EN

Türkiyəli mütəxəssis Moldova klubunun başına keçdi

Türkiyənin tanınmış mütəxəssislərindən olan Hikmət Karamandan xəbər var.

64 yaşlı məşqçinin yeni klubunun adına aydınlıq gəlib. O, Moldova təmsilçisi “Zimbru”nun “sükanı arxasına” keçib. 1998-ci ildən baş məşqçi kimi çalışan Karaman bununla da karyerasında ilk dəfə Türkiyədən kənarda işləyəcək. “Zimbru” 8 komandalı Moldova çempionatında 9 turdan sonra 13 xalla 4-cü pillədə qərarlaşıb və lider “Şerif”dən 12 xal geridədi. Kişinyov təmsilçisi son 4 turdan 1 heç-heçə, 3 məğlubiyyətlə ayrılıb. Son turda səfərdə “Milsami” ilə oyunda qeydə alınan 1:3 hesablı məğlubiyyətdən sonra baş məşqçi Lilian Popesku istefaya göndərildi. 51 yaşlı rumıniyalı mütəxəssis bu vəzifəni 2022-nin yayından icra edirdi.

“Zimbru” 8 qat ölkə çempionudu və bu göstəricidə “Şerif”dən (21) sonra ikinci pillədədi. Amma komanda bütün çempionluqlarını 1990-cı illərdə qazanıb. Son çempionluq 1999/00 mövsümündə əldə olunub. “Zimbru” ötən mövsümü 3-cü pillədə tamamlamış və kubokun finalına qədər irəliləmişdi. Kişinyovlular bu mövsüm Konfrans Liqasının təsnifatında “Ararat”a uduzaraq mübarizəni dayandırmalı olmuşdular. Qeyd edək ki, “Zimbru”nun vitse-prezidenti vəzifəsini sabiq türkiyəli basketbolçu Ərman Çalışır icra edir. Karamanın təyinatında onun da rolu böyük olub.

Hətta klub prezidenti Andrey Semençuk bu təyinatla bağlı rəsmi açıqlamasında ona təşəkkürünü bildirib. 2002-ci ildə “Kocaelispor”la Türkiyə kubokunu qazanmış Karaman sonuncu dəfə ötən mövsümün gedişində “Adana Dəmirspor”u çalışdırmışdı. Tərəflər mövsüm bitəndən sonra yollarını ayırmışdılar. Sonda xatırladaq ki, 2019-20-ci illərdə Moldova yığmasını da türkiyəli Əngin Fırat çalışdırmışdı.

Chosen
19
football-plus.az

1Sources