EN

Azərbaycan tarixi abidələrin qorunmasında UNESCO ilə sıx əməkdaşlıq edir

Azərbaycan

Bakı, 3 oktyabr, AZƏRTAC

Artıq ikinci dəfədir ki, yenidən Bakıda keçirilən Volqa-Xəzər İpək Yolu Dəhlizi: İkinci illik subregional konfrans kimi mühüm tədbirə toplaşırıq. Bu tədbirə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir.

AZƏRTAC xəbər verir ki, bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva Volqa-Xəzər İpək Yolu Dəhlizi üzrə ikinci illik subregional konfransda deyib.

Səbinə Hacıyeva qeyd edib ki, Azərbaycan bir çox beynəlxalq təşkilatlarla yanaşı, tarixi abidələrin qorunması üzrə UNESCO də sıx əməkdaşlıq edir. O, Azərbaycanın bəzi obyektlərinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildiyini xatırladıb.

Dövlət Xidmətinin rəisi əlavə edib: “Bilirsiniz ki, ərazilərimiz 30 ildən artıq işğal altında olub. Bu müddət ərzində vəziyyəti dəyərləndirməyə çalışmışıq. Çox təhlükəli şəraitdə obyektləri, abidələri müşahidə edir, onların hansı vəziyyətdə olduğunu anlamağa çalışırdıq, çünki həmin ərazilərə gedə bilmirdik. Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli Qərarına əsasən, işğaldan azad edilmiş ərazilərdə 705 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb. Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli Fərmanının 7.8-ci bəndinə və Prezident Administrasiyası rəhbərinin 26 sentyabr 2023-cü il tarixli Sərəncamına uyğun olaraq, işğaldan azad edilmiş, o cümlədən antiterror tədbirlərindən sonra nəzarətə götürülmüş ərazilərdə Mədəniyyət Nazirliyi 196-sı Şuşada yerləşən 542 abidənin, o cümlədən 368 tarixi, memarlıq və arxeoloji obyektin inventarizasiyasını aparıb”.

S.Hacıyevanın sözlərinə görə, torpaqlar işğaldan azad edildikdən sonra aşkarlanan bütün abidələr acınacaqlı vəziyyətdə olub və bərpa işləri düzgün aparılmayıb. Bunun ən bariz nümunəsi Şuşadakı tamamilə dağıdılmış məsciddir. Həmçinin 120 obyekt qismən məhv edilib.

“İnventarizasiya zamanı müəyyən edilib ki, bir sıra tarix-mədəniyyət obyektləri, o cümlədən müsəlman dini abidələri ermənilər tərəfindən dağıdılıb, təhqir edilib və tövlə kimi istifadə olunub. Məhz müsəlman dini abidələri tamamilə məhv edilib və ya murdarlanıb. Dövlət Xidməti tərəfindən 2020-ci və 2023-cü illərdə aparılmış inventarizasiyanın yekunlarına əsasən, ilkin mərhələdə 300-dən çox tarix-mədəniyyət abidəsinin vəziyyətinin təhlili nəticəsində müəyyən edilib ki, dövlət reyestrinə daxil olan 51 abidə tamamilə məhv edilib, 120-dən çox obyekt qismən dağıdılıb və ya zərərə məruz qalıb. Bu statistik rəqəmlər ilkin nəticələrdir və hazırda müvafiq işlər davam etdirilir”, - deyə Səbinə Hacıyeva əlavə edib.

Chosen
20
azertag.az

1Sources