EN

Azərbaycan alimlərinin Daşkənd görüşləri

Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova və bu ali məktəbin Azərbaycan dili kafedrasının müdiri, dosent Könül Səmədova Daşkənddəki Yunus Rəcəbi adına Muğam İnstitutunun qonağı olublar.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən görüşdə Muğam İnstitutunun prorektoru Davlat Ximbətov qonaqları salamlayaraq yeni yaradılan müsiqi təhsili ocağı haqqında məlumat verib. O, ölkələrimiz arasında bütün sahələrdə mehriban dostluq münasibətlərindən danışaraq qeyd edib ki, ötən il prezidentlər Şavkat Mirziyoyevin Azərbaycana, bu ilin yayında isə İlham Əliyevin Özbəkistana səfərləri əlaqələrimizin daha da dərinləşməsinə təkan verib.

Cizzak Universitetinin 50 illiyi ilə bağlı konfransda iştirak etmək üçün Özbəkistana gəlmiş Mahirə Hüseynova qardaş ölkənin ali təhsil sistemi ilə tanışlığın zəngin təəssüratından söz açıb: “Daşkənddəki bir neçə universitetdə də görüşlər keçirdik. Hər yerdə hörmətlə, mehribanlıqla qarşılandıq. Qürur duyduq ki, biz qardaş xalqlarıq, dilimiz, dinimiz, mədəniyyətimiz, adət-ənənələrimiz oxşardır. Folklorumuz, ədəbiyyatımız da çox yaxındır. Hələ qədim zamanlardan alimlərimiz, şairlərimiz dostluq ediblər”.

Azərbaycanlı alimlər Daşkənd Dövlət Şərqşünaslıq Universitetində də olublar. Onlar burada yaradılmış “Azərbaycanşünaslıq mərkəzi” ilə tanış olublar, mərkəzə kitablar hədiyyə ediblər.

Qulu KƏNGƏRLİ,
XQ-nin Mərkəzi Asiya müxbiri
Daşkənd

Chosen
29
xalqqazeti.az

1Sources