EN

TFF-nin legionerlərlə bağlı yeni meyarları bəlli oldu

Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu bir neçə gün öncə legioner limiti ilə bağlı yeni qərarı açıqlamışdı.

O qatıldığı bir verilişdə bu açıqlamaları vermişdi:

“1-ci liqada əcnəbilərin nə işi var? O turnirdə legioner olmayacaq. Amma superliqada limiti aradan qaldıracağıq. Klublar meydana 11 legionerlə çıxa biləcək. Limit təbiq etməyin heç bir mənası yoxdu. Sadəcə, ölkəmizə gələn legionerlər üçün mütləq meyarlar tətbiq olunacaq”.


Bu arada Türkiyə mətbuatına inansaq, federasiya rəsmiləri artıq həmin meyarları müəyyənləşdirib. Qardaş ölkədə gələn mövsümdən etibarən əcnəbi oyunçuların transferləri yaş və yığma komanda tələblərinə əsasən reallaşacaq. Belə ki, yaş limitinin 24 olacağı gözlənilir. Elita təmsilçiləri yaşı 24-dən yuxarı olan maksimum üç əcnəbi futbolçu transfer edə biləcək. Bu oyunçularla bağlı da tələblər olacaq. Onlar son bir ildə öz yığmalarının oyunlarının 75 faizində iştirak etməlidilər. Yalnız bu meyara uyğun gələnlərin transferinə icazə veriləcək. TFF bir növ ingilislərin yolu ilə gedir. İngiltərədə də oxşar tələblər qüvvədədi, hətta vaxtilə həmvətənimiz Araz Abdullayev məhz bu üzdən “Everton”da debüt edə bilmədi.

TFF bununla da Türkiyəyə aşağı səviyyəli əcnəbilərin gəlməsinin qarşısını alacaq. Yalnız gənc və istedadlı legionerlər gətiriləcək. Hacıosmanoğlunun da dediyi kimi, ən radikal qərar 1-ci liqa ilə bağlı olacaq. Türkiyə futbolunda səviyyəsinə görə 2-ci turnir sayılan bu liqada klublara legioner transfer etməyə icazə verilməyəcək! Düzdü, müqavilə müddəti davam edən əcnəbilər öz klublarında oynamaqda davam edəcəklər. Amma onlardan başqa heç bir yeni legioner olmayacaq. Bununla da 1-ci liqa tədricən yalnız yerli futbolçuların yarışdığı turnirə çevriləcək. Və nəhayət, “mavi kart” qərarı da aradan qaldırılacaq. Yəni türkdilli dövlətlərdən gələn, ya da başqa ölkələrin yığmasında forma geyən türkiyəli oyunçular artıq superliqada legioner statusunu daşıyacaq.

Amma Kərəm Dəmirbay, Bəxtiyar Zaynutdinov kimi müqavilə müddəti davam edən oyunçular sona qədər yerli futbolçu statusunda oynamaqda davam edəcəklər.
Chosen
26
football-plus.az

1Sources