EN

“Cərimə olunmadıqları üçün etinasız yanaşırlar…” — Siqaret qadağasına əməl edən yoxdur

İctimai yerlərdə siqaret çəkənlərə hələ də rast gəlirik. Xüsusən də şadlıq saraylarında, kafe və restoranlarda, gözəllik salonlarında belə hallar tez-tez baş verir. Bəzi belə məkanlarda siqaret çəkənlər üçün ayrılmış yerlər olmur və digər insanlar da məcburən siqaretin zərərli tüstüsünə məruz qalmalı olurlar. Əksər vaxtlarda məkanın müdiriyyəti də bu vəziyyətə müdaxilə etmir. 

Problemə münasibət bildirən sosioloq Lalə Mehralı Demokrat.az-a açıqlamasında deyib ki, passiv siqaret istifadəçiləri aktiv istifadəçilərdən daha çoxdur:

“Çünki ailədə bir nəfər aktiv siqaret çəkən varsa, həmin ailədə 3-4 passiv istifadəçi də var deməkdir. Orta statistik Azərbaycan ailəsində belədir. Yəni, bir nəfər siqaret çəkir və digər ailə üzvlərinə də ziyan vermiş olur, əslində, amma bunun fərqində olmur. Şadlıq evlərində, çay evlərində, kafe və restoranlarda passiv şəkildə siqaret tüstüsünə məruz qalan xeyli insan var. Nəticədə onkoloji problemlərlə bağlı şikayətlər günü-gündən artır”. 

Ekspert əvvəllər ictimai yerlərdə siqaret çəkilməsinin qadağan olduğunu deyib:

“Amma son dövrlər müşahidə edirik ki, 200-300 nəfərlik şadlıq saraylarında da insanlar rahatlıqla siqaret istifadə edirlər. Başqalarına bunun zərər verdiyini düşünən də yoxdur. Məkan sahibləri, sahibkarlar qadağalara riayət etmirlər. Buna görə qanunən cərimə var, amma yəqin ki cərimə olunmurlar deyə etinasiz yanaşırlar”. 

L.Mehralı bildirib ki, siqaret çəkmək üçün küçələrdə, parklarda xüsusi yerlər nəzərdə tutulub:

“Bununla bağlı ciddi işlər həyata keçirilir. Siqaret kötüklərinin yerə atılmasına görə cərimələr yeniləndi, amma yenə də hamı özünü belə məsələlərdə məsul bilməlidir. Sahibkar da, işçi də, ailə başçısı da – hər kəs, bir sözlə. Çəkilən bir siqaretin tüstünü yalnız onu çəkən şəxsə ziyan vermir, bu, bütünlüklə atmosferə, canlılara, ətrafdakı digər insanlara da ziyan verir. Bunun fərqində olmaq lazımdır”.

Törə Zeynallı
Demokrat.az
Chosen
15
1
demokrat.az

2Sources