EN

Əli Hüseynli: "Təklif olunan dəyişikliklər hakimlərin seçilməsi prosesinin sürətləndirilməsi məqsədi daşıyır"

Oktyabrın 3-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin payız sessiyasında onlayn formatda ilk iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən e-huquq.az-a verilən məlumata görə, iclası açan komitənin sədri Əli Hüseynli Azərbaycan Respublikası Yeddinci çağırış Milli Məclisinin üzvü seçilmələri münasibətilə komitə üzvlərini təbrik etdi, onlara uğurlar arzuladı.

Komitə sədri bildirdi ki, bugünkü onlayn iclasın gündəliyinə 10 məsələ daxildir. Gündəliyin birinci məsələsi Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2024-cü il payız sessiyasının qanunvericilik işləri planı layihəsidir.

Əli Hüseynli məlumat verdi ki, iş planı komitə üzvlərinə təqdim olunub və orada nəzərdə tutulan ən mühüm məsələ “Beynəlxalq müqavilələr haqqında” qanun layihəsidir. Bu qanun layihəsi dövlətçiliyimiz üçün mühüm əhəmiyyət kəsb edir. Komitə sədri bildirdi ki, iş planı ilə bağlı komitə üzvləri öz təkliflərini təqdim edə bilərlər.

Komitənin payız sessiyası üçün iş planı təsdiq olunduqdan sonra Əli Hüseynli gündəliyin ikinci məsələsi olan “Bir sıra məhkəmələrin hakimlərinin təyinatı ilə bağlı təqdimat” barədə bildirdi ki, sənəddə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə və müxtəlif apellyasiya məhkəmələrinə hakimlərin namizədliyi irəli sürülür.

Sonra onlayn iclasda iştirak edən Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Kərəm Mansurov təqdimat barədə fikirlərini bölüşdü, hakimlərin seçilməsi prosesi, onların fəaliyyətinin qiymətləndirilməsi və digər sahələrdə görülmüş işlərdən danışdı.

Sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov təqdim olunan namizədlər haqqında məlumat verdi.

Gündəliyin növbəti məsələsi olan “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) barədə danışan komitə sədri Əli Hüseynli bildirdi ki, təklif olunan dəyişikliklər hakimlərin seçilməsi prosesinin sürətləndirilməsi məqsədi daşıyır.

Qanun layihəsi barədə məlumat verən Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev layihədə hakimlərin seçilməsi prosesində nəzərdə tutulan yeniliklər barədə məlumat verdi. Bildirdi ki, layihədə vakant hakim vəzifələrinin qısa müddətdə komplektləşdirilməsi məqsədilə hakimlərin seçilməsi prosesinin daha da sürətləndirilməsi təklif olunur. Belə ki, hakimlərin seçilməsi test imtahanı, yazılı imtahan və müsahibə olmaqla üç mərhələdən ibarət olacaq. Eyni zamanda, ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslər hakim təyin olunduqdan dərhal sonra təlimə cəlb ediləcəklər.

Layihədə hakimlərin fəaliyyətinin qiymətləndirilməsi üçün Məhkəmə-Hüquq Şurasının ixtisaslaşmış orqanının – Hakimlərin Qiymətləndirilməsi Komitəsinin yaradılması da nəzərdə tutulur.

Sonra gündəliyin 4-cü məsələsi - Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) barədə komitə üzvü Kamal Cəfərov məlumat verdi.

O, bildirdi ki, bu qanunlara təklif olunan dəyişikliklərin məqsədi antikorrupsiya sahəsindəki milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.

Sonra komitənin sədr müavini Elşən Musayev “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) barədə məlumat verdi.

O, qeyd etdi ki, təklif olunan dəyişiklik uyğunlaşdırma xarakterlidir və qanunvericiliyin daha da təklmilləşdirilməsinə xidmət edir.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəliyin qalan 5 məsələsinin də uyğunlaşdırma xarakterli olduğunu diqqətə çatdırdı. Bunlar “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Arbitraj haqqında” Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1077-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında readmissiya haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Kitabxana işi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Poçt haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi və sonuncu məsələ Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir. (birinci oxunuş)

Komitə üzvlərinin qeyd və təklifləri dinlənildikdən sonra gündəlikdəki qanun layihələri Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olundu.

Onlayn iclasda komitə üzvləri Mübariz Qurbanlı, Fəzail İbrahimli, Kamran Bayramov, Əminə Ağazadə, Bəhruz Məhərrəmov, Azay Quliyev, Erkin Qədirli, Sabir Hacıyev, Nurlan Həsənov və digər rəsmi şəxslər iştirak edirdilər.

Chosen
8
e-huquq.az

1Sources