EN

Prokurorluq COP29-la bağlı Vyanada təşviqat tədbiri keçirdi - FOTOLAR

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Vyanaya işgüzar səfər edib. 

"Cebheinfo.az" xəbər verir ki, Azərbaycanın Baş Prokurorluğu və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi (BMTNCİ) tərəfindən “Cinayətin qarşısının alınması və ədalət mühakiməsi yolu ilə insanları və planeti qorumaq - Vyanadan (UNTOC-COP12) Bakıya (UNFCCC- COP29)” adlı xüsusi sessiya keçirilib.

Tədbirdə xarici ölkələrin Vyanada akkreditə olunmuş səfirliklərinin, Avstriya və Taylandın Baş prokurorluqlarının, Beynəlxalq Antikorrupsiya Akademiyasının və Beynəlxalq Prokurorlar Assosiasiyasının rəhbər vəzifəli şəxsləri iştirak ediblər.

BMT-nin baş katibinin müavini, BMTNCİ-nin icraçı direktoru və Vyana ofisinin rəhbəri Qada Vali ölkəmizdə noyabr ayında keçiriləcək ən böyük iqlim konfransı, COP29-a hazırlıq çərçivəsində Azərbaycan sədrliyi tərəfindən görülən işləri yüksək qiymətləndirib.

Kamran Əliyev Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi altında COP29-a ən yüksək səviyyədə aparılan hazırlıq işlərinin yekunlaşma ərəfəsində olduğunu bildirib.

Eyni zamanda, COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu və BMTNCİ tərəfindən təşkil olunan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən həmsədrlik edilən 15 noyabr tarixində keçiriləcək “İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması” adlı yüksəksəviyyəli sessiya barədə iştirakçılara məlumat verilib.

Tədbirdə COP29-un promo çarxı nümayiş etdirilib.

Səfər çərçivəsində Kamran Əliyev və Qada Vali arasında ikitərəfli görüş keçirilib. Baş prokuror tərəfindən Azərbaycan hökuməti ilə BMT arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə olunaraq ölkəmizin hüquq-mühafizə orqanları ilə BMTNCİ arasında transmilli cinayətkarlığa qarşı mübarizədə əməkdaşlığın uğurla davam etdirildiyi qeyd olunub.

Həmçinin səfər çərçivəsində BƏƏ-nin Daxili İşlər Nazirliyinin rəhbərliyi ilə görüş keçirilib. Sözügedən ölkənin Baş nazirinin müavini - daxili işlər naziri şeyx Saif bin Zayed əl Nəhyanın salamları Kamran Əliyevə çatdırılaraq COP29 çərçivəsində təşkil olunacaq yüksəksəviyyəli sessiyada BƏƏ tərəfindən həmsədrlik edilməsinə dair razılıq verilməsinə görə Azərbaycan tərəfinə təşəkkür ifadə olunub.

Görüşlərdə Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Rövşən Sadıqbəyli iştirak edib.

Nümayəndə heyətinin Avstriyaya işgüzar səfəri başa çatıb.

"Cebheinfo.az"

Chosen
3
29
cebheinfo.az

10Sources