal isə uzun müddət xaricdə təhsil alıb və 2020-ci ildə deport olunaraq ölkəyə qayıdıb. Ramal qayıtdıqdan sonra bir neçə müəssisə və şirkətlərdə işləyib. Lakin psixi pozuntuları yarandığından işinə davam edə bilməyib. Buna görə, Ramalı psixiatriya xəstəxanasında müalicə etdirmişik".

Zərərçəkmiş qeyd edib ki, hadisə günü, saat 18 radələrində yaşadığı evin mətbəxində oturub: "Həmin vaxt evdə məndən və Ramaldan başqa heç kim olmayıb. Mən mətbəxdə olan zaman qəfildən qarnımın sol nahiyəsindən bərk ağrı hiss etdim. Dərhal arxaya çevrildikdə, Ramalın əlində mətbəx bıçağını gördüm və onu əlindən almağa çalışdım. Biz həmin vaxt dartışdıq. Lakin Ramalda qıcolmalar baş verdiyindən bıçağı ondan ala bilmədim. Bu zaman Ramalın əlində olan bıçaq bədənimin müxtəlif nahiyələrindən dəydi. Ramal mənim çoxlu qan itirdiyimi gördü və məndən uzaqlaşaraq stulda oturdu. Daha sonra mən də özümü itirdiyimdən kömək üçün evin giriş qapısını açaraq dəhlizə çıxdım. Üzbəüz qonşuluqda yaşayan Səbinənin yaşadığı mənzilin qapısını döydüm ki, həkim çağırsın. Lakin Səbinə qapını açmadı. Mən divardan tutaraq pilləkənlərlə liftə tərəf getdim ki, liftlə aşağı düşüm, qarşıma ilk çıxacaq şəxsdən kömək istəyim. Aldığım xəsarətlərdən huşumu itirərək liftin qarşısında yerə yıxıldım. Bundan sonra olanları xatırlamıram".

Sona bildirib ki, oğlu Ramalın yanından aralaşıb və dəhlizə çıxan zaman oğlu mətbəxdə qalıb, arxasınca gəlməyib: "Mən xəstəxanada özümə gəldikdən sonra məlum oldu ki, Səbinənin qapısını döydükdən bir neçə dəqiqə sonra o, çölə çıxıb, məni yerdə huşsuz və qan içində görərək Təcili Tibbi Yardım çağırıb. Oğlumdan şikayətim yoxdur. Çünki oğlum psixi pozuntusu olduğundan bunu qəsdən etməyib. Əvvəllər də aramızda bir neçə dəfə müalicəsi üçün həkim tərəfindən verilmiş dərmanları qəbul etmədiyindən mübahisələrimiz olub. Əgər Ramalın məni öldürmək və ya qəsdən xəsarət yetirmək niyyəti olsa idi, məndən uzaqlaşaraq huşsuz halda stulda oturmazdı. Sadəcə olaraq Ramal psixi xəstəliyi ilə əlaqədar anidən özündən çıxıb, məni bıçaqla vurub. Daha sonra bədənimdən qan axdığını görərək məndən uzaqlaşıb".

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ramal 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib. Müdafiəçi şikayətini belə əsaslandırıb ki, verilmiş cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayıb. Müdafiəçi Ramalın barəsində Cinayət Məcəlləsinin 62 və 70-ci maddələrinin tətbiq edilməli olduğunu qeyd edib.

Bu şikayət araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Şikayəti araşdıran hakimlər heyəti sonda qərar veriblər. Qərara görə, şikayət təmin edilməyib.

Mənbə: oxu.az

Chosen
7
8
oxu.az

9Sources