EN

37 yaşlı Edinson Kavani “Boka Xuniors”la yeni müqavilə bağladı

Futbol üzrə Uruqvay yığmasının sabiq hücumçusu Edinson Kavani Argentinanın “Boka Xuniors” klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az bu barədə sözügedən klubun mətbuat xidmətinə istinadən xəbər verir.

Buenos Ayres təmsilçisi ilə 37 yaşlı futbolçu arasındakı yeni sözləşmənin müddəti 2026-cı ilin dekabrına qədər nəzərdə tutulub.

Artıq karyerasının qürub çağını yaşayan Kavaninin futbola elə “Boka Xuniors”da vida edəcəyi vurğulanır.

Xatırladaq ki, Edinson Kavani “Danubio”nun yetirməsidir. Uruqvaylı hücumçu karyerası ərzində “Palermo”, “Napoli”, PSJ, “Mançester Yunayted”, “Valensiya” və “Boka Xuniors”da çıxış edib.

Kavani 2023-cü ilin iyulunda “Valensiya”dan azad agent qismində “Boka Xuniors”a qoşulub. Uruqvaylı hücumçunun Argentina nəhəngi ilə əvvəlki müqaviləsinin müddəti 2024-cü ilin dekabr ayının sonuna qədər qüvvədə idi.

Edinson Kavani indiyə qədər “genuyalılar”ın heyətində 43 oyuna çıxıb və 20 qola imza atıb.

Kavani 2008-ci ilin fevralında debüt etdiyi Uruqvay yığmasının heyətində 136 oyuna çıxıb, 58 qol vurub, 17 məhsuldar ötürmə verib. O, 2024-cü ilin may ayında milli karyerasını başa vurduğunu açıqlayıb.

Edinson Kavanin qənimətlər muzeyində “Danubio” ilə Uruqvay çempionluğu, “Napoli” ilə İtaliya Kuboku, PSJ ilə Fransa çempionluğu (6 dəfə), Fransa Kuboku (5 dəfə), Fransa Liqa Kuboku (6 dəfə), Fransa Super Kuboku (5 dəfə) var.

Uruqvay yığması ilə Kavani Amerika Kubokunun (2011) qalibi olub.

“Transfermarkt” internet-portalı 37 yaşlı uruqvaylı veteran mərkəz hücumçusu Edinson Kavaninin transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.

Chosen
10
arena.az

1Sources