EN

“Zəngəzur dəhlizi Azərbaycanın Ermənistana hücum etməsi deməkdir"- Simonyan Numan Kurtulmuşa belə deyib?

Image

Abutalıb Səmədov: "Yəni Paşinyan və Simonyan əziyyətə qatlaşıb axtarmayıblar ki, dəhlizlərin rejimi ilə bağlı heç bir beynəlxalq sənəd yoxdur"

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə Cenevrədə planlaşdırılan görüşün niyə baş tutmadığını təxmin edir.

“Mənim köməkçim yazdı: səbəb nədir və cavab olaraq bizə dedilər ki, birincisi, cənab Simonyanın bəzi bəyanatları, ikincisi, frankofoniya zamanı baş verənlər”, - Simonyan Azadlıq Radiosunun erməni xidmətinə müsahibəsində belə deyib.

O, bunun tarixi vətən axtarışı ilə bağlı bəyanat olduğundan şübhələnir.

“Bu, Bakıdan gələn çoxsaylı nifrət və düşmənçilik ifadələrinə birbaşa cavab idi”, - Simonyan bildirib.

O, Bakının sülh müqaviləsi imzalamaq üçün Ermənistanın öz Konstitusiyasını dəyişməli olması ilə bağlı bəyanatlarına, həmçinin sülh prosesinin dalana dirənməsi ilə bağlı iddialarına da münasibət bildirib.

“Xeyr, biz bunu deyə bilmərik və etməməliyik ki, bu prosesin dalana dirənməsinə imkan verməməliyik və Ermənistana, bəlkə də Azərbaycana düşmən münasibət bəsləyən o insanlar, dövlətlər bunu istəyir və hesab edirəm ki, bu anlayış Azərbaycanda da var”, - Simonyan bildirib.

O, eyni zamanda qeyd edib ki, Ermənistanın daha güzəştə getməli heç nəyi yoxdur. Spiker həmçinin bildirib ki, türkiyəli həmkarı Numan Kurtulmuşla söhbətində o, Ermənistan üçün qəbuledilməz olan “Zəngəzur dəhlizi” ifadəsini işlətməməyə çağırıb, çünki “erməni tərəfi üçün bu, Azərbaycanın Ermənistana hücum edəcəyi anlamına gəlir”.

“Konstitusiya məsələsinə gəlincə, mən düşünmürəm ki, biz qərar verməliyik, lakin dəhliz məsələsində bu bizim üçün qırmızı xətdir”, - Simonyan bildirib.

Erməni spikerin mövqeyini şərh edən politoloq Abutalıb Səmədov bildirdi ki, Alen Simonyanın və digər erməni rəsmilərinin bu cür bəyanatlar verməsinin kökündə iki amil dayanır: "Birincisi, bu iddiaların arxasında Amerikanın, Fransanın və Qərb dövlətlərinin dayandığı heç kimə sirr deyil. Bu cür bəyanatlar verdikdə onlar güman edirlər ki, Qərbin onlara dəstəyi bir qədər də artacaq - Qərbə göstərdikləri xidmətin sayəsində həm siyasi, həm hərbi, həm də maliyyə dəstəyi gələcək. Çox təəssüf ki, bu bəzən elə belə də olur. Son aylar sülh prosesinin pozulması üçün əlindən gələni edən Ermənistan hər addımda həm Amerika, həm də Avropa ölkələri tərəfindən dəstəklənib. Bu yalnız siyasi dəstək deyil, çox təəssüf ki, Qərb və ABŞ tərəfindən Ermənistana ciddi hərbi-iqtisadi dəstək verilir. Bu amillər Ermənistan rəsmilərini bu cür sülh prosesini pozan bəyanatlar verməyə sövq edir.

