EN

GÜNDƏM: Prezident İlham Əliyev COP29-a hazırlıq işləri ilə tanış olub: Ekologiya nazirlərinin iclası və "Azərkontrakt"ın ləğvi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub.

Fins.az xəbr verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına COP29 məkanının tədbirə hazırlıq vəziyyətinə gətirilməsi barədə məruzə edib.

Qeyd edilib ki, ərazidə icra edilən tikinti-quraşdırma işləri yekun tamamlanma mərhələsindədir. Hazırlıq işlərinin sürətlə davam etdiyi nəzərə alınaraq tədbir məkanının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) tələb olunan tarixdə təhvil verilməsi planlaşdırılır.

Prezident İlham Əliyevə COP29 konfransının ilk günlərində baş tutacaq Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin təşkili istiqamətində atılan addımlar və icra olunan işlərlə bağlı da geniş məlumat verilib.

Dövlətimizin başçısı ərazidə yaradılmış infrastruktur və qurğular, informasiya texnologiyaları və təhlükəsizliyi sahəsində icra olunan tədbirlər, COP29 məkanının enerji ehtiyaclarının yaşıl enerji mənbələrindən qarşılanması üçün tətbiq edilən həllər, iştirakçıların qeydiyyat prosesi və digər sahələrdə görülən işlərlə yaxından tanış olub.

Azərbaycan Prezidentinə COP29 Yaşıl Zonada görülən işlər barədə də geniş məruzə edilib.

Dövlətimizin başçısı Media Mərkəzinə də baxıb. Burada konfrans çərçivəsində media nümayəndələrinin səmərəli işinin təşkili üçün hərtərəfli şərait yaradılır. Bildilib ki, konfransın işıqlandırılması üçün bu günə qədər ən nüfuzlu qlobal media qurumları da daxil olmaqla çox sayda media nümayəndəsi akkreditasiyadan keçib.

Prezident İlham Əliyev görüləcək işlərlə bağlı tapşırıq və göstərişlərini verib.

* * *

Prezident İlham Əliyev Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında Sərəncam imzalayıb.

Fins.az xəbər verir ki, Sərəncama əsasən, Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – “Azərkontrakt” ASC) Azərbaycan Respublikasında daxili bazarda təbii qazın qaz istehsalçılarından satın alınması, onun nəqlinin, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması sahəsində səlahiyyətləri Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (bundan sonra – SOCAR) tərəfindən həyata keçirilsin.

2. “Azərkontrakt” ASC 2024-cü il dekabrın 1-dən ləğv edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. bu Sərəncamın 1-ci və 2-ci hissələri nəzərə alınmaqla, “Azərkontrakt” ASC-nin digər səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. “Azərkontrakt” ASC-nin Azərbaycan Respublikasında daxili bazarda təbii qazın qaz istehsalçılarından satın alınması, onun nəqlinin, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması müqavilələri üzrə hüquq və öhdəliklərinin, eləcə də bu sahədə fəaliyyətdən əldə edilmiş aktivlərinin, o cümlədən pul vəsaitlərinin SOCAR-a və onun strukturuna daxil olan qurumlara ötürülməsinin 2024-cü il dekabrın 1-dək təmin edilməsi üçün tədbirlər görsün;

3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

4.1. bu Sərəncamın 1-ci və 2-ci hissələri nəzərə alınmaqla, “Azərkontrakt” ASC-nin balansında olan digər dövlət əmlakından istifadə ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

5. SOCAR:

5.1. bu Sərəncamın 1-ci, 2-ci hissələrinə və 3.2-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında daxili bazarda təbii qazın qaz istehsalçılarından satın alınması, onun nəqlinin, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması ilə bağlı strukturuna daxil olan qurumlar arasında səlahiyyət bölgüsünü təmin etsin;

5.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

* * *

Bakıda birləşdiriləcək bələdiyyələr məlum olub.

Fins.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” qanun layihəsində əksini tapıb.

Bakıda bələdiyyələrin birləşməsi yolu ilə aşağıdakı yeni bələdiyyələr yaradılacaq:

Xəzər rayonu üzrə:

- Mərdəkan və Şağan bələdiyyələrinin əhatə etdiyi Mərdəkan və Şağan qəsəbələrində Mərdəkan bələdiyyəsi.

Qaradağ rayonu üzrə:

- Çeyildağ, Sanqaçal və Ümid bələdiyyələrinin əhatə etdiyi Çeyildağ, Sanqaçal və Ümid qəsəbələrində Sanqaçal bələdiyyəsi;

- Korgöz, Qızıldaş və Puta bələdiyyələrinin əhatə etdiyi Korgöz, Qızıldaş, Puta və Şonqar qəsəbələrində Qızıldaş bələdiyyəsi.

Pirallahı rayonu üzrə:

- Çilov-Neft Daşları, Gürgən və Pirallahı bələdiyyələrinin əhatə etdiyi Çilov, Gürgən, Neft Daşları və Pirallahı qəsəbələrində Pirallahı bələdiyyəsi.

Səbail rayonu üzrə:

- Bibiheybət və Səbail bələdiyyələrinin əhatə etdiyi Səbail rayonunda (Badamdar bələdiyyəsinin ərazisini çıxmaqla) Səbail bələdiyyəsi.

* * *

Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin ekologiya nazirlərinin ilk iclası keçiriləcək.

Fins.az xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında qeyd edilib.

Bildirilib ki, iclasın 20 noyabr tarixində keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, 11-22 noyabr tarixlərində Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası keçiriləcək. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

 

Chosen
11
50
fins.az

10Sources