EN

Ucqar məktəblərdə 1-ci və 3-cü siniflər birləşdirilir- narazılıqlar var...

Image

Azərbaycanda bir sıra məktəblərin komplektləşdirilməsi həyata keçirilir. Şəhər məktəblərində paralel siniflər birləşdirilsə də, ucqar rayonların bəzilərində 1-ci və 3-cü siniflər birləşdirilir. 

Bununla bağlı müxtəlif narazılıqlar mövcuddur. Siniflərin birləşdirilməsi şagirdlər üçün çətinlik yaradır, müəllimlərin dərs saatlarının azalmasına səbəb olur.

Elçin Əfəndi: “1 və 3-cu siniflərin birləşdirilməsi ciddi fəsadlar yarada bilər”

Məlum məsələ ilə bağlı fikir bildirən təhsil eksperti Elçin Əfəndi "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, məktəblərdə siniflərin birləşdirilməsi düzgün deyil: "Xüsusilə 1 və 3-cu siniflərin birləşdirilməsi ciddi fəsadlar yarada bilər. Bu fəsadlar ondan ibarətdir ki, uşaqlar dərsi tam dərk edə bilməyəcək. Məsələn, 1-ci siniflə 3-cu sinfin dərs proqramları tam fərqlidir. Bu zaman şagirdlərlə yanaşı, müəlllimlər də əziyyət çəkir. Təhsil verənlərin dərs saatı azalır. Nəticə etibarilə tədris prosesi pozulmuş hiss olunur. Bu kimi məsələlərin həlli üçün ətrafda olan yaxın kənd müəllimləri üçün servis xidməti təşkil olunsun. Yaxın kəndlərdə olan eyni sinfə aid uşaqları bir kənd məktəbinə toplayıb dərs keçmək olar. Həmin servis xidməti sayəsində məktəblilər dərsdən geri qalmaz”.

Cavanşir Əliyev: “Əsasən  ucqar ərazilərdə yerləşən, şagird sayı kifayət qədər az olan siniflər birləşdiriləcək”

Təhsil eksperti  Cavanşir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, siniflərin birləşdirilməsi uzun müddətdir müzakirə olunur: “Əsasən ucqar ərazilərdə yerləşən, şagird sayı kifayət qədər az olan siniflər birləşdiriləcək. Bu, bütün məktəblərə şamil olunmayacaq. Məsələn, Xaçmazda, Qubada elə məktəblər var ki, yaxın məsafəsində vaxtilə çox əhali yaşayıb, indi əhali ordan köçüb, gənc nəsil gəlmir. Oradakı məktəblərdə şagird sayı 2-3-4 nəfərdir. Qubada 1 şagirdi olan məktəb var ki, orada müəllim əmək haqqı ala bilmir. Ancaq həmin məktəbin 10-15 dəqiqəlik məsafəsində başqa məktəb var. Bu məktəblərin birləşdiirlməsi müəllimlərin əmək haqqına müsbət təsir edəcək".

Günel CƏLİLOVA





Chosen
26
baki-xeber.com

1Sources