EN

“TDT çərçivəsində gələcəkdə daha ciddi sənədlər imzalanacaq” — Politoloq

“Bu gün Türk Dövlətləri Təşkilatına üzv olan, həmçinin müşahidəçi statusunda olan ölkələr ciddi şəkildə iqtisadi, siyasi, mədəni, hərbi və digər sahələrdə addımlar atmaqdadır. Xüsusilə İkinci Qarabağ müharibəsindən sonra bu inkişaf daha çox hiss edilir”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

S.Hümbətov TDT-nin 3 ildir ki, yaranmasına diqqət çəkərək qarşıda hələ görüləcək çox işlərin olduğunu vurğulayıb:

“Bu təşkilatın institutlaşması üçün zaman lazımdır. Bu təşkilat ilk humanitar sınağını Türkiyədəki zəlzələdə zamanı verdi. Bütün türk dövlətləri Türkiyəyə yardımlar göndərdi, hesab edirəm ki, türk dünyası bu sınaqdan uğurla çıxdı. Hərbi və müdafiə sənayesi sahəsində Türkiyənin son illərdə atdığı böyük addımlar danılmazdır. Bu addımların TDT ölkələri üçün əhəmiyyəti böyükdür. Vətən müharibəsində bu amilin təsir imkanlarını gördük. Orta Asiya türk dövlətləri də artıq Türkiyənin bu potensialından yararlanmağa çalışır. Macarıstan da bu sahədə maraqlıdır. Görüləcək işlər üçün siyasi iradə lazımdır düşünürəm. Gələcəkdə siyasi və iqtisadi sahədə daha ciddi sənədlərin imzalanacağına ümid edə bilərik”.

Qeyd edək ki, 3 oktyabr Naxçıvan müqaviləsinin ildönümü, Türkdilli Ölkələrin Əməkdaşlıq Günüdür. 3 oktyabr 2009-cu ildə türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə iştirakçı dövlətlər - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən imzalanan və Türk Şurasının yaranmasına gətirib çıxaran Naxçıvan müqaviləsi imzalanıb. Müqavilənin imzalanma tarixi olan 3 oktyabr Türkdilli Ölkələrin Əməkdaşlıq Günü elan edilib və hər il qeyd olunmaqdadır.

Törə Zeynallı
Demokrat.az 

Chosen
36
demokrat.az

1Sources