EN

Cahangir Novruzov: Qarabağ Universitetinin hər bir müəllimi öz ölkəsinin əsl vətənpərvər övladıdır

Cahangir

Adana, 4 oktyabr, AZƏRTAC

Ümidvaram ki, Qarabağ Universiteti Azərbaycanın mədəni və mənəvi inkişafında yeni bir qığılcım olacaq. Mən universitet müəllimlərinin hər birini - öz ölkəsinin əsl vətənpərvər övladlarını təbrik etmək istəyirəm.

Bu sözləri Azərbaycanın tanınmış teatr və kino aktyoru, Əməkdar artist, Xalq artisti, rejissor, Çukurova Universitetinin professoru Cahangir Novruzov Adanada AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib.

C.Novruzov Qarabağ Universitetinin açılmasına səmimi-qəlbdən sevindiyini vurğulayıb: “Təhsil müəssisəsinin açılması hər bir ölkənin həyatında mühüm hadisədir, lakin mənşəyi keçmişlə bağlı olan təhsil ocağının fəaliyyətinin bərpasına gəldikdə, bu, xüsusilə əlamətdardır”.

Professor vaxtilə Xankəndidəki ali təhsil ocağının bağlanmasına səbəb olan Azərbaycanın düşmənlərinin hiylələrini xatırladıb.

“Pedaqoji fəaliyyətə hələ 1989-cu ildə başlayan bir müəllim kimi, mən Xankəndində universitetin yenidən açılmasının vacibliyini hər kəsdən yaxşı başa düşürəm”, -deyən Azərbaycanın Xalq artisti Prezident İlham Əliyevin ölkədə mədəniyyətin və təhsilin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib.

Professor bildirib ki, onun fizik-riyaziyyatçı olan babası Nəsrulla Novruzov həm institutda, həm də Bakıdakı məktəblərin birində dərs deyib: “Babam yalnız türk olduğunu bildirdiyi üçün 19 il 8 ay müddətinə Sibirə sürgün edilib. Sürgündən qayıdandan sonra öz pulu ilə istedadlı uşaqlar üçün evlər kirayələyib, onların təhsil almasına kömək edib”, - deyən C.Novruzov babasının ömrünün sonunadək öz kökünə sadiqliyini nümayiş etdirdiyini vurğulayıb. “Arzu edirəm ki, Azərbaycanın hər bir ziyalı nümayəndəsi, hər bir müəllim öz kökünə bağlı olsun, ölkənin, xalqın gələcəyini düşünsün”, -deyə professor vurğulayıb.

C.Novruzov müəllimlik təcrübəsini də bölüşüb: “Adanada Çukurova Universitetinin aktyorluq fakültəsini bitirənlərin 95 faizi təhsilini başa vurduqdan sonra öz ixtisasları üzrə işlə təmin olunurlar ki, bu da çox yüksək göstəricidir. Universitetimizin məzunlarından bəziləri hazırda Azərbaycanda maraqla izlənilən və sevilən məşhur türk seriallarında rol alırlar”.

Xalq artisti bilik və təcrübə mübadiləsinin türk dövlətlərinin güclənməsi və inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. “Bu, təkcə Türkiyə və ya Azərbaycana deyil, bütün türk ölkələrinə aiddir”, - deyə o əlavə edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Adana

Chosen
14
azertag.az

1Sources