EN

“Narkomaniyaya qarşı mübarizədə dini-mənəvi dəyərlərin rolu” - seminar

Bakı, 3 oktyabr, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunda tələbələrin iştirakı ilə “Narkomaniyaya qarşı mübarizədə dini-mənəvi dəyərlərin rolu” mövzusunda seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminara moderatorluq edən İlahiyyat fakültəsinin dekanı dosent Elnurə Əzizova çıxışında sağlam cəmiyyətin formalaşması baxımından narkomaniya ilə mübarizənin zəruri olduğunu vurğulayıb. O, bu cür seminar və təlimlərə tələbələrin fəal surətdə qoşulmasını tövsiyə edib.

Seminarda Dillər və ictimai fənlər kafedrasının dosenti Elvüsal Məmmədov “Narkomaniyaya qarşı mübarizədə dini-mənəvi dəyərlərin rolu” mövzusunda çıxış edib. Məruzəçi zərərli vərdişlərin getdikcə artan təhlükəsinə toxunub, milli-mənəvi dəyərlərin bu problemin həllində təqdim etdiyi çıxış yollarından söhbət açıb.

E.Məmmədov dini-mənəvi dəyərlərin insan şəxsiyyətinin formalaşmasında mühüm rol oynadığını diqqətə çatdırıb: “Dini-mənəvi dəyərlərimizdə ehtiva olunan və insana əzmkarlıq, iradə, məqsədyönlülük aşılayan motivlər imkan verir ki, fərddə hələ uşaq yaşlarından sağlam mənəvi immunitet formalaşsın və onu zərərli vərdişlərdən qorusun”.

Məruzəçi daha sonra qeyd edib ki, dini-mənəvi dəyərlər insana axirət şüurunu aşılayır, fərd davamlı olaraq hər bir işə məsuliyyətlə yanaşır. Hər hansı bir əməlinin nəticəsini düşünən insan hərəkətlərinə diqqət yetirir ki, bu da zərərli vərdişlərdən uzaq durmaq hissini aşılayır.

Seminar müzakirələrlə davam edib.

Qeyd edək ki, seminar “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində nəzərdə tutulmuş tədbirlər planına əsasən təşkil edilib.

Chosen
14
azertag.az

1Sources