EN

“İkardi gəldi və iki mövsümə bu rekordu yenilədi” - Batalya indi də məşqçi kimi “Bursaspor”u dirçəldir

2010-cu ildə çempion olmaqla Türkiyə futbolunda tarix yazan “Bursaspor” belə görünür, ağır dönəmi artıq geridə qoyub.

Camiə geri dönməkdə qərarlıdı. “Timsahlar” hazırda 3-cü liqada, yəni 4-cü divizionda çıxış edir. Komandanın hər ev oyununa 40 mindən çox azarkeş gəlir. Bu mövsüm artıq iki dəfə “Bursaspor”un ev oyununda 3-cü liqanın azarkeş rekordu qırılıb. Ən əsası “ağ-yaşıllar” bu mövsüm 2-si kubokda olmaqla keçirdikləri 8 rəsmi oyunun heç birində qol buraxmayıblar. 6 tura topladığı 16 xalla öz qrupunda lider olan “Bursaspor” hazırda Türkiyənin peşəkar liqalarında qol buraxmayan yeganə komandadı. Bu uğurun baş memarı isə Pablo Martin Batalyadı.

Bilməyənlər üçün xatırladaq ki, argentinalı Batalya “Bursaspor”un əfsanəsi sayılır. O iki fərqli dönəmdə (2009-14, 2016-18) bu klubda çıxış edib və 2010-cu ildəki çempionluqda da mühüm rol oynayıb. Məşqçiliyə yeni başlayan və komandanın “sükanı arxasına” bu yay gətirilən 40 yaşlı futbol adamı “A Spor” kanalına gündəmdə duran bir çox mövzu barədə açıqlama verib:

“Bu yay başqa təkliflər də var idi. Amma “Bursaspor”a olan sevgimi nəzərə aldıqda qərar vermək çətin olmadı. Bu layihənin içində yer almağa razılıq verdim. Əslində məşqlərdə qol buraxmamağın üzərində xüsusi çalışmırıq. Onsuz da gec-tez qol buraxacağıq. Mənim üçün o qədər də mühüm məsələ deyil. “Bursaspor” fanatlarına daim minnətdaram. Klubda olduğum zaman da, olmadığım zaman da mənə sevgi və hörmətlərini göstəriblər. Onların kluba bağlılığı tarixi göstəricilərin ortaya çıxmasına səbəb olur. 3-cü liqa komandasının hər ev oyununa 40 mindən çox azarkeşin gəlməsi hətta Argentinada da xəbər olur. Bu, inanılmaz bir şeydi. Futbolçuluq dönəminin mənə öyrətdiyi əsas şey uzaq gələcək barədə düşünməməkdi. Sadəcə, indiki andan zövq alıram. Ən çox sevdiyim klubdayam və işlər qaydasında gedir. Ona görə də mənə gələcək təkliflər barədə düşünmürəm. Futbol oynadığım dönəmdə Türkiyə nəhənglərinin mənə marağı olmuşdu. Amma rəsmi təklif gəlməmişdi. Türkiyə çempionatında kimin çempion olacağını demək çox çətindi. “Fənərbaxça” və “Qalatasaray” başqalarından üstün görünür.
“Qalatasaray”ın başında klubu çox gözəl tanıyan bir məşqçi var. “Fənər”i də əfsanəvi Mourinyo çalışdırır. Məncə, çempionluğun taleyini çox kiçik detallar müəyyənləşdirəcək. 7 il Türkiyədə oynadım. Ən çox qol vuran argentinalı futbolçu rekordunu qırmaq istədim. Amma İkardi gəldi və iki mövsümə bu rekordu yenilədi. Mükəmməl oyunçudu. Əslində yığmaya çağrılmağa da layiqdi. Amma Argentinada indi yaxşı hücumçular var. George Hacinin futbolçu dönəmini o qədər də çox izləməmişəm. Amma təbii ki, dünya ulduzu və əsl əfsanədi. DÇ-1994-də 10 yaşım var idi. Haci Argentinaya mükəmməl bir qol vurmuş və mübarizəni dayandırmağımıza səbəb olmuşdu. Aleksin isə burda keçirdiyi dönəmin böyük hissəsinin şahidi olmuşam. Ona görə də mənim Türkiyədə qarşılaşdığım ən böyük oyunçu Aleksdi”.
Chosen
15
football-plus.az

1Sources