EN

“Milliyə dəvət mənim üçün ikiqat sevincli oldu” - Vadim Abdullayev

Azərbaycan millisinə dəvət alan “Araz-Naxçıvan”ın kapitanı Vadim Abdullayev UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 11-də Tallində Estoniya yığmasına, oktyabrın 14-də isə Bakıda Slovakiya seçməsinə qarşı mübarizə aparmaq şansı qazanıb. 

Fanat.Az xəbər verir ki, klubun saytına danışan yarımmüdafiəçi milliyə dəvət olunması ilə bağlı təəssüratlarını bölüşüb: 

“Milli komanda futbolçunun karyerasının ən uca, pik, qürur nöqtəsidir. Arzumuz idi ki, nə vaxtsa biz də ölkənin əsas komandasına dəvət alaq, oynamaq şansı qazanaq. Əlbəttə futbol camiəsi də bilir ki, mən hansı yolları keçmişəm, hansı çətinliklərə qalib gələrək buna nail olmuşam. Ona görə də bu dəfə mənim üçün ikiqat sevincli oldu. “Araz-Naxçıvan”dakı kollektivimin də əməyi danılmazdır. Onlara da təşəkkür edirəm. Bu gün “Araz-Naxçıvan” uğurlu qrafik cızmasaydı, nəticələrimiz yaxşı olmasaydı, yəqin ki, məni də dəvət etməzdilər. Bu dəvət bir kollektivin uğurudur.  

Millimizi qarşıda iki çətin oyun gözləyir. Düzdür, tanıyanlar bilir ki, meydanda mənim üçün rəqibin kimliyi önəm daşımır. Əsas olan öz oyunun, komandan üçün bacardığının ən yaxşısını etməkdir. Bir yolumuz var: özümüzə və gördüyümüz işə inanmalı, qələbə qazanmaq üçün inamla mübarizə aparmalıyıq. Şans veriləcəyi təqdirdə, yaxşı tərəfdən seçilməyə çalışacağam”.

Chosen
10
10
fanat.az

10Sources