EN

Zəfər müjdəli 4 oktyabr

Zəfər

Bakı, 3 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə oktyabrın 4-nün Cəbrayıl Şəhəri Günü olaraq təsis edilməsi müstəqil Azərbaycan tarixinin böyük əhəmiyyət daşıyan hadisələrindən biridir. Məlumdur ki, təcavüzkar Ermənistan tərəfindən Cəbrayılın işğalının ağır nəticələri olmuş, inzibati, sosial obyektlər, tarixi-memarlıq abidələri məhv edilmiş, təbii sərvətləri isə vəhşicəsinə talanmışdı. Dədə-baba torpaqlarından didərgin düşərək məcburi köçkünə çevrilən sakinlər ölkənin müxtəlif yerlərində yaşamalı olmuşdular. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan dövləti onlara qayğı göstərmişdi.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclis sədrinin müavini professor Musa Qasımlı deyib. O bildirib ki, bu gün Cəbrayıl şəhəri tamamilə yenidən dirçəldilir: “Hər il avqustun 23-ü - Cəbrayılın işğalı günündə rayon sakinləri şəhid məzarlarını ziyarət edib, torpaqların nə zaman azad ediləcəyini düşünüb və buna ümid ediblər. Lakin illər keçdikcə həmin ümid də azalmağa doğru gedib.

Xalqın torpaqların işğaldan azad edilməsinə, qələbəyə qəti inamını Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsinin gedişində yaşayış məntəqələrinin, ilk növbədə, Cəbrayıl rayon mərkəzinin işğaldan azad edilməsi yaratdı. Çətin relyefə baxmayaraq Azərbaycan hərbçisinin qəhrəmanlıq göstərərək Cəbrayıl rayon mərkəzini azad etməsi hərbi-siyasi və mənəvi-psixoloji əhəmiyyət daşımaqla zəfərin müjdəsi oldu.

Cəbrayıl şəhərinin azadlığa qovuşması ilə acılı günlər arxada qaldı. Barbarların dağıtdığı yerlərdə müasir yaşayış binalarının tikilməsi, infrastrukturun qurulması, keçmiş məcburi köçkünlərin daimi yaşayış yerlərinə planlı şəkildə qaytarılması ilə torpaqlarımıza yeni nəfəs gəlir.

Xalqımızın bugünkü və gələcək nəsillərinin, Cəbrayıl rayon sakinlərinin 4 oktyabrı şəhərin azad edilməsi günü kimi bayram etməsi yurd, torpaq sevgisini daha da artıracaq, onlar böyüklük duyğusu yaradan dövlət rəhbəri ilə qürur duyacaqlar”.

 

Chosen
9
azertag.az

1Sources