EN

İşğaldan azad olunmuş ərazilərdə Özbəkistanın həyata keçirdiyi layihələr yüksək qiymətləndirilir - İİTKM

Hər il oktyabrın 3-ü Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü kimi qeyd edilir. Bu tarix Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasını nəzərdə tutan Naxçıvan Sazişinin (3 oktyabr 2009-cu il) imzalanmasından etibarən qeyd edilir. Türk Dövlətləri Təşkilatı ortaq tarix, ortaq dil, ortaq kimlik və ortaq mədəniyyət kimi dörd təmələ əsaslanır və üzv dövlətlər arasında əməkdaşlıq və həmrəyliyin inkişafı baxımından mühüm regional platformadır.

Fins.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Prof. Dr. Vüsal Qasımlı Özbəkistanın Xarici İşlər Nazirliyi yanında Xarici Siyasət Araşdırmaları və Beynəlxalq Təşəbbüslər Mərkəzinin rəhbəri Sanjar Vəliyev, aparıcı elmi işçisi Abdulaziz Sadiqov, Özbəkistan Respublikasının Azərbaycandakı Səfirinin müşaviri Əhməd Mənsurovdan ibarət nümayəndə heyətini qəbul edib.

Görüşdə V.Qasımlı türk dövlətləri arasında qurulan strateji müttəfiqlik əlaqələri, iqtisadi əməkdaşlığın sürətli inkişafı, ortaq dostluq və qardaşlıq münasibətlərinə toxunub. O həmçinin, Azərbaycan və Özbəkistan arasında imzalanmış müttəfiqlik münasibətləri haqqında müqavilənin iki ölkənin iqtisadi əməkdaşlığının sürətləndirilməsinə təkan verdiyini bildirib, ticarət dövriyyəsinin cari vəziyyəti və hədəfləri barədə danışıb. O, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Özbəkistanın həyata keçirdiyi investisiya layihələrini yüksək qiymətləndirib, kənd təsərrüfatı, toxuculuq və texnologiya kimi spesifik sahələrdə əməkdaşlıq potensialını xüsusi qeyd edib. Eyni zamanda ətraf mühit problemləri və iqlim dəyişikliyi ilə bağlı əməkdaşlığın zəruriliyini vurğulayan V.Qasımlı bərpa olunan enerji layihələrinə yönəlmiş birgə təşəbbüslərin araşdırılmasını və dayanıqlı inkişaf sahəsində ən yaxşı təcrübələrin beynəlxalq platformalarda bölüşülməsini təklif edib.

Özbəkistanın Xarici İşlər Nazirliyi yanında Xarici Siyasət Araşdırmaları və Beynəlxalq Təşəbbüslər Mərkəzinin rəhbəri Sanjar Vəliyev 2027-ci ildən etibarən Özbəkistanın Qoşulmama Hərəkatına sədrlik edəcəyini vurğulayaraq bu rolun üzv dövlətlər arasında sülh və əməkdaşlığı təşviq etmək baxımından əhəmiyyətini qeyd edib. O, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi və töhfəsini xüsusi qeyd ederək regional sabitliyinin gücləndirilməsi təşəbbüslərini alqışlayıb. Eyni zamanda  iqtisadi inkişafı dəstəkləyən və yaşıl maliyyə, bərpa olunan enerji, nəqliyyat, ipək yolu kimi  strateji sahələrdə tərəfdaşlıqları və tədqiqat layihələrini müzakirə etmək üçün mütəxəssislər şurasının yaradılmasını təklif edib və bu məqsədlə İİTKM ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Görüşdə Azərbaycan və Özbəkistan arasında tərəfdaşlığın artırılması istiqamətində ortaq məqsədlər və faydalı tədqiqat istiqamətləri müzakirə olunub. Sonda qonaqlara “Türk Dövlətləri İqtisadiyyatı” kitabı təqdim edilib.

 

Zemfira Ms
Fins.az

Fins.az xəbər verir ki,

Chosen
2
fins.az

1Sources