EN

Bakının yorulan maşınları gecələməyə yer tapa bilmir - Fantastik QARAJ qiymətləri...

Tıxaclı Bakının gündüzlər sıx yollarda var - gəl edib, yorulan maşınları axşamlar gecələmək üçün yer tapa bilmir. Söhbət yeni yaşayış komplekslərində yaşanan qarajsızlıq problemindən gedir. Demək olar ki, tikilən yeni binaların hər birində az da olsa yaşanan bu problem çarəsiz hala gəlib çıxıb. 

Qarajın satış qiyməti çox hallarda sahibinə maşınının qiymətinə başa gəlir. Kirayə qiymətləri sözün həqiqi mənasında isə cib yandırır. 

Mövzu ilə bağlı Referans.az- a əmlak məsələləri üzrə ekspert Elnur Azadov danışıb. Ekspert deyib ki, qarajların satılması ilə bağlı qanunvercilikdə heç nə yoxdur:

"Qaraj istər MTK olsun, istər MMC, bu onun mülkiyyətində olan əmlakdır. MTK- lar var ki, qarajları satışa çıxarır, eləsi də var ki, kirayə verir. Satdığı və ya kirayə verdiyi halda da qiyməti mənzillərin satışı kimi özləri tənzimləyirlər. MTK-nın istədiyi şərti və qiyməti qoyub qarajları satmaq ixtiyarı var. Qaraj sayı adətən mənzil sayından az olur. Şəhərsalma və Tikinti məcəlləsində qarajlarla bağlı hansısa kvota yoxdur. Yəni bina tikərkən qaraj sayının nə qədər olması ilə bağlı sözügedən məcəllədə heç bir qeyd yoxdur. Qarajlarla bağlı məsələ yalnız qalır tikinti şirkətinin öz insafına. Gedib binadan mənzil alırsansa, həmin vaxtı qaraj almırsansa, o demək deyil ki, gələcəkdə sənin maşının olmayacaq. İnsanlar yaşayış kompleksinə köçürlər, müəyyyən vaxtdan sonra ailə böyüyür, maşına ehtiyac olur. Bu zaman bəlli olur ki, qaraj satılıb qurtarıb, ya da varsa, yüksək məbləğdə satılır, icarəyə verilir. Bu zaman istehlakçı zərər çəkir". 

Ekspert bildirir ki, məsələnin həllini tapması üçün ilk növbədə Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik olmalıdır. Mənzil sayının ən azı 70 faizə qədəri qaraj yeri ilə təmin olunmalıdır: 

"Hər yaşayış kompleksinin qiymətinə uyğun olaraq qarajların qiymətləri tənzimlənir. Ağ şəhərdə qarajların aylıq kirayə qiyməti əgər əvvələr 100 - 150 manat idisə, indi 200 - 250 manat olub. Satış qiymətləri isə əvvələr 20 - 25 min manat idisə, indi 35 min manat olub. Yaşayış kompekslərində hazırda bu məsələlər gündəmdədir. Hansısa tikinti şirkəti on il qabaq bina tikib, bunu düşünməyibsə, hazırda orada yaşayan insanlar qaraj çatışmazlığından əziyyət çəkirlər. Qaraj yerləri az olduğundan kirayə və satış qiymətləri ilbəil fantastik şəkildə qalxır". 

Qaraj qiymətləri ilə bağlı kiçik araşdırma elədik. Məlum oldu ki, İçərişəhər metrosu ətrafında satılan qarajların qiyməti 40 - 45 min arası, Elmlər Akademiyası, Nəriman Nərimanov və 20 Yanvar  metrosu ətrafında yerləşən qarjların qiymətləri 58 min manatadək başa gəlir. 28 may metrosu yaxınlığında yerləşən qarajlar 80 min manata satışa çıxarılıb. Qarajların içərisində ən bahalısı müştəriyə105 min manata satışa çıxarılan qarajdır ki, Elmlər Akademiyası metrosu yaxınlığında yerləşir. 

Qarajların kirayə qiymətləri də dəyişkəndir. Qiymətlər 250 manatdan başlamış 500 manatadək dəyişə bilir. 

Şəlalə Babayeva  

Chosen
10
2
referans.az

3Sources