EN

"Hər birimizdə müəllimin hərarətli qəlbinin zərrəciyi var" - Muxtar Nağıyev

"Bu tədbir çox əlamətdar günə həsr olunub". SİA xəbər verir ki, bu sözləri YAP Səbail rayon təşkilatının sədri cənab Muxtar Nağıyev deyib.

Onun sözlərinə görə, 5 oktyabr 1966-cı ildə beynəlxalq Əmək Təşkilatı, YUNESKO-nun birgə təşkilatçılığı ilə çağırılmış beynəlxalq konfransda müəllimlərin statusunun artırılması məqsədilə sənəd imzalandı: "1994-cü ildə YUNESKO-nun təqdimatı ilə həmin tarix beynəlxalq Müəllimlər Günü kimi təsis olundu. Bu, müəllimlərin cəmiyyətin inkişafında, maariflənməsində əhəmiyyətli rolunu qeyd edib müəllim peşəsinə diqqəti yönəltmək məqsədi daşıyırdı. Dünyada 300-dən çox ölkə bu günü qeyd edir. Deməli, dünya müəllim peşəsinə, böyük əməyə qiymət verir.

Azərbaycanda müəllim peşəsinə daima diqqət göstərilib. Sovetlər Birliyi dövründə, 1965-ci ildə SSRİ Ali Sovetinin qəbul etdiyi qərarlardan sonra Azərbaycanda Müəllim Günü qeyd olunmağa başladı. Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə müəllim sənətinə çox böyük qayğı və diqqət göstərildi. Onun rəhbərlik etdiyi dövrdə ölkəmizdə demək olar ki, bütün Respublikada məktəblər tikildi, universitetlər açıldı, təhsilə verilən dəyər ən yüksək səviyyəyə qalxdı. Onun rəhbərliyi dövründə Azərbaycanda təhsil çox yüksək səviyyəyə qalxdı.

Həyatda qazandığımız nailiyyətlərə görə məktəbə, müəllimə borcluyuq. Hər birimizdə müəllimin hərarətli qəlbinin zərrəciyi var. "Mən dünyada müəllimdən şərəfli peşə tanımıram". Müəllimlər haqqında deyilən fikirlər həqiqətən də, çox əhəmiyyət kəsb edir. Müəllimlik böyük fədakarlıq tələb edir. Müəllim peşəsini seçən şəxs fədakardır. Bu peşə o qədər incədir ki, əsl müəllim olmaq istəyən şəxs fədakar, dözümlü, uzaqgörən, qayğıkeş və müdrik olmalıdır. Bu cür müəllimlərimiz Azərbaycanda çoxdur.

Hal-hazırda dünyanın hərbi ekspertləri Azərbaycanın 44 günlük Vətən müharibəsindən danışır. Azərbaycan əsgəri, ordusundan bir nəfər də olsun fərari olmadı. Bu, Azərbaycan müəllimlərinin yetişdirdiyi gənclikdir".

Müəllif: Söylü Ağazadə
Chosen
17
sia.az

1Sources