EN

“Malmö”nün futbolçusu: “Qarabağ”ın hücumları effektli deyildi -EKSKLÜZİV

“Malmö”nün

Bakı, 4 oktyabr, AZƏRTAC

“Matça çox yaxşı başladıq. İlk dəqiqələrdə “Qarabağ”ın qapısı önündə təhlükəli vəziyyətlər yarada bilirdik”.

Bu sözləri AZƏRTAC-a eksklüziv açıqlamasında İsveçin “Malmö” komandasının futbolçusu Kolin Rösler UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ”a 2:1 hesabı ilə qalib gəldikləri II tur oyunundan sonra deyib.

O, Ağdam təmsilçisinin hücumlarının effektli alınmadığını bildirib: “Meydanda öz oyunumuzu göstərə bildik. Fikrimcə, birinci hissədə daha iki qol vurmaq şansımız var idi. Qol istəyimizi fasilədən sonra reallaşdırdıq. Komandamız ikinci yarıda daha peşəkar mübarizə apardı. Xüsusilə müdafiədə etibarlı oynadıq və layiqli qələbə qazandıq”.

24 yaşlı müdafiəçi “Qarabağ”la matç üçün xüsusi hazırlıq keçmədiklərini söyləyib: “Hər zamankı oyunumuzu nümayiş etdirdik. Meydanda cəsarətlə mübarizə apardıq. Bəzi anlarda rəqibi topsuz qoymağı bacardıq. Bunu etmək çətin olsa da, öhdəsindən yaxşı gəldik”.

Qeyd edək ki, “Qarabağ” növbəti oyununu oktyabrın 24-də doğma meydanda Niderlandın “Ayaks” komandasına qarşı keçirəcək.

Chosen
21
azertag.az

1Sources