EN

“Mən cərimələrin artırılmasının əleyhinə səs verdim, çünki...” - SENSASİON MÜSAHİBƏ

Ədalət, Hüquq və Demokratiya Partiyasının sədri, deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Qüdrət Həsənquliyev Musavat.com-a geniş müsahibə verib.

Bu günlərdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və bir qrup deputat Özbəkistan Respublikasına səfər edib.

Qüdrət Həsənquliyev və həmkarları Şeyxlülislamla birgə Özbəkistan prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü və dəstəyi ilə keçirilən “İslam - sülh və xeyirxahlıq dinidir” mövzusunda Beynəlxalq Elmi-praktiki Konfransda iştirak ediblər.

Həsənquliyev Özbəkistan təəssüratlarını bölüşüb, həmçinin son günlərin ən aktual mövzusu olan cərimələrlə bağlı sualları cavablandırıb. Qeyd edək ki, o, cərimələrin artırılması ilə bağlı fərqli fikirdədir.

Müsahibəni təqdim edirik:

- Qüdrət bəy, Milli Məclisin yeni tərkibi haqqında fikriniz, müşahidələriniz necədir?

- Hələ qanunvericiliyin müzakirəsi ilə əlaqədar olaraq cəmi iki iclas keçirilib. Ona görə yekun söz söyləmək çətindir. Amma yeni seçilən millət vəkillərindən də artıq müzakirələrə qatılanlar və səmərəli təklif verənlər var. Əvvəlcədən də onların içərisindən yaxşı mənada şəxsən tanıdığım hazırlıqlı, siyasi baxımdan yetkin insanlar var. Ümid edirəm ki, yeni parlament əvvəlkindən daha uğurlu fəaliyyət göstərər. Hər halda mən bunu arzulayıram.

- Bu günlərdə Türkistan ellərindəydiniz, Özbəkistandan səfərdən qayıtmısınız. Özbəkistandan Azərbaycan necə görünür və bizə münasibət necədir?

- Özbəkistanda Azərbaycana çox böyük hörmət və diqqət var. Bunu konfransın gedişində də rəsmilərin bizə olan münasibətindən hiss etdik. Prezidentin adından Azərbaycan nümayəndə heyəti üçün ayrıca bir ziyafət verildi. Həmçinin prezidentin Şeyxülislama hədiyyəsi təqdim olundu. Biz bilirik ki, torpaqlarımız işğal altında olanda bu səbəbdən Özbəkistan heç vaxt Ermənistanla diplomatik əlaqələr qurmayan bir neçə ölkədən – digərləri qardaş ölkələr Türkiyə və Pakistan - biri idi. Orda Azərbaycanı çox sevirlər. Azərbaycanlılar da kifayət qədərdir.

Ölkədə böyük bir inkişaf var. Prezident Mirziyoyev müəyyən iqtisadi azadlıqlar verib və bu azadlqlardan istifadə edirlər. Azərbaycan diasporunun təmsilçiləri ilə də görüşmək imkanımız oldu, həmçinin səfirliyin nümayəndələri ilə, səfirlə görüşdük. Onlar da söylədilər ki, Çin, Sinqapur, Türkiyə Özbəkistanda böyük investisiya layihələri həyata keçirir. O cümlədən Emin Ağalarov Bakıdakı “Sea Breeze”də olduğu kimi, Daşkənddə də böyük layihələri gerçəkləşdirməyə başlayıb. Bakıda mənzil tikintisi ilə bağlı böyük problemlər yaradıldığından, Azərbaycanın tikinti şirkətləri müxtəlif ölkələrə üz tutublar, o cümlədən də Özbəkistana. Süni problemlər səbəbindən keçən illə müqayisədə Azərbaycanda mənzil tikintisi 36 faiz azalıb. Bu da ona gətirir ki, evlərin qiyməti aşağı düşmür və tikinti şirkətlərinin bağlanmasına görə nə qədər insan iş yerlərini itirir, büdcəyə vergi daxilolmaları azalır, tikintiyə bağlı sahələr müflisləşir, maliyyə vəsaitləri xaricə çıxarılır. Azərbaycanlılar Özbəkistana investisiya qoymağa başlayıblar. Şəhərin mərkəzi xeyli abadlaşdırılıb. Özbəkələrin gələcəyi ilə bağlı çox nikbinəm. Əhalisinin də sayı artıq 37 milyona çatıb. Azərbaycan-Özbəkistan iqtisadi, humanitar, mədəni əlaqələri daha da inkişaf edə bilər. Dilimiz də çox oxşardır. Bir az diqqətli olanda onları başa düşmək olur, sözlərin kökü eynidir. Əminəm ki, bir neçə ay özbək dilini məişət səviyyəsində öyrənmək üçün yetərlidir. Məsələn, Şeyx həzrətləri orada ali dini təhsil aldığına görə konfransdakı çıxışını da özbək dilində etdi və iştirakçılar tərəfindən çox isti qarşılandı. Eyni millətik. Buradan da ora təyyarə ilə cəmi 2 saatlıq yoldur, çox yaxındır. Əlaqələri inkişaf etdirmək, genişləndirmək lazımdır. Kimlə görüşürdüksə, onlar da arzularını ifadə edirdilər ki, biz daha yaxın olmalıyıq. Musiqimizi çox sevirlər, səsləndirirlər, demək olar ki, çox oxşardır. Azərbaycana münasibət olduqca yaxşıdır və sözün doğrusu, bu, məni çox sevindirdi.

- İnşallah, Turanın qurulması yaxındadır.

Chosen
5
7
publika.az

8Sources