EN

Süni intellektə əsaslanan quruculuq

Bakıda keçirilən Birinci Avrasiya Forumu süni zəka ideyalarının təşviqində faydalı platforma hesab edilir

Forumda müxtəlif ölkələrdən süni intellekt nəzəriyyəsi, innovativ metodların hazırlanması və tibb, kibertəhlükəsizlik, idman və kənd təsərrüfatı kimi sahələrdə data elminin tətbiqi ilə məşğul olan aparıcı alimlər bir araya gəlib. Tədbirdə İsrail, Portuqaliya, Cənubi Koreya, ABŞ, Rusiya və digər ölkələrdən nümayəndələr iştirak edir. Forumda qeyd edilib ki, müasir texnologiya və innovasiyaların daim inkişaf etdiyi dünyada unikal bacarıq və zəngin təcrübəyə malik şəxslər başqalarının həyatına əhəmiyyətli təsir göstərir. Bu ekosistemin əsas hərəkətverici qüvvəsi kimi süni intellekt daha ön plana çıxmaqdadır. Süni intellekt proqramları danışa və hərəkət edə bilən robot kimi hər gün gündəlik həyatın ayrılmaz texnologiyasına çevrilib.

SOCAR, sənaye parkları, tikinti və idmanda...

Hazırda ölkəmizdə süni intellekt müxtəlif sahələrdə, o cümlədən, sənaye, energetika, kənd təsərrüfatı, SOCAR-ın müsəssisələri və sənaye parkları, futbol, güləş, cudo və digər sahələrdə daha geniş tətbiq edilir. Bundan başqa, müxtəlif biznes layihələrində, tikinti və texnologiyalar sahələrində süni intellekt və robotlar vasitəsilə müxtəlif layihələrin icrası həyata keçirilir. Bununla yanaşı, gömrük məntəqələrində xüsusi komputerlər və kameralar vasitəsilə məhsulların skan olunması və gömrük araşdırmalarının süni intellekt əsasında aparılması istiqamətində işlər gedir. Azərbaycan dilinin korpusunun yaradılması, çağrı mərkəzlərində süni intellekt vasitəsilə səsin, yazının tanınması və insanlara cavab verilməsi, generativ əsaslı xüsusi mobil tətbiqlər vasitəsilə insanlar arasında ünsiyyətin qurulması və məlumat mübadilələrinin qurulması istiqamətində də işlər aparılır.

IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov Birinci Avrasiya Forumunda ölkəmizdə süni intellekt proqramlarının icrası bardə danışarkən bildirib ki, Azərbaycan aparıcı beynəlxalq rəqəmsal texnologiya şirkətləri ilə sıx əməkdaşlıq edir. Bu istiqamətdə onlayn təhsil platformalarından biri olan “Coursera” ilə qurulmuş əməkdaşlıq çərçivəsində minlərlə vətəndaşımız faydalanıb və süni intellekt sahəsində innovasiyaları təşviq edən 42 ölkə və 118 proqram arasında qalib olub. Həmçinin Azərbaycan dilində generativ süni intellekt və böyük dil modelləri var ki, bu da innovativ təşəbbüsləri və ideyaları inkişaf etdirməyə imkan verir. Təkcə, “Coursera” platformasındakı 20 kursun təşkili “DeepFake” texnologiyası vasitəsilə Azərbaycan dilinə tərcüməyə imkan verəcək.

Qarabağ və Şərqi Zəngəzurda “ağıllı  texnologiyalar”ın tətbiqi genişlənir

Ölkəmiz süni intellekt sahəsində Estoniya, Danimarka, İsveçrə və digər ölkələrlə də faydalı əməkdaşlıq quraraq müasir rəqəmsal innovasiyaların yeni modellərin sənayeyə, elm və təhsilə gətirilməsinə xüsusi diqqət yetirir. Bu sahədə ən unikal layihələrdən biri hesab edilən “E-Twinning” layihəsi çərçivəsində ortaq təhsil layihələrinin yaradılması süni intellekt sahəsində şagirdlərin proqramlaşdırma bacarıqlarının inkişafına və yeni texnologiyalar üzrə biliklərinin formalaşmasında müstəsna rol oynayacaq.

Süni intellektlərin geniş istifadə olunduğu texnologiyalar ağıllı sistemlərə əsaslanır. Bu baxımdan Azərbaycanda son dövrlərdə “ağıllı texnologiyalar”a   geniş yer verilməsi post-industrial və yeni sənaye inqilabı quruculuğu hədəflərinə tam cavab verir.  Qarabağ və Şərqi Zəngəzurda “ağıllı kənd”, “ağıllı şəhər” konsepsiyasından istifadənin artması da müasir süni inlellekt  texnologiyalara keçidin sürətlənməsindən xəbər verir.

Dünyanın ən nəhəng İT şirkətləri, rəqəmsal konqlomeratları süni zəkaya böyük həcmdə sərmayələr yatırır. Təkcə “Google” şirkəti hər il bu sektora bir neçə milyard dollar xərcləyir. Bu şirkətin Nyu-York, Toronto, London, Sürix və Pekində süni intellekt üzrə elmi-tədqiqat mərkəzləri fəaliyyət göstərir ki, bu da süni intellekt ideyalarının təşviqi və istehsalın artmasında mühüm rol oynamaqdadır.

