EN

İnhisarçılığa qarşı tədbirlər sərtləşdiriləcək

Rəqabət biznes mühitinin yaxşılaşdırılması və bazarı iqtisadiyyatının təşəkkül tapması üçün başlıca amildir.

Bu həm də əmtəə və xidmət bazarlarında qərarların sərbəst qəbul edilməsinə imkan verən yarış formasıdır.

Rəqabətli bazarlarda payların az olması  nəticəsində iştirakçıların qiymət diktə etmə, qıtlıq və bolluq yaratmaq, kiçik subyektlərin sıxışdırılmsı  kimi  imkanlar məhdudlaşır. Nəticədə, bazar payını əldə saxlamaq üçün  biznes subyektləri xərcləri azaltmağa, effektiv istehsalı stimuillaşdırmağa məcbur olurlar. Bu da  istehlakçının mənafeyinə uyğun bazar qiymətləri və məhsul növləri formalaşmasına imkan yaradır.

Azərbaycanda bu sahədə dövlət siyasətinin həyata keçirilməsi məqsədilə ilk dövlət qurumu - Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi 1992-ci ildə yaradılıb. Həmin il bazar iqtisadiyyatına keçidlə bağlı mühüm əhəmiyyəti olan "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib,  İnhisarçı müəssisələrin və birliklərin məhsullarının qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi haqqında" fərman imzalanıb.

2001-ci ildə Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi hüquqi şəxs statusunda İqtisadi İnkişaf Nazirliyinin tərkibinə daxil edilərək Antiinhisar Siyasəti Departamenti kimi fəaliyyət göstərib. 2006-cı ildə isə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidməti yaradılıb və istehlak bazarına nəzarət funksiyaları da Xidmətin səlahiyyətlərinə aid edilib. Prezident İlham Əliyevin 2009-cu ildə imzaladığı fərmanla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yaradılıb. Daha sonra antiinhisar fəaliyyəti, haqsız rəqabət, təbii inhisarlar, reklam, istehlak bazarına nəzarətlə bağlı səlahiyyətlər qurumun səlahiyyətlərinə daxil edilib.

Sonrakı illərdə Azərbaycan Respublikasının Satınalamalar üzrə Dövlət Agentliyi, Satandartlaşdırma, Metrologiya  və Patent üzrə Dövlət Komitəsi Xidmətin tabeliyinə verilib. 

27 avqust 2024-cü ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb.

Agentlik  antiinhisar nəzarəti, haqsız rəqabət, açıq məkan istisna olmaqla reklam qanunvericiliyinə nəzarət, dövlət satınalmaları, istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət, keyfiyyət infrastrukturu, o cümlədən standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya sahələrində dövlət tənzimlənməsini həyata keçirən qurumdur.

2024-cü il iyulun 1-dən Rəqabət Məcəlləsi qüvvəyə minib. Məcəllədə “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “Təbii inhisarlar haqqında” qanunlar və digər normativ hüquqi aktlar yeni və vahid sənəddə birləşdirilib. Sənəddə rəqabəti məhdudlaşdıran üfüqi və şaquli sazişlər (kartel sövdələşmələri), bazar payının müəyyən edilməsi, bazarda hökmran mövqe və hökmran mövqedən sui-istifadə halları, iqtisadi təmərküzləşmələr və onların qiymətləndirilməsi, rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti tədbirləri, təbii inhisar sahələrinə dair yeni meyarlar və haqsız rəqabət hallarının qarşısının alınmasına dair müddəalar öz əksini tapıb.

Rəqabət Məcəlləsinin qüvvəyə minməsi və bu sahədə siyasəti tənzimləyən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin fəaliyyəti hansı üstünkləri vəd edir?

İqtisadçı ekspert Xalid Kərimli Modern.az-a bildirdi ki, Azərbaycanda antiinhisar fəaliyyəti və rəqabəti tənzimləmə zəif formadadır: “Dövlət bazar iqtisadiyyatına əsas  iki formada müdaxilə etməlidir- vergi və rəqabət mühitinin tənzimləmələri ilə. Rəqabət Məcəlləsi və rəqabət qaydaları bazar iştirakçılarının konstitusiyasıdır. Bizdə rəqabət mühitini tənzimləyən qanunlar mövcud olsa da tətbiqi bərbad vəziyyətdə olub. Bu ilin əvvəlində  Rəqabət Məcəlləsi  təsdiqləndi və iyul ayından qüvvəyə minib. Bunun əsasında rəqabət orqanı yaradılıb. Əvvəl İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurumun statusu böyüyüb və səlahiyyətləri artırılıb”.

