EN

Vətən müharibəsinin xronikası: 3 oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

Zəfər marafonunun 7-ci günü

– “Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan Bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!”. Bu barədə Prezident, Ali Baş Komandan İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bildirib.

Prezident İlham Əliyev “Twitter” səhifəsində bu gün ordumuzun Tərtər rayonunun Talış kəndini, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı yaşayış məntəqəsini də işğalçıdan geri aldığını vurğulayıb.

– Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində işğaldan azad olunan Madagizin tarixi adını bərpa edərək onun Suqovuşan adlandırıldığını bildirib: “2020-ci il oktyabrın 3-dən Madagizin tarixi adını bərpa edirəm. Bundan sonra Suqovuşan adlandırılır. Qarabağ Azərbaycandır!”

– Bu gün ərzində Azərbaycan Ordusu müəyyən olunmuş istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi və digər döyüş texnikası məhv edilib. Məlumatda, eyni zamanda, müharibənin ilk həftəsi ərzində düşmənin ümumi itkilərinin sayı açıqlayıb: 230-dək tank və digər zirehli texnika, 250 artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 38 hava hücumundan müdafiə vasitələri, 10 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 7 silah-sursat anbarı, 130-dan çox avtomobil texnikası, 1 “S-300” zenit-raket kompleksi.

– Baş prokurorun məlumatına görə, sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutmaları nəticəsində 19 mülki şəxs həlak olub, 63 dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ermənistan silahlı qüvvələrinin dinc əhaliyə qarşı törətdiyi cinayətlərlə bağlı Baş Prokurorluqda 12 cinayət işinə başlanıb.

– Ermənistan ordusunun bölmələri Naftalanın Qaşaltı Qaraqoyunlu kəndini, Tərtər rayonunda məcburi köçkünlər üçün salınmış yaşayış kompleksini, Ağcabədi rayonunun Hindarx qəsəbəsini və digər yaşayış məntəqələrini ağır silahlardan və artilleriya qurğularından atəşə tutub. Onlarla ev və infrastruktur obyekti dağılıb, yaxud ziyan çəkib.

Beləliklə, Vətən müharibəsinin ilk günündən etibarən Azərbaycan Ordusunun gücü və qüdrəti qarşısında aciz qalan düşmən vətəndaşlarımızın sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən, fərdi evləri, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutaraq dinc əhalinin əmlakına ciddi ziyan vurur. Bu hərəkətləri ilə işğalçı barbarlığını, müharibə cinayəti törətdiyini, faşistliyini bir daha sübut edir.

XQ

Chosen
9
5
xalqqazeti.az

7Sources