EN

Lider dəyişdi, məhsuldarlıq yenə artdı - ŞƏRH

Misli premyer-liqasında 8-ci tur bir çox məqamlara görə diqqəti çəkdi.

İstər konkret nəticələrə, istərsə də tur ətrafında yaşananlara görə. İlk növbədə onu vurğulayaq ki, mövsümdə növbəti dəfə məhsuldarlıq rekordu qırıldı. 1-ci turda 16, 7-ci turda 17 qol vurulmuşdusa, 8-ci tur 19 qolla yadda qaldı. Tur meydan sahiblərinin dominantlığı şəraitində keçdi. Qonaqlardan heç biri qələbə qazana bilmədi, yalnız “Sumqayıt”la “Turan Tovuz” 1 xal qazandı. Konkret oyunlara gəlincə…

“Araz-Naxçıvan” nominal meydan sahibi olduğu oyunda “Səbail”dən üstün təsir bağışladı. “Dənizçilər” fasiləyə öndə yollansalar da, 2-ci hissədə mübarizənin axarı dəyişdi. Ardıcıl üç qol vuran “qırmızı-ağlar” cümə günü zirvəyə yüksəldi. Sonradan onların liderliyinin cəmi iki gün çəkdiyi aydın oldu. “Araz-Naxçıvan”ın mövsümün hansı yerdə bitirəcəyini demək çətindi, amma əvəzində “Səbail”in ən azı qışa qədər autsayderlərdən biri olacağı şübhə doğurmur.

“Zirə”nin artıq bütün diqqətini çempionata yönəltdiyi aydındı. Rəşad Sadıqovun “qartallar”ıasta-asta zirvəyə doğru uçur. “Kəpəz” isə aşkar autsayderdi ki autsayder. Artıq neçə turdu gəncəli azarkeşlərin “istefa” sədaları stadionları bürüyür.Azər Bağırov da komandanın məğlubiyyət seriyasına son qoya bilmir. Ümumiyyətlə, sponsorsuz “Kəpəz” nəyin hesabına xilas olacaq? Bu suala cavab tapmaq mümkünsüzdü.

Ölkə futbolunun daha bir nəhəngi – “Neftçi” də indi çətin günlərini yaşayır. “Ağ-qaralar” heç cür özünə gələ bilmir. Xüsusən də onların “dünənin uşağı” “Sumqayıt”la bağlı kompleks yaşaması acı mənzərədi. Açığı, “Neftçi” elə durumdadı ki, mümkün bir qələbənin işləri qaydasına salacağını, uğurların sıralanacağını deyənlərlə razılaşmaq çətindi.

“Turan Tovuz” ilk 5 turda qapısını toxunulmaz saxlamaqla fenomenal nəticə göstərmişdi. Amma tovuzlular sonrakı üç turda qəribə xəstəliyə yoluxub. İndi də Berdıyevin komandası hər oyunda azı iki top buraxır. Türkmən çalışdırıcı Konovalovu Samokla dəyişdi, yenə iki qola üzüldü. Digər tərəfdən, artıq rəqiblərin “Turan Tovuz”a daha ciddi yanaşdığı, oyun üslubunu çözdüyü də aydındı. Belədə nəsə fərqli addımlar atmaq lazımdı. Yoxsa qələbəsizlik seriyası 3 yox, daha çox oyunu əhatə edəcək.

Çətin London səfərindən məyus qayıdan “Qarabağ” doğma azarkeşlərinin qarşısında məğlub olmadı və lider statusunu ələ keçirdi. Mümkün qələbə “bayquşlar”ı da zirvəyə daşıyacaqdı. Amma belə olmadı. Bu “Qarabağ”ı “taxtdan salmaq” hələ ki başqaları üçün mümkünsüz missiyadı.

Misli premyer-liqası
1-ci dövrə, 8-ci tur
27 sentyabr
Araz-Naxçıvan – Səbail 3:2
28 sentyabr
Zirə - Kəpəz 3:0
Neftçi – Sumqayıt 1:1
29 sentyabr
Şamaxı – Turan Tovuz 2:2
Qarabağ – Sabah 3:2


1. Qarabağ 7 6 0 1 19-6 18
2. Araz-Naxçıvan 7 5 1 1 10-8 16
3. Zirə 7 5 0 2 14-5 15
4. Turan Tovuz 8 4 3 1 11-6 15
5. Sabah 8 4 2 2 18-14 14
6. Şamaxı 7 3 3 1 8-5 12
7. Sumqayıt 8 2 1 5 6-10 7
8. Neftçi 8 0 5 3 3-11 5
9. Səbail 8 1 1 6 12-17 4
10. Kəpəz 8 0 0 8 2-21 0


Bombardirlər: Coy-Lens Mikels, Cesse Sekidika (hər ikisi “Sabah”) - 5, Davit Volkov, Rafael Utziq (hər ikisi “Zirə”) - 4.

Növbəti turun proqramı:
4 oktyabr, 17.00. Kəpəz – Neftçi
5 oktyabr, 17.00. Səbail – Şamaxı
5 oktyabr, 19.30. Sabah – Araz-Naxçıvan
6 oktyabr, 17.45. Turan-Tovuz – Zirə
6 oktyabr, 20.00. Sumqayıt – Qarabağ

ƏSƏD SEYİDOV

Chosen
46
football-plus.az

1Sources