Xalid Kərimlinin fikrincə Rəqabət Məcəlləsində sual doğuran məqamlar olsa da sənəd ümumilikd əvvəlki qanunlardan dəqiqliyi və müasirliyi baxımından çox fərqlənir.  

“Zaman-zaman süni qiymət artımından, özəl sektorun inkişaf etməməsindən danışırıq. Bunların kökündə rəqabətin normal təşkil edilməməsi dayanır. Birincisi rəqabəti tənzimləıyən orqan hələ də bazarlar haqqında məlumat hazırlayıb cəmiyyətə təqdim etməyib. Ola bilsin ki, belə bir sənəd hazırlanlıb amma təqdim olunmayıb. Bazralarda əsas payçılar, onlıarın bazar payı, inhisar, hökmran mövqedə olan kimlərdir, onların qiymətqoyma üzərində hansı tənzimləmələr var – bu məsdələlər açıqlanmayıb. Üfiqi sazişlər, uyğunlaşdırılmış hətrəkətlər və davranışlar, şaquli sazişlıərə  yeni orqan nəzarət etməlidir ki, bazarda həm alıcıların marağına zidd olan addımlar atılmasın. İstehsalın həcmində artım-azalma olmasın. Həm də digər kiçik bazar oyunçuların bazardan sıxışdırılıb çıxarılması baş verməsin. Bu istiqamətdə bu orqanın fəaliyyətinin demək olar ki, görməmişik. Görsək də effektiv formada olmayıb”

Ekspertin fikrincə, yenilənmiş qanunvericilik kifayət qədər proqressivdir. Qanunvericiliyin tətbiqi normal həyata keçirilsə düşünürəm ki, ölkədə rəqabət mühitinin təkmilləşməsi istiqamətində yaxşı işlər görmüş olacaq.  Yeni orqanın statusu buna əlavə güc verir, ciddi səllahiyyətləri var. İstənilən orqanı yoxlaya bilərlər. Qanunu pozanlara qarşı ciddi sanksiyalar tətbiq edə bilərlər. Əks halda hansısa güclü qruplar tərəfindən  kiçik bazar iştirakçılarının sıxışdırılması ilə nəticələnə bilər.

Hazırda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi formalaşma mərhələsindədir. Azərbaycan Respublikasının Nazirlər Kabineti Agentliyin əsasnaməsinin layihəsini, strukturu və işçilərinin say həddi, Agentliyin yaradılması ilə əlaqədar normativ hüquqi aktların uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmiləri bir müddət öncə mətbuata açıqlamalarında bildirmişdilər ki, aparılan bazar araşdırmaları, həmçinin, quruma daxil olan müraciətlərin araşdırılması zamanı müxtəlif sahələr üzrə fəaliyyət göstərən bir sıra bazar subyektlərinin rəqabət qanunvericiliyinin tələblərinə tam əməl etmədiyi müəyyən olunub. Müşahidələr göstərir ki, istehlakçının seçmə sərbəstliyinə təsir göstərən haqsız, qeyri-dəqiq və gizli reklam üsulları vasitəsilə haqsız rəqabətə yolvermə, istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə etməklə (əmtəənin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən məlumatlar), habelə digər bazar subyektinin əmtəə nişanından qanunsuz yararlanmaqla haqsız rəqabətə yolvermə hallarına daha çox rast gəlinib. Toplanmış materiallar əsasında antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb və qanunamüvafiq tədbirlər görülüb.

Mütəsxəssislərin fikrincə, Rəqabət Məcəlləsi və yeni yaradılan qurum iqtisadi fəaliyyətin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaradacaq və nəticə etibarilə bu prosesdən həm sahibkarlıq subyektləri, həm də istehlakçılar faydalanacaq.

 

         

Chosen
1
2
modern.az

3Sources