EN

Yaxın sahillərdə – İzmir (TƏƏSSÜRAT)

Yenə kreativ tərpənən ETOPAZ bu dəfə redaksiyamıza İzmirə ezamiyyə barədə təklif etdi. Biz milli komanda ilə Estoniya səfəri barədə düşünərkən, başını itirmiş AFFA-nın anormallıqlarına mane ola bilməyəcəyimizi də bilirdik, ona görə də Türkiyənin üçüncü ən böyük şəhərinə, Egeyin tarix qoxan sahilinə getmək daha maraqlı idi.

Bizi İzmirin və Türkiyənin ən çılğın və sadiq azarkeşlərindən birinin tribunasında – “Göztepe”nin Super Liqa matçında olmaq ilgiləndirməyə bilməzdi.

Həm “Sivasspor”la qarşılaşmanı izləmək, həm də İzmirin göz bəbəyi tarix muzeyi ilə tanışlıq yüksək əhval, xüsusi təəssürat yaratdı.

ETOPAZ müstəqil idman mediasının fəaliyyətinə necə həssas yanaşırsa, dəstək olursa, eyni dərəcədə ezamiyyətləri təşkil olunur. Yalnız işi düşünmək. Başqa qayğı? – anında həll olunur. Belə ortamda işləməyə nə var ki – zövq alırsan.

İstanbulun daha sakit versiyası saya biləcəyimiz İzmiri Bakıya bənzədənlər də yanılmayıb. Amma ən çox Afinaya oxşatdığım bu şəhər sahilboyu və yamacda aynabənd kimidir sanki.

Türk dünyasının dühalarından biri Atatürkün ən sevdiyi şəhər elə onun qoyduğu ənənəyə sadiq qalıb.

Şəhərin mərkəzi meydanında at belində heykəli ucaldılıb Atatürkün. Heç bir fanatizmə qucaq asmamış İzmir modern toplumu ilə fərqlənir, bunu şəhərlə tanışlığın ilk anlarından sezmək olur.

Qiymətlərin sürətlə bahalaşdığı Türkiyədə İstanbula səfərlər də bizim turistlər üçün əvvəlki kimi sərfəli deyil, ancaq İzmir nisbətən daha uyğun şərtlərlə qarşılayır.

İlk günümüz həmkarım Aydın Bağırovun təklifilə füsunkar sahildə balıq dadmaqla başladı. Urbanistik soyuqluğu hiss etmədiyimiz bu şəhər Bakıda geyindiyimiz isti paltarları çıxarmağı və qızmar oktyabr günəşiylə təmasda olmağı təklif etdi…

İstanbulda yoxa çıxmış, yaxud sayı çox azalmış/azaldılmış küçə musiqiçiləri sanki burda peyda olublar. Hər iki lokantadan birində axşamlar canlı musiqi səslənir. Bir də, Türkiyənin digər şəhərlərinə nisbətən, qəlyan/nargiləyə meylli olmadıqları hiss olundu.

İzmir kübarlığı, mədəniyyəti ilə fərqlənir. Bir sözlə, həmişə eşitdiyim, “İzmir başqa cürdür” sözləri əbəs deyilmi. Mütləq gəlib görməlisiniz. Dəyər…

***

“Göztepe” – “Sivasspor” matçından əvvəl Aksel Gürsel adına stadionun muzeyini ziyarət etdik. 1925-ci ildə yaradılmış klubun 1965-70-ci illərdə qızıl dövrünü yaşadığını öyrəndik. Yeri gəlmişkən, heç Avropada belə bu cür innovativ, zövqlü muzey görməmişdim.

Xüsusən, “Neftçi”nin vımpeli (Sovet dövründə yoldaşlıq oyunu) və yarıya bölünmüş kubok maraqlı idi. Bu məsələlər barədə başqa məqalədə geniş qeyd olunacaq. İndi əsas istəyim stadiondaki ab-havanın məndə yaratdığı ecazkar təəssüratı sizə çatdıra bilməkdir.

Çox gözəl mənəviyyata zəngin detallar qeyd etmək olar. İdeal qarşılanma, təşkilatçılıq, klubun idatəçilərindən tutmuş sıravi işçilərinədək sistemin vahid mexanizm kimi necə səhih işlədiyini görmək böyük zövq və təcrübə oldu.

“Göztepe” 3:2 hesablı dramatik qələbə qazandı. Ancaq 2:0 öndə olanda qısa vaxtda iki qol buraxsa da, tribunaların susmaması, dəstəyini davam etdirməsi valehedici idi. Dünyanın ən məşhur stadionlarında olmuşam, lakin ilk dəfə idi, stadionda dörd tribunanın hər birinin sinxron təzahürat təşkil etdiyini və bunu mükəmməl bacardığını görürdüm. Bunun səbəbini soruşanda dedilər ki, “Göztepe” İzmir üçün dəyərdir, mənəviyyatdır, mədəniyyətdir, ənənədir. Bu sözlərin hər birini ayrı-ayrılıqda anlayış olaraq haqq etdiklərini səmimiyyətimlə qeyd edirəm.

Oyun bitəndən sonra 20 min azarkeş stadionu elə tərk etdi ki, nə yollarda tıxac yarandı, nə xaos oldu, nə də neqativ nələrsə.

İzmirli futbol sevərlərin zövq aldığını görürdüm. Bizim də belə bir ÖZ ŞƏHƏRİNƏ FƏXARƏT HİSSİ YAŞADAN klubumuz olarmı…

Elçin Cəlilov

P.S. Stadionun liftinə minəndə ahıl yaşda insanlar belə qucağında körpəsi olan qadına yer verdi. O səhnədə eşitdiyim mükəmməl cümləni sizə nəql edirəm: gələcəyin “Göztepe”lisi gəlir, yer verək ona (körpəli anaya xitabən).

İzmir və “Göztepe” bu cümləylə təəssüratımda iz buraxdı. Öyrənəsi və doyunca yaşayası enerji, mədəniyyət…

Chosen
32
futbolpress.az

1Sources