EN

Prezident İlham Əliyev: Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi - TAM MƏTN

Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi.

Aznews.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl sakinləri ilə görüşdə söyləyib.

Prezident İlham Əliyevin çıxışı

- Bu gün Cəbrayıl şəhərinin azad olunmasının dördüncü ildönümüdür. Bu münasibətlə sizi, bütün cəbrayıllıları, bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu gözəl hadisəni biz dörd il sonra bu gün Cəbrayılda qeyd edirik. Bildiyiniz kimi, mənim Sərəncamımla 4 Oktyabr - Cəbrayıl Şəhəri Günü elan edilmişdir. Əminəm ki, bundan sonra biz hər il bu gözəl günü qeyd edəcəyik.

Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardır. Çünki İkinci Qarabağ müharibəsi dövründə işğalçılardan azad edilmiş birinci şəhər idi. O vaxta qədər artıq müharibə bir həftə idi ki, gedirdi və 20-yə yaxın kənd azad edilmişdi, o cümlədən Cəbrayıl rayonunun kəndləri. Ancaq şəhər olaraq birinci şəhər Cəbrayıl olmuşdur və Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi. Ordumuz, Silahlı Qüvvələrimiz böyük peşəkarlıq, qəhrəmanlıq göstərmişdir və işğalçıları Cəbrayıl şəhərindən qovmuşdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsində əsl qəhrəmanlıq, fədakarlıq, rəşadət göstərmişdir. Biz şəhidlərimizlə əbədi fəxr edəcəyik. Əlbəttə, Cəbrayıl şəhərinin azad olunması həm müharibənin sonrakı gedişatına müsbət təsir göstərmişdir, eyni zamanda, Ordumuzun və ümumiyyətlə, xalqımızın mənəvi ruhunu yüksəltmişdir. Bizim hamımızda inam var idi ki, bu müharibə bizim Zəfərimizlə başa çatacaq və hər yaşayış məntəqəsinin azad edilməsi, o cümlədən şəhərlərimizin azad edilməsi bu inamı daha da artırırdı.

Cəbrayıldan bir neçə gün sonra uğurlu Hadrut əməliyyatı keçirilmişdir. O da çox böyük peşəkarlığa malik olan əməliyyatdır. Düşmənin orada çox möhkəm istehkam mövqeləri var idi, özü də bütün təpələrdə onlar yerləşmişdi, Cəbrayılda da, həmçinin. Şəhəri azad etmək üçün bizim qəhrəman övladlarımız bir neçə müdafiə xəttini yarmalı idi və bunu edə bilmişdilər.

Hadrutdan sonra Füzuli əməliyyatı oktyabrın 17-də uğurla başa çatmışdır və yolumuz həm Şuşaya, həm Zəngilan və Qubadlı istiqamətinə açılmışdır. Müzəffər Ordumuzun zəfər yürüşü bundan sonra daha sürətlə getmiş və qeyd etdiyim kimi, döyüş meydanında böyük yaşayış məntəqələrini - Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, rayonlarını, Laçın rayonunun bir neçə kəndini və nəhayət noyabrın 8-də Şuşa şəhərini azad edə bilmişik. Bütövlükdə 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi. Beləliklə, Ermənistan noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu.

Beləliklə, İkinci Qarabağ müharibəsi tarixi Zəfərimizlə başa çatdı. Bu gün bütün Azərbaycan xalqı qəhrəman övladlarımıza minnətdarlıq hissi ilə yaşayır, vətənpərvərlik ruhunda yetişmiş gənc nəsil vaxtilə itirilmiş torpaqlarımızı xalqımıza, dövlətimizə qaytara bilmişdir.

Cəbrayılın inkişafı ilə bağlı dərhal bütün müvafiq tapşırıqlar verilmişdir. İlk növbədə, minalardan təmizləmə işləri aparılmalı idi. Çünki xüsusilə keçmiş təmas xəttinə yaxın olan rayonların minalanması daha genişmiqyaslı idi. İnfrastruktur layihələrinin icrası dərhal başlamışdır və bu gün Cəbrayıla gələn hər bir insan görür, həm köhnə yol, hansı ki, sovet vaxtında olan yol yenidən qurulmuşdur və mən o yolu çox yaxşı xatırlayıram. Çünki Zəfərdən sonra o yolla dəfələrlə bu bölgələrə gəlmişəm. Yeni dördzolaqlı magistral yol uğurla inşa edilir və Zəngilana qədər, Qubadlıya qədər və oradan da Laçına qədər davam edir.

Digər infrastruktur layihələrinin icrası da uğurla, sürətlə həyata keçirilir. Təkcə Cəbrayıl rayonunda yox, bütün azad edilmiş bölgələrdə. Dünən burada olarkən biz yeni məktəbin açılışını qeyd etdik və siz də bilirsiniz ki, gələn həftədən başlayaraq uşaqlar artıq məktəbə gedəcəklər. Bu yeni məhəllədə xəstəxananın tikintisi və müvəqqəti olaraq tibb məntəqəsi də nəzərdə tutulur. Əlbəttə, belə gözəl, gözoxşayan evlər həm dövlətimizin gücünü göstərir, həm də onu göstərir ki, keçmiş köçkünlərin yaşayış şəraitinin lazımi səviyyədə təmin edilməsi üçün Azərbaycan dövləti əlindən gələni əsirgəmir. Birinci məhəllədə çoxmənzilli 33 bina inşa edilib. Burada 712 mənzil inşa edilir. Bu mənzillərin bir hissəsi artıq istifadəyə verilib, bir hissəsinin də istifadəyə verilməsi yaxın aylarda nəzərdə tutulur. Beləliklə, Cəbrayıl şəhərinin birinci yeni yaşayış məhəlləsi istifadəyə verilir.

Deyə bilərəm ki, azad edilmiş torpaqlarda aparılan işlər öz miqyasına görə xüsusi xarakter daşıyır. Heç bir başqa yerdə işğaldan, müharibələrdən əziyyət çəkmiş ölkələr bu sürətlə və bu keyfiyyətlə bərpa işlərini bu günə qədər aparmamışlar. Çünki bu işlər genişmiqyaslı və çox dəqiq planlar əsasında görülür. Hər bir şəhərin Baş planları təsdiq edilib. Hər bir kəndin bütün lazımi infrastrukturu nəzərdə tutulur. Dünən mən tikintisi gedən Horovlu kəndinin bərpası ilə tanış olmuşam. Bildiyiniz kimi, Horovlu da Cəbrayıl şəhəri kimi, eyni gündə azad edilmişdir və bir neçə aydan sonra, yəqin ki, gələn ilin birinci yarısında Horovluya da vətəndaşlar qayıdacaqlar.

Chosen
10
1
aznews.az

7Sources