EN

4 il əvvəl bitən həsrət – Cəbrayıl zəfəri

Bu gün – oktyabrın 4-də Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 4 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəcəl düşmən işğalından azad olunub. Azad olunan ərazilərə üçrəngli şanlı bayrağı sancılıb. Cəbrayılın düşmən işğalından təmizlənməsi ilə Azərbaycan-İran sərhədinə dövlət nəzarəti qismən bərpa edilib.

Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci ilin noyabr ayının 16-da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb. Həmçinin İlham Əliyev 2021-ci il oktyabrın 4-də Cəbrayıl rayonunda səfərdə olub.

Dövlət başçısının imzaladığı sərəncama əsasən, hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü kimi qeyd edilir.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə KONKRET.az-a açıqlamasında qeyd etdi ki, dörd il əvvəl rayonlarımızın işğal edildiyi günü təəssüflə xatırlayırıq:

“Bu gün sevinclə deyə bilərik ki, uzun illərdir düşmən tapdağı altında olan ərazilərimiz işğaldan azad olundu. Azərbaycan Ordusu və Prezidenti adını şanlı tarixə qızıl hərflərlə yazdırdı. Prezindetimizin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Cəbrayıl şəhərinə də respublikanın müxtəlif ərazilərində müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanları yola salınıb. Bu günə qədər Cəbrayıl şəhərinə 117 ailənin, yəni 364 nəfərin daimi məskunlaşması təmin edilib. Onların hər biri dövlətimizin qayğısı ilə əhatə olunublar. Cəbrayılın işğaldan azad edilməsini Xalqımız böyük sevinclə qarşıladı. Uzun illər həsrətini çəkdiyimiz torpaqlarda bu gün şanlı Azərbaycan bayrağı dalğalanır”.

Chosen
6
konkret.az

1Sources