EN

Bankdan külli miqdarda oğurluq etməkdə təqsirləndirilən şəxsin növbəti məhkəmə prosesi keçirildi

Bakıda "BTB" Bankdan xüsusilə külli miqdarda oğurluq etməkdə təqsirləndirilən şəxs Belarusiya vətəndaşı Babayev Aleksey Ramizovicin və Rusiya vətəndaşı olan Qrinqeviç Serqey Oleqovicin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda Aqşin Şirəliyev şahid qismində ifadə verərək bildirib ki, Serqeyi tanıyıb: "Keçən 2022-ci ilin sentyabr-oktyabr aylarında işlədiyim "Atlas" oteldə gəlib qaldı. Yanına arada bir xanım gəlib-gedirdi. Orada bizim resepşində işləyən şəxsin rus dili ilə problemi olduğuna görə müdaxilə etdim və tanış olduq. Sonra Serqey 2023-cü ilin yanvar ayında mənə dedi ki, bankda saxlanc yeşiyi almaq istəyirəm, mənə kömək elə. Mən də BTB banka gəlib saxlanc yeri almağa ona kömək elədim. Aylığı 40 manat olmaqla 3 aylıq saxlanc yeşiyi götürdü və dedi ki, mən bu yeşiklərə sənəd qoyacam. Mənə 3 aylıq etibarnamə verdi, mən də ona kömək elədim bu saxlanc yeşiyini götürməyə, yəni seyflər mənim icarə olundu. Həmin banka 1-ci axırıncı gəlişim oldu. Mən Serqey deyənə kimi bilmirdim ki, banklarda saxlanc yeşiyi olur. Onun qaldığı otaqda seyf var idi, ancaq o etibar etmədiyindən həmin seyfi istəmədi. Serqey mənə deyirdi ki, Bakıda bahalı obyektlərin tapılıb icarəyə verilməsi ilə məşğulam. Onunla tutulan şəxsin isə bir dəfə bu oğurluq hadisəsi olanda Xətai Rayon Polis İdarəsində görmüşəm".

Vəkil vəsatət verərək xətşünaslıq ekspertizasının keçirilməsini istədi. Belə ki, təqsirləndirilən Aleksey Babayevin ibtidai istintaqda verdiyi ifadə də, özümü təqsirli "bilirəm" ifadəsi əlavə edilib, yəni Aleksey tərəfindən bu söz yazılmayıb.

Ekspert qarşısında belə bir sual qoyulsun ki, bu sözü mən yazmışam ya yox? Bir də Nərimanov rayon Məhkəməsində Alekseyin həbs-qətimkan tədbiri zamanı "özümü qismən təqsirli bilirəm" deməsi ilə bağlı audio-video çəkilişin götürülüb bizə təqdim olunması.

Dövlət ittihamçısı Fuad Musayev vəsatətlərin təmin olunmasına münasibət bildirərək qeyd etdi ki, müşavirə vaxtı sübutlara qiymət verilməsi zamanı tədqiq edərik.

Hakim vəsatətləri müzakirə edərək audio-video yazı ilə bağlı vəsatət təmin etmədi, digər vəsatəti isə sənədlərin tədqiqi mərhələsinə saxladı.

Məhkəmə prosesi oktyabr ayının 31- nə kimi təxirə salındı.

Chosen
16
e-huquq.az

1Sources