EN

4 il əvvəl, 4 oktyabrda...

İşğaldan azad edilən ilk şəhər - Cəbrayıl

Bu gün Cəbrayıl Şəhəri Günüdür. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixində imzaladığı sərəncama əsasən, hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü təntənəli şəkildə qeyd edilir. Bu əlamətdar günün təsis olunması Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Tarixin bu günündə - 2020-ci il oktyabrın 4-də şəhər erməni işğalçılarından azad edilib.

Erməni vandalizminin kədərli izləri

Cəbrayıl da respublikamızın  işğala məruz qalan ərazi vahidlərindəndir. 1930-cu ilin avqustunda yaradılan Cəbrayıl rayonu 23 avqust 1993-cü ildə erməni hərbi birləşmələri tərəfindən zəbt edilib. İşğaldan əvvəl sahəsi 104980 hektar olan Cəbrayıl rayonu 23 inzibati ərazi nümayəndəliyini, o cümlədən 1 şəhər, 4 qəsəbə, 92 kəndi özündə birləşdirib. İşğal altına düşən digər ərazilərimizdə olduğu kimi, ermənilər Cəbrayılda da sərhəd tanımayan vandalizm əməlləri törədiblər.

Bütövlükdə, işğalın fəsadları çox ağır olub. İşğal nəticəsində rayonun 1 şəhəri, 4 qəsəbəsi, 92 kəndi erməni quldurları tərəfindən talan edilərək yandırılıb, 132-dən çox yerli əhəmiyyətli tarixi, mədəniyyət və dini abidələr vandalizmə məruz qalıb. Bununla bərabər, rayon ərazisindəki 13147 fərdi yaşayış evi, 886 ictimai bina, 8 sənaye, 44 kənd təsərrüfatı, 149 mədəniyyət, 91 təhsil, 1 məktəbdənkənar müəssisə, 3 uşaq musiqi məktəbi, 1 Texniki Peşə məktəbi, 77 səhiyyə, 96 məişət xidməti obyekti, 65 rabitə, 56 körpü, 28 su anbarı, 32 nasos stansiyası, 65 km qaz kəməri, 11 tikinti müəssisəsi düşmən əlinə keçib. Rayon işğal edilərkən əhalinin şəxsi təsərrüfatında olan 26 min başdan çox iri, 53224 başdan çox xırdabuynuzlu heyvanlar qarət olunub. Ümumiyyətlə, işğal nəticəsində rayona 5.346.654.240 AZN dəyərində ziyan vurulub.

Qisas qiyamətə qalmadı

Düşmən nə qədər amansız, qəddar olsa da, qisas qiyamətə qalmadı. Cəbrayıl şəhərinin və bütövlükdə rayonun işğaldan azad edilməsinə gedən yol Cocuq Mərcanlıdan başlayıb. 1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad olunub. Lakin ətrafdakı yüksəkliklər ermənilərin nəzarətində olduğuna görə kənd hələ də təhlükə altında idi.  2016-cı ildə baş vermiş uğurlu Aprel döyüşlərindən sonra Cocuq Mərcanlı kəndi üzərində erməni təhlükəsinə birdəfəlik son qoyuldu. Prezident İlham Əliyev 24 yanvar 2017-ci il tarixində “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamda qeyd olunduğu kimi, aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olmuşdur. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranmışdır. Həmin sənədə uyğun olaraq kənddə genişmiqyaslı layihələr həyata keçirilib. Dövlətimizin başçısı 14 iyun 2017-ci ildə Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpadan sonra açılışında şəxsən  iştirak edib.

Aprel Zəfəri, Cocuq Mərcanlının bərpası tezliklə digər ərazilərimizin də geri qaytarılacağına böyük ümidlər yaratdı. Həmin tarixi anlara isə 44 günlük Vətən müharibəsində şahidlik etdik. Müzəffər Ordumuz Vətən müharibəsinin elə ilk günlərindən düşmən üzərində üstünlüyü ələ aldı. Xatırladaq ki, 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri işğaldan azad edildi.

Dörd il bundan əvvəl oktyabrın 4-də Prezident, Ali Baş Komandan İlham Əliyev Özünün növbəti müjdə tvitlərindən birini paylaşdı. Paylaşım Cəbrayıl şəhərinin işğaldan azad edilməsi ilə bağlı idi. “Bu gün Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”, - deyə dövlətimizin başçısı paylaşımında bildirirdi.

Eyni zamanda, Prezident İlham Əliyev Cəbrayıl şəhərinin işğaldan azad edilməsi ilə bağlı xalqa müraciət ünvanladı. Cəbrayıl işğaldan azad olunan ilk şəhərimiz idi ki, bu da çox böyük rəmzi mənaya malikdir. Oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri işğaldan azad olunub. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 90 kənd işğaldan azad edilib. Cəbrayılın düşmən işğalından təmizlənməsi ilə Azərbaycan-İran sərhədinə dövlət nəzarəti qismən bərpa edilib. Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan digər rayonlara uğurlu əks-hücum həyata keçirmək mümkün oldu. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.

Cəbrayılın xoşbəxt günləri

Tarixi Qələbəmizdən sonra Cəbrayılın da xoşbəxt günləri başlayıb. Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra - 2020-ci il noyabr ayının 16-da Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Dövlətimizin başçısı Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan Bayrağını qaldırıb. Bundan sonra  Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş ərazilərimizə, o cümlədən də Cəbrayıla səfərləri müntəzəm hal alıb. 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edilib. Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak etmiş 12523 hərbi qulluqçu medalla təltif edilib.

Bu gün işğaldan azad olunmuş ərazilərdə sürətli bərpa və quruculuq işləri həyata keçirilir. Göz önündə yeni bir Qarabağ formalaşır. O cümlədən Prezident İlham Əliyev azadlığına qovuşan  Cəbrayılda “KAMaz” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlini qoyub. Eyni zamanda, Prezident 110/35/10 kV-luq “Cəbrayıl” yarımstansiyasının və Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışında iştirak edib. Bundan əlavə, dövlət başçısı Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, Cəbrayıl Memorial Kompleksinin və Cəbrayıl şəhərinin bərpasının təməl daşını qoyub. Bütövlükdə, açılış və təməlqoyma tədbirlərinin siyahısı çox uzundur.

Cəbrayıl şəhərinə ilk köç

Güclü dövlət olan Azərbaycan soydaşlarımızın işğaldan azad olunmuş ərazilərə qayıdışını ləyaqətlə təmin etmək əzmindədir. Böyük Qayıdış Proqramının icrası uğurla təmin edilir və bir-birinin ardınca Qarabağa köç karvanları yola salınır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı bu günlərdə Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. İlkin olaraq Cəbrayıl şəhərinə 36 ailə - 117 nəfər köçürülüb.

Mübariz FEYİZLİ

1Sources