EN

600-dən çox bal toplayanlar bu bölmələrdə xidmət edəcək - YENİLİK

Müdafiə Nazirliyindən bir müddət əvvəl  Prezident İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan islahatlar çərçivəsində Azərbaycan Ordusunda İntellektual qabiliyyətli bölmələrin yaradıldınığı elan edilib. Belə ki, təhsildə fərqlənən istedadlı gənclərin bilik və bacarıqlarından daha səmərəli faydalanmaq, eyni zamanda onların karyera inkişafına töhfə vermək məqsədilə Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiya tətbiq edilir.

 

Yeni təlim-təcrübə konsepsiyasına əsasən, hərbi xidmətdə olan yüksək intellektə malik istedadlı çağırışçılar gənc əsgərlərin hazırlığı proqramını başa çatdırdıqdan sonra öz ixtisaslarına uyğun müxtəlif layihələrə və fəaliyyətlərə cəlb olunmaları məqsədilə hərbi xidmətlərini Milli Müdafiə Universitetinin tərkibində yaradılmış bölmələrdə xüsusi şəraitdə davam etdirəcəklər.

 

Yeni yaradılan İntellektual qabiliyyətli bölmələrdə aşağıdakı çağırışçılar xidmət edəcəklər:

 

- Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinə qəbul imtahanından 600 və yuxarı bal toplayanlar;

 

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nın şərtlərinə uyğun olan qaliblər;

 

- Cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə beynəlxalq reytinqi (“Times Higher Education (THE) World University Rankings” və ya “Academic Ranking of World Universities” (Shanghai)) 500-cü yerdən aşağı olmayan sırada yer alan xarici ali təhsil müəssisəsinin bakalavriat və ya magistratura proqramlarının məzunları.

 

Modern.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, yüksək intellektə malik, istedadlı çağırışçıların gənc əsgər hazırılığından sonra ayrıca bölmələrdə, həm də Milli Müdafiə Universitetinin tərkibində xidmət etmələri müsbət addımdır:

 

"Azərbaycan Ordusunda fərqlənən, istedadlı gənclərin bilik və bacarıqlarından səmərəli faydalanmaq barədə mənim mətbuatda daha əvvəllər çıxışlarım olub. Naxçıvan istiqamətində çox yüksək intellektə malik və əmisi də şəhid olan bir əsgərimiz həmin istiqamətdə həyatını itirdi. Bu məsələ hüquq-mühafizə orqanları tərəfindən hələ də araşdırılır. Bundan sonra mən 600 baldan yuxarı bal toplayan xarici univerisitetlərə qəbul olanların ordumuzda fərqli istiqamətdə öz bilik və bacarıqlarını daha səmərəli şəkildə təqdim edəcək platformada xidmətini təklif etmişdim.".

 

Ekspert söyləyib ki, ən qısa müddətdə həmin çağırışçıların potensialının nəticələri əldə ediləcək:

 

"Həm kompüter elmləri, həm informasiya texnologiyaları, həm süni zəka, həm də kibertəhlükəsizlik kimi müasir sahələrdə eyni ixtisasdan olan gənc istedadların bir bölmə tərkibində, xüsusi şəraitdə xidmət etməsi ordumuzun güclənməsinə, ümumilikdə isə Azərbaycanda bu sahədə yeni təkliflərin, platformaların ortaya çıxması ilə nəticələnəcək. Elm və texnologiyanın inkişafına paralel olaraq, ordular onların istifadə etdikləri silah, texnika və avadanlıqlar da inkişaf edir. Bu avadanlıqların istifadəsi üçün də yüksək intellektə malik kadrlara ehtiyac var. Bu kadrların da yaradılan intellektli bölmələrdə yetişdirilməsi imkanları yaranıb. Bu imkanlardan da  maksimum istifadə olunacağı şübhəsizdir".

Chosen
14
50
modern.az

10Sources