EN

Bakı sakininə 60 min manatlıq zərər vurublar - Fotolar

Bakı

Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi, 28 nömrəli binanın həyətində yerləşən 2 qarajdan birinin dəmir darvazası, içərisindəki avtomaşın ehtiyat hissələri, məişət və digər avadanlıqlar naməlum şəxslər tərəfindən oğurlanıb.

Reyting.az
-ın məlumatına görə, 03 oktyabr 2024-cü ildə Bakı şəhər sakini Elxan Qarayevə məxsus qarajın darvazasının sökülərək oğurlanması nəticəsində həmin binanın damı uçub və orada saxlanılan mebellər də yararsız hala düşüb. Həmin qaraja bitişik digər qarajın darvazasının isə petlələri və qıfıl hissəsi kəsilib və oğurlanmasına cəhd edilib.



Şikayətçi Elxan Qarayev iddia edir ki, oğruların bu cinayət hərəkəti nəticəsində ona 50 min manatdan yuxarı maddi, 10 min manatdan yuxarı mənəvi zərər dəyib.

Elxan Qarayev bildirir ki, qeyd olunan cinayət faktlarını aşkar edən kimi, təxminən saat 20:00 radələrində bu barədə 102 qaynar xəttinə məlumat verib və bundan sonra 18-ci Polis Bölməsinin təhqiqatçısı qarajlara səthi baxış keçirib, zərərçəkənin qısa izahatını alıb.

Həmçinin müəyyən olunub ki, qarajların yaxınlığında, təxminən 20 metr məsafədə sahə müfəttişinin iş otağı yerləşir. Yuxarıda qeyd olunan faktları E. Qarayev 18-ci Polis Bölməsinə verdiyi yazılı ərizəsində, təhqiqatçının mobil telefonuna zəng edərək verdiyi şifahi ərizəsində, yazılı izahatında, həmçinin 102 qaynar xəttinə verdiyi şifahi məlumatlarda ətraflı göstərib.

E. Qarayev yuxarıda qeyd olunanları nəzərə alaraq, qarajlarından birinin darvazasını və içərisində saxlanılan əşyaları oğurlayan, digər qarajın darvazasını və içərisindəki əşyaları oğurlamağa cəhd edən şəxslərin tapılmasını tələb edir. Şikayətçi oğruların barəsində cinayət işinin başlanmasını və məhsuliyyətə cəlb olunmalarını, oğurlanmış əmlakının geri qaytarılmasını, ona dəymiş zərərin ödənilməsini, həmçinin qarajların tamlığının bərpası həyata keçirilənədək onların və içərilərindəki əşyaların polis orqanları tərəfindən qorunub saxlanılmasını, eyni zamanda qanunvericiliklə tələb olunan digər bütün zəruri tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti üzrə müvafiq göstəriş verilməsini Nərimanov Rayon Polis İdarəsinin rəisindən xahiş edib.



E. Qarayev eyni zamanda, xahiş edir ki, şikayətini polis rəisi nəzarətinə götürsün və oğruların isti izlərlə tapılması üçün qarajların qarşısında yerləşən otelin mühafizə kameralarından, həmçinin yaxınlıqdakı digər kameralardan videogörüntülərin çıxarılması və arxivləşdirilərək qorunub saxlanılması üçün müvafiq göstəriş versin.

Reyting.az Nərimanov Rayon Polis İdarəsinin məsələyə münasibətinə yer ayırmağa hazırdır.

V. QULİYEV
Chosen
11
reyting.az

1Sources