Alen Simonyan özü də bu yaxınlarda etiraf etmişdi ki, sülh prosesini Ermənistan özü pozur. O açıq şəkildə demişdi ki, əgər biz Qarabağ ermənilərinin məsələsini sülh sazişinə salmağı təkid eləməsəydik, indiyə qədər bir neçə dəfə sülh sazişi imzalana bilərdi. Yəni 2023-cü ildən bəri ermənilər sülh sazişi çərçivəsində reallıqdan kənar tələblər qoyublar və son nəticədə sülh sazişinin imzalanmasını pozublar. İndi isə sülh sazişi dalana dirənib. Əvvəl tələb etdilər ki, sülh prosesi Minsk Qrupunun vasitəçiliyi ilə həyata keçirilsin. Daha sonra Qarabağa status tələb edirdilər, bundan sonra ermənilərin təhlükəsizliyi məsələsini ortaya atdılər. Bu yaxınlarda isə Qranadada həmin üç prinsip məsələsi qoyuldu. Çox təəssüf ki, həm Fransa, həm Almaniya, həm də Avropa Birliyi ermənilərə dəstək verdilər. Bu dövlətlər ermənilərin sülh sazişini uzadan bu üç təklifini imzaları ilə təsdiqlədilər. İndiki şəraitdə konstitusiyanın dəyişdirilməsi məsələsini qəbul etmək istəmirlər. Baxmayaraq ki, bunsuz sülh sazişinin imzalanması qeyri-mümkündür. Ola bilsin, ermənilər bunu başa düşmürlər - Ermənistan konstitusiyasının preambulasında Qarabağın Ermənistana birləşdirilməsi öz əksini tapıb. Özü də bu birbaşa yazılmayıb. Ermənistan konstitusiyasının preambulasında müstəqillik bəyannaməsinə istinad var, bəyannamədə isə sözügedən qərara istinad edilir. Bu səbəbdən sülh sazişi konstitusiya məhkəməsindən rəy ala bilməz. Əgər alınsa da, bu legitim sayıla bilməz. Çünki göz qabağındadır ki, Ermənistan konstitusiyasına görə Qarabağ onların ərazisidir, digər tərəfdən isə Azərbaycanın ərazi bütövlüyünü əks etdirən sülh sazişi imzalanır. Tutaq ki, bu baş verdi, belə bir saziş imzalandı. Nə Paşinyan, nə də konstitusiya məhkəməsinin hakimlari əbədi deyil, sabah onları əvəz edənlər bu ziddiyyəti əsas tutub sülh sazişini etibarsız elan edə bilərlər. Azərbaycan dayanıqlı sülhə nail olmaq istədiyinə mane olan məqamları düzəltməyi təklif edir ki, gələcəkdə heç bir problem olmasın. Ən əsasi, preambulanın dəyişdirilməsı üçün referenduma heç bir ehtiyac yoxdur, parlament üçdə iki səs çoxluğu ilə bu addımı ata bilər. Yəni elə bir ciddi çətinlik olmadıği halda ermənilər bunu həlledilməz problemə çevirməkdə davam edirlər. Bu, Ermənistan hakimiyyətinin nə qədər bərbad vəziyyətdə olmasının göstəricisidir. Bəzən bizdə də buna bənzər bəyanatlar verənlər tapılır.

Alen Simonyan və Nikol Paşinyan elə bilirlər kimi, "dəhluz" sözü dövlətin suverenliyini və yurisdiksiyasını pozan bir məfhumdur. Bəlkə də heç maraqlanmayıblar ki, "dəhliz" nə deməkdir. Doğrudan da, bu barədə beynəlxalq bir sənəd varmı? Yəni "dəhliz" sözü eksterritoriallığı ehtiva edirmi? Yəni Paşinyan və Simonyan əziyyətə qatlaşıb axtarmayıblar ki, dəhlizlərin rejimi ilə bağlı heç bir beynəlxalq sənəd yoxdur. "Dəhliz" ifadəsi elə kommunikasiya deməkdir. Dəhlizlər o zaman xüsusi statusa malik olurlar ki, bunu tərəflər imzaları ilə təsdiq eləsinlər - bu barədə müqavilə olsun. Biz ona Zəngəzur dəhlizi deyiriksə, onun Ermənistanın suverenliyinə və ya yurisdiksiyasına heç bir təsiri yoxdur. Artıq necə ildir ki, ermənilər "dəhliz" sözü ilə manipulyasiya edirlər. Dünyada iki cür dəhliz var - humanitar və nəqliyyat dəhlizləri. Onların statusu barədə beynəlxalq sənəd yoxdur. Tərəflər xüsusi status vermirlərsə, dəhlizlər adi kommunikasiyalardan hec nə ilə fərqlənmirlər. Yəni "dəhliz" ermənilərin düşündüyü kimi təhlükəli ifadə deyil.

Fikrimcə, "Zəngəzur dəhlizi" ifadəsindən bu qədər qorxmaq, onu özünün "qırmızı xətti" elan etmək Ermənistan hakimiyyətinin nə qədər bərbad olmasının göstəricisidir.

Digər tərəfdən, Ermənistan hakimiyyəti düşünür ki, COP29 ərəfəsində Azərbaycana təzyiq etmək mümkündur. Çünki Azərbaycan həmin tədbirin yüksək səviyyədə keçməsində maraqlıdır. Düşünürlər ki, müəyyən dövlətlərin rəhbərləri bu tədbirdə iştirak etməsələr Azərbaycanın nüfuzuna xələl gələ bilər və bu səbəbdən Azərbaycan tədbir ərəfəsində müəyyən güzəştlərə gedə bilər. Ancaq Azərbaycan hakimiyyətinin mövqeyi ortadadır, heç bir güzəşt ola bilməz. Razılığa gəlinməmiş üç bənd barədə razılığa gəlinmali və konsultasiyada dəyişiklik edilməlidir. Bunu qısa müddətdə etmək olar. Ermənistan nə qədər havadarlarına güvənsə də, onların xoşuna gələn bəyanatlar versə də, son nəticədə ədalətli tələbləri yerinə yetirmək məcburiyyətində qalacaq. Beynəlxalq hüquq bunu tələb edir və heç kim sona qədər Ermənistana dəstək verməyəcək. Son dörd ildə yaşananları ermənilər təhlil etsələr, bu onlara düzgün qərar qəbul etməkdə yardımçi ola bilər".

Dəniz NƏSİRLİ





Chosen
34
baki-xeber.com

1Sources