Robot texnologiyaları ÜDM-in artmasında əsas sütunlardan birinə çevrilir

Robot texnologiyaları qlobal ÜDM-in artmasına, inkişaf etmiş ölkələrin milli məhsul istehsalında əsas əlavə dəyər yaradan sahələrdən birinə çevrilməkdədir. Yaponiya və Çin iqtisadiyyatında yaranan əlavə dəyərin təxminən 1 faizə yaxını bu sektorun payına düşür. 2030-cu ilədək süni intellekt sahəsində Çinin gəliri təxminən 60 milyard dollar təşkil edəcək.

Bu baxımdan Azərbaycan da qlobal rəqəmsal çağırışlardan geri qalmamaq üçün özünün strateji konseptini müəyyən edir. Azərbaycan hökumətinin hazırladığı yeni rəqəmsal iqtisadiyyat strategiyasında da süni intellektin inkişafına dair hədəf prioritetləri nəzərdə tutulub. Yeni dövrdə qurulacaq ekosistem startup, inkubasiya və akselerasiya mərkəzləri, vençur və kraudfandinq institutları və s. texnoloji tutumlu sahələrə söykənəcək. Bu infrastrukturu qurmaq üçün Mərkəzi Bank Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ötən il Anlaşma Memorandumu imzalayıb və sənəd çərçivəsində süni intellekt sahəsində layihələrin və ideyalara maliyyə dəstəyinin verilməsi nəzərdə tutulur. Bu platforma həm də süni intellektə əsaslanan startapların və şirkətlərin Azərbaycana cəlb edilməsi, ölkəmizin startaplarının xarici tərəfdaşlarla əlaqələrinin qurulması və əlavə dəyər yaradan milli sektorun möhkəmlənməsinə xidmət edir.

Süni intellekt ölkəmizə 4,4 milyard dollar gəlir gətirəcək

Respublikamız 2040-cı ilə qədər iqtisadi artımın sürətləndirilməsində süni intellektin imkanlarından istifadə etməyi planlaşdırır və bu istiqamətdə beynəlxalq təşkilatlar və konsaltinq şirkətlərlə birgə layihələr icra etməyi düşünür. Qiymətləndirmələrə görə, Azərbaycan dilində generativ süni intellekt ölkə iqtisadiyyatına əlavə 4,4 milyard dollar gəlir gətirəcək. Bundan əlavə, böyük həcmli məlumatları generasiya edə biləcək rəqəmsal proqramın istifadəyə verilməsi bu potensialı daha da böyüdərək əlavə dəyərin həcmlərini də artıra bilər.

Ötən həftə Bakıda keçirilən “INMerge İnnovasiya Sammiti” çərçivəsində aparılan səmərəli müzakirələr və rəqəmsal icmanın nümayəndələri arasında məsləhətləşmələrdən sonra imzalanmış sənədlər də ölkəmizin süni intellekt quruculuğu yönündə iradəsini nümayiş etdirir. Bir neçə gün əvvəl Azərbaycanın “Epoint” startapı ilə Gürcüstanın “CityPay” startapı arasında imzalanmış memorandum isə Cənubi Qafqazda süni zəka formatının inkişafı üçün təməllərdən biri hesab edilə bilər.

Süni intellekt əmək bazarına da müdaxilə edir

Süni intellekt əmək bazarında bir sıra meyarları nəzərə almağı tələb edir, əməyin yeni iqtisadi bölgüsünü formalaşdırır. Proqnozlara görə, süni intellektin iqtisadiyyatda dərin nüfuzu sayəsində 2030-cu ilədək dünyada sənaye sektorunun əmək qüvvəsinin təxminən 30-40 faizi robot texnologiyalarına əsaslanacaq. İnsanın fiziki əməyi tədricən azalacaq və robot innovasiyaları bir sıra aparıcı sənaye sektorlarını idarə edəcək. Bu isə əhalinin məşğulluq imkanlarına da ciddi təsirlər göstərəcək. Ehtimallara əsasən, dünyada işləyən əhalinin üçdə biri, Yaponiyada isə təqribən yarısı bu səbəbdən yeni peşələr axtarmaq məcburiyyətində qalacaq.

Gələcək illərdə dünyada artan rəqabətə hazır olmaq üçün hər bir ölkənin prioriteti yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır. Bunun üçün müasir təhsil, innovasiyaları təşviq edən münbit şərait əsas şərtdir. Bu prioritetin uğurla reallaşdırılması üçün qarşıdakı onilliklərin əmək bazarının tələblərinə cavab verən təhsil, yaradıcı və innovativ cəmiyyət quruculuğu daha da genişlənməli, bu tələbatları nəzərə alaraq ölkəmizdə də rəqəmsal intibahın ehtiyaclarına uyğun yeni “hərəkətverici qüvvələr” tapılmalıdır.

Ümumilikdə, Azərbaycanın texnologiyalar üzrə ixtisaslaşmış şirkətlərinin, dövlət qurumları və qabaqcıl təhsil müəssisələrinin dünyanın aparıcı şirkətləri ilə bir araya gəlməsi, forum və konfransların keçirilməsi ölkəmizdə rəqəmsal bacarıqların inkişafı və süni intellekt ekosisteminin möhkəmləndirilməsi, eləcə də bu sahədə xarici bazarlara çıxış imkanları baxımından mühüm əhəmiyyət kəsb edir.

E.CƏFƏRLİ

Chosen
18
50
yeniazerbaycan.com

10Sources