EN

Cəbrayılda təməli qoyulan müəssisələr yerli əhalinin məşğulluğunun təmin olunmasına töhfədirŞƏRH

Cəbrayılda

Bakı, 5 oktyabr, AZƏRTAC

Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad olunan ilk şəhərimizdir. Müharibə başa çatdıqdan sonra dövlətimizin başçısının oraya səfəri zamanı mənzərə həqiqətən də acınacaqlı idi. Bu gün isə şəhərin mənzərəsi tamamilə dəyişib. Prezident İlham Əliyevin səfəri zamanı digər azad olunmuş ərazilərimizdə olduğu kimi, buraya da yeni həyatın qayıtdığını gördük. Cəmi 4 ildə baş verən dəyişikliklər uğurlu və sistemli bərpa-quruculuq prosesinin nəticəsidir. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ilk növbədə, minalardan təmizləmə işlərinə start verildi. Çünki Böyük Qayıdış üçün ilkin şərt təhlükəsizliyin təmin olunması idi. Şəhərdə infrastruktur qurulur, müasir standartlara uyğun yaşayış məntəqələri salınır, sosial obyektlər inşa edilir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova söyləyib.

Dövlətimizin başçısının budəfəki səfəri zamanı Cəbrayılda yeni sosial obyektlərin, sənaye müəssisələrinin təməlinin qoyulduğunu diqqətə çatdıran deputat, həmçinin deyib: “Bu isə yeni iş yerləri deməkdir və yerli əhalinin məşğulluğunun təmin olunmasına töhfədir. Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” üzrə Cəbrayıl rayonunda çoxsaylı layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Təsadüfi deyil ki, ötən həftə - sentyabrın 26-da Cəbrayıl şəhərinə köç başlayıb. Bu vaxta qədər 133 ailə, ümumilikdə isə 433 nəfər öz ata-baba yurduna qayıdıb. Prezident İlham Əliyev yeni yaşayış kompleksinin açılışında açarları Cəbrayıl sakinlərinə təqdim etdi.

Bir sözlə, 30 il yurd həsrəti ilə yaşayan soydaşlarımızın rahat və təhlükəsiz yaşayışı üçün bütün addımlar atılır. Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir. Prezident İlham Əliyevin də söylədiyi kimi, bu, həm də onu göstərir ki, keçmiş məcburi köçkünlərin yaşayış şəraitinin lazımi səviyyədə təmin edilməsi üçün Azərbaycan dövləti əlindən gələni əsirgəmir”.

Chosen
8
3
azertag.az

4Sources