EN

Gəncləşən, sayı artan İNTİHARLAR: İnsanları bu yoldan NECƏ ÇƏKİNDİRƏK?

İntihar hadisələri barədə xəbərlərə mediada tez-tez rast gəlirik. Bu hadisələrin hər birinin özünəməxsus səbəbi olur. Belə səbəblərdən biri də nişanın geri qaytarılmasıdır. Ailə həyatı qurmaq ərəfəsində olan bəzi gənclər nişan qaytarıldığına görə canlarına qəsd edirlər.
 
Misal üçün, 2014-cü ildə Xaçmaz rayonunda əsgərlikdən yeni qayıdan 1992-ci il təvəllüdlü Şəhriyar Fətəliyev meşədə özünü asıb. Yaxınlarının açıqladığı məlumata görə, onun intiharına səbəb ailə həyatı qurmağa hazırlaşdığı qız tərəfindən nişanın geri qaytarılması olub. 2021-ci ildə Salyan rayonunun Ərəbqardaşbəyli kənd sakini, 2000-ci il təvəllüdlü Könül Bağırova ikinci dəfə nişanı qaytarıldığına görə, yaşadığı evin həyətindəki tövlədə özünü asaraq intihar edib.

 

Bu il sentyabrın 24-də isə oxşar hadisə Masallı rayonunda baş verib. Şərəfə kənd sakini, 33 yaşlı Seymur Həsənov canına qəsd edib. Ailə üzvləri tərəfindən onun üzərindən məktub aşkarlanıb və verilən məlumata görə, mərhum bir müddət öncə nişanı qayıtması səbəbindən belə bir addım atıb. Təbii ki, heç bir halda ölüm, intihar hansısa dərdə çarə deyil. Bununla bağlı dövlət qurumları, vətəndaş cəmiyyəti, media tərəfindən davamlı maarifləndirmə işləri aparılır. Buna rəğmən, yenə də canına qəsd edənlər tapılır.

Mövzu ilə bağlı Medianews.az-a danışan psixoloq Ülviyyə Murtuzova bildirib ki, intiharlar çox dərin və həssas bir məsələdir. Onun sözlərinə görə, bu səbəbdən etalon olaraq intiharın izahını vermək çətindir: “İntiharın bir neçə növü var. Məsələn, çarəsizlikdən, iradəsizlik üzərinə qurulan və çıxış yolunun bu olduğu düşünülən intihar növü mövcuddur. Biz, burada motivin tam olaraq nə olduğunu bilmirik. Nişanın qaytarılması intihara səbəb olacaq qədər böyük və qlobal problem deyil. Bu, cahil və dar düşüncəli insanların atdığı addım ola bilər. Düşünürəm ki, bu məsələ fərqlidir. Burada başqa,  bilmədiyimiz məsələlər çoxdur. İsterik intiharlar var ki, insanlar arasında daha çox aktualdır. “Nə isə etmək istəyirəm” görüntüsünü yaratmaq istəyir və bununla geridönüş edəcəyini düşünür. Həmçinin, “özümü asılmış kimi göstərim, amma xilas olmaq yolum var” kimi fikirləşir. Bəzən bunlar kara gəlmir və əksi olur”.

Psixoloq deyib ki, intiharlar genetik yolla da ötürülür: “Bu, daha çox ata tərəfdən keçir. Bunu artıq səbəb olaraq yox, bəhanə olaraq edir, daha rahat yol kimi görürlər. Bəzən intihar çarəsizlikdən, özlərini ətrafa ifadə edə bilmədikdə də baş verir. Bəzən də utancaq bir vəziyyətə düşüb cəmiyyətdən sonra isə, özü-özündən təcrid olunur və intihar yolunu seçir. Bu, çox ağır göstəricidir. Düşünürəm ki, insanların düşdüyü situasiya və problemlərdən çıxış yolunu tapmaq, iradə və əzmkarlıq göstərməsi üçün danışıqlar mütləqdir. Burada psixoloji immunitet məsələsi var. Bu, mütləq ki, hər kəsdə yaranmalıdır”.

 

 

Chosen
3
3
moderator.az

4Sources