EN

Qafqaza NATO sülhməramlıları gəlir- Rusiyanın canına indi "isti keçir"...

Image

Qərb, guya İrəvanla Bakı arasında münasibətlərin həllinə kömək etmək üçün NATO ölkələrindən özünün “sülhməramlı” kontingentini Cənubi Qafqaza daxil etməyə çalışır. Bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov MDB-nin təhlükəsizlik orqanları və xüsusi xidmət rəhbərləri şurasının iclasında deyib.

Bortnikov bildirib ki, amerikalılar və avropalılar açıq şəkildə Cənubi Qafqazda sabitliyin yaradılmasında maraqlı deyillər: “İrəvanı Bakı ilə danışıqları ləngitməyə inandırmaqla Qərb Azərbaycan-Ermənistan nizamlanması prosesinə rəhbərlik etməyə və regionda özünün “sülhməramlı” kontingentinin - de-yure BMT-nin himayəsi altında və de-fakto isə NATO-nun himayəsi altında yerləşdirilməsinə nail olmağa çalışır. Bu cür “sülhməramlılığın” mümkün xarakteri artıq ondan xəbər verir ki, Aİ-nin Ermənistan və Azərbaycan sərhədində yerləşdirilmiş müstəqil mülki müşahidə missiyası Rusiya və tərəfdaşlarımıza qarşı konkret NATO ölkəsinin maraqlarına uyğun kəşfiyyat fəaliyyəti həyata keçirir”. Onun sözlərinə görə, Qərb güzəştli silah tədarükü və təhlükəsizlik zəmanəti müqabilində Ermənistan hökumətini KTMT-dən çıxmağa çalışır ki, bu da İrəvanı Bakı ilə gələcək münasibətləri məsələlərində NATO-dan daha da asılı vəziyyətə salacaq. O bildirib ki, NATO-nun dünyanın müxtəlif regionlarında əvvəlki vasitəçilik təcrübəsini nəzərə alaraq, blokun Cənubi Qafqazda möhkəmlənməsi, təbii ki, regionda sabitliyə kömək etməyəcək. Federal Təhlükəsizlik Xidmətinin direktoru qeyd edib ki, güzəştli silah tədarükü və təhlükəsizlik zəmanəti müqabilində Qərb Ermənistanın KTMT-dən çıxmasına nail olmağa çalışır.Bundan əvvəl də Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib ki, Qərb Cənubi Qafqazın işlərinə qarışmağa çalışır və regionun təhlükəsizliyini təhlükə altına qoyur. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə diqqəti ona yönəldir ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ermənistana pul yardımının artırılması Ermənistanda Qərb fəaliyyətinin sabitliyi pozan xarakterini təsdiqləyir: “Bu cür təcrübələrin artıq keçirildiyi qonşu dövlətlərin və dünyanın digər ölkələrinin faktlarını, tendensiyalarını, təcrübələrini görməmək mümkün deyil. Milli yönümlü siyasət yürüdənlər, tarixi bilənlər, milli maraqlardan çıxış edənlər, siyasətdən müvəqqəti piar kimi istifadə etməyən, dövlət xadimi olanlar, ölkəsini və xalqını düşünənlər bundan kənar dura bilər”. Daha əvvəl USAID-in Ermənistana maliyyə yardımını iki dəfədən çox artırmaq - 120 milyon dollardan 250 milyon dollara çatdırmaq qərarına gəldiyi məlum olmuşdu.

Mariya Zaxarova onu da qeyd edir ki, Rusiya tərəfi Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində fəaliyyətini dondurmasını davam etdirməsindən təəssüflənir: “Biz Ermənistanın KTMT çərçivəsində fəaliyyətini dondurmasını davam etdirməsindən və ya boykot etməsindən təəssüflənirik. Hesab edirik ki, Avrasiya İqtisadi İttifaqı iqtisadi sahədə olduğu kimi, KTMT də təhlükəsizlik sahəsində faydalıdır. Biz bu iki struktur çərçivəsində Ermənistanla qarşılıqlı fəaliyyət üçün heç bir maneə görmürük, lakin bu, ölkənin milli siyasəti ilə bağlı məsələdir. Söhbət təkcə aqressiv planlarını gizlətməyən NATO-dan yox, həm də hərbiləşdirmə kursu götürmüş Avropa İttifaqından gedir. Çünki o, doğrudan da, NATO-nun bir növ əlavəsinə çevrilib. Yeri gəlmişkən, həmin Avropa İttifaqı Azərbaycanın dəfələrlə ifadə etdiyi narazılıqlara baxmayaraq, Ermənistanda qondarma mülki müşahidə missiyasını yerləşdirib. Bu isə bərabərhüquqlu olmayan, qarşılıqlı hörmətə əsaslanmayan tərəfdaşlıq və ya əməkdaşlıqdır. Görürsünüz ki, bu, Avropa İttifaqının öz maraqlarını regionda aqressivcəsinə yeritməsidir. Halbuki bu regionun Avropa İttifaqına aidiyyəti yoxdur. Avropa İttifaqı nümayəndələri xoş niyyət pərdəsi altında gizlənərək, Azərbaycana, İrana, Türkiyəyə və əlbəttə ki, Rusiyaya qarşı kəşfiyyat məlumatları toplamaqla məşğuldurlar.”. Daha əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Varşava Təhlükəsizlik Forumunda çıxışı zamanı bildirib ki, İrəvan KTMT-dən çıxmaqla bağlı bütün riskləri öyrənir. Hesab olunur ki, Rusiya rəsmilərinin biri-birinin ardınca verdiyi açıqlamalar Kremlin artıq İrəvana qarşı sərt addımlar atacağından xəbər verir. Nəzərə almaq lazımdır ki, rəsmi İrəvan uzun illər Moskvanın forpostu olub. Ermənistanda 2018-ci ildə Nikol Paşinyan hakimiyyətə gələndən sonra isə ölkənin xarici siyasət kursu ilə bağlı ciddi dəyişikliklər meydana çıxdı. Kreml bunu qəbul etmək istəmir. Ermənistan iqtisadi cəhətdən xeyli dərəcədə Rusiyadan asılıdır. Üstəgəl, Ermənistanda Rusiyanın 102-ci hərbi bazası var. Belə şəraitdə Paşinyanın anti-Rusiya siyasəti Ermənistanın növbəti Ukraynaya çevrilməsi ehtimallarını artırır. EKSPERTLƏRİN fikrincə, Moskva Ermənistana münasibətdə daha çox iqtisadi xarakterli tədbirlər görəcək. Amma daha spnra digər addımlar atılacaq. Moskva bu qənaətə gəlir ki, Ermənistanı sözlə başa salmaq, tutduğu yolundan döndərmək mümkün deyil. Ona görə də artıq Rusiya daha sərt addımlar üçün əsas yaradır. Rus rəsmilərinin açıqlamaları da bunun sübutudur.

Tahir TAĞIYEV





Chosen
11
baki-xeber.com

1Sources