EN

Energetika naziri Braziliyada bir sıra görüşlər keçirib

Azərbaycanla Brazilyanın əməkdaşlığı COP məqsədlərinin reallaşdırılmasına töhfə verəcək

Bakı, 4 oktyabr, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazov Foz do İquaçu şəhərində Braziliyanın mədən və energetika naziri Aleksandr Silveira, Səudiyyə Ərəbistanı Krallığının energetika naziri Şahzadə Əbdüləziz bin Salman Əl Səud və Qlobal Bərpa Olunan Enerji Alyansının baş icraçı direktoru Bruce Douglas ilə görüşüb.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Braziliyanın mədən və energetika naziri Aleksandr Silveira ilə görüşdə ölkələrarası münasibətlərin COP və G20 platformaları vasitəsilə fəal tərəfdaşlıq mərhələsinə daxil olduğu, neft-qaz ölkələri olan Azərbaycan və Braziliyanın enerji keçidində mühüm rol oynadığı qeyd edilib. Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri və Braziliyadan ibarət COP üçlüyünün yeni öhdəliklər və təşəbbüslərin elan edilməsi və həyata keçirilməsində birgə əməkdaşlığı təmin etdiyi bildirilib. Enerji keçidinə rəvan şəkildə nail olmağın vacibliyi vurğulanıb. Azərbaycanda dövlət başçısının yaşıl enerjinin inkişafına və yaşıl enerji keçidinə investisiyaya yol açan siyasəti, aparılan islahatlar, həyata keçirilən layihələrdən bəhs edilib. Bildirilib ki, yaşıl enerji ilə tərəfdaşlarımızın enerji təchizatı və təhlükəsizliyini təmin etmək istiqamətində fəaliyyətimizi davam etdiririk. Avropa və Asiyanı birləşdirən, müxtəlif ölkələri yaşıl enerji ilə təchiz edəcək layihələrin təşəbbüskarı məhz Azərbaycandır. Söhbət zamanı COP29 sədrliyinin təşəbbüsləri, o cümlədən iqlimin maliyyələşdirilməsi istiqamətində atılan addımlar müzakirə olunub. Azərbaycanla Brazilyanın əməkdaşlığının COP məqsədlərinin reallaşdırılmasına töhfə verəcəyi qeyd olunub.

Səudiyyə Ərəbistanı Krallığının energetika naziri Şahzadə Əbdüləziz bin Salman Əl Səudla görüşdə isə qlobal neft bazarında vəziyyət, “OPEC plus” formatında əldə olunmuş razılaşmaların, öhdəliklərin yerinə yetirilməsi və iki ölkə arasında enerji tərəfdaşlığının gündəliyindəki layihələrin icrası müzakirə edilib. “ACWA Power” şirkəti ilə dənizdə 1,5 qiqavat külək enerjisi və 200 meqavatlıq Batareya Enerji Saxlanc Sistemi (BESS) layihələrinin inkişafına, həmçinin yaşıl enerji dəhlizləri çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. COP29 tədbirlərində iştirak, eləcə də hər iki ölkənin Energetika Nazirlikləri arasında Birgə Texniki Komitənin fəaliyyət istiqamətləri üzrə atılan addımlar nəzərdən keçirilib.

Azərbaycanın “Qlobal Enerji Anbarları və Şəbəkələri Öhdəliyi” təşəbbüsü, dənizdə külək enerjisinin inkişafı və yaşıl enerjinin nəqli layihələri, COP29 çərçivəsində əməkdaşlıq Qlobal Bərpa Olunan Enerji Alyansının baş icraçı direktoru Bruce Douglas ilə görüşdə müzakirə mövzuları olub. Bərpaolunan enerji texnologiyaları sahəsində ixtisaslaşmış və bu sahədə özəl sektoru təmsil edən Qlobal Bərpa Olunan Enerji Alyansının Azərbaycanla əməkdaşlığa marağı ifadə edilib və şəbəkələrlə bağlı vədin yerinə yetirilməsinə özəl sektorun mümkün dəstəyi barədə danışılıb. COP29 çərçivəsində Alyansın Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) ilə birgə tədbirlərdə iştirakı, həmçinin COP təşəbbüsləri nəzərdən keçirilib.

 

Chosen
3
5
azertag.az

6